NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Zəngəzur dəhlizi üzərində Ordubad

...

Ucqardan tranzit mərkəzə

Azərbaycanın müasir siyasi-diplomatik gücü və iqtisadi potensialı təkcə Cənubi Qafqazın deyil, yaxın regionların da gələcək nəqliyyat, enerji, “yaşıl enerji”, turizm, ticarət və logistika layihələrinin reallaşdırılmasında mühüm rol oynayır. 2020-ci ildə 30 illik erməni işğalına son qoyaraq Qarabağı azad edən Azərbaycan yeni geosiyasi reallıqların formalaşmasına da mühüm təkan verdi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada “oturuşmuş köhnə daşların” yerindən oynadığı yeni mərhələdə Zəngəzur dəhlizi də regionun nəqliyyat və iqtisadi xəritəsini dəyişdirəcək layihələrdən biri kimi diqqət çəkir.

XXI əsrin sülh və əməkdaşlıq layihəsi kimi qiymətləndirilən Zəngəzur dəhlizi ilə regionun uzun illər istifadəsiz qalmış nəqliyyat və iqtisadi potensiallarının yenidən hərəkətə gətirilməsi gözlənilir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu da xüsusi əhəmiyyət daşıyır. Dəhlizin reallaşması Ordubadın uzun illər Azərbaycanın ucqar bölgələrindən biri kimi mövcud olan statusunu dəyişdirərək onu mühüm funksional və tranzit mərkəzlərdən birinə çevirə bilər. Ordubadın tarixi inkişaf yolu, iqtisadi-mədəni potensialı və geostrateji mövqeyi bu perspektivin real əsaslara söykəndiyini göstərir.

Coğrafi mövqedən tranzit üstünlüyünə

Təxminən, 979 kvadratkilometr ərazisi olan Ordubad rayonuna 1 şəhər, 3 qəsəbə və 43 kənd daxildir. Naxçıvan Muxtar Respublikasının cənub-şərqində yerləşən rayon Araz çayı ilə Zəngəzur dağları arasında xüsusi coğrafi mövqeyə malikdir və iki ölkə ilə həmsərhəddir. Uzun illər bu coğrafi mövqe Ordubadın müəyyən mənada ucqar rayon kimi xarakterizə olunmasına səbəb olub. Lakin regionda yaranan yeni nəqliyyat əlaqələri və geosiyasi reallıqlar həmin coğrafi mövqeyə artıq başqa prizmadan baxmağa imkan verir. Zəngəzur dəhlizinin açılması ilə Ordubadın nəqliyyat-logistika imkanlarının genişlənməsi, onun regional iqtisadi əlaqələrdə daha fəal mövqe tutması üçün yeni şərait yarana bilər.

Bu baxımdan, rayonun mövcud nəqliyyat infrastrukturu da xüsusi əhəmiyyət daşıyır. Hazırda Ordubad ərazisində ümumi uzunluğu 225 kilometr olan avtomobil yolları mövcuddur. Bunun 28 kilometri respublika əhəmiyyətli avtomagistral, 4 kilometri şəhərdaxili, 193 kilometri isə kəndlərarası yollardır. Bundan başqa, Bakı-Naxçıvan dəmir yolu xəttinin 50 kilometrlik hissəsi də Ordubad rayonunun ərazisindən keçir.

Beləliklə, nəqliyyat əlaqələrinin genişlənməsi Ordubad üçün yalnız yol imkanlarının artması deyil, həm də yeni iqtisadi fəaliyyət sahələrinin yaranması deməkdir. Yük terminalları, anbar və saxlama məntəqələri, soyuducu anbarlar, qablaşdırma və çeşidləmə mərkəzləri gələcəkdə rayonun logistika potensialının əsas istiqamətlərinə çevrilə bilər.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad bu gün təbii gözəllikləri, qədim tarixi, özünəməxsus memarlıq mühiti, zəngin mədəniyyəti və qonaqpərvər həyat tərzi ilə yanaşı, yeni geosiyasi reallıqlar fonunda strateji mövqeyi ilə də diqqət çəkir. Ordubadın Zəngəzurla əlaqəsi isə yeni məsələ deyil. Şərqi və Qərbi Zəngəzurun, bütövlükdə, Azərbaycanın tərkibində olduğu dövrlərdə rayon bu regionla sıx iqtisadi və təsərrüfat əlaqələrinə malik olub. Əsrlərboyu Ordubad əhalisinin əsas məşğuliyyət sahələrindən olan meyvəçilik və digər yerli istehsal sahələri Zəngəzurda geniş bazarlar tapıb. Bu tarixi əlaqələrin müasir nəqliyyat imkanları ilə yenidən canlandırılması rayonun iqtisadi potensialına yeni dinamizm qazandıra bilər.

Buna nail olmaq üçün isə rayonun iqtisadi imkanları kifayət qədərdir. Dövlət başçısı hələ 2021-ci ilin mayında Ordubadda olarkən rayonun potensialını yüksək qiymətləndirmiş və Zəngəzur dəhlizi üzərində onun inkişafının perspektivlərini vurğulamışdır. Prezident İlham Əliyevin Ordubada göstərdiyi qayğı bir sıra mühüm dövlət sənədlərində, xüsusən də iki il əvvəl şəhərin qədim hissəsinin qoruq elan olunaraq mühafizə olunması ilə bağlı verdiyi Sərəncamda ifadə olunmuşdur.

“Ordubad” brendindən ixrac potensialına

Ordubadın tranzit və logistika imkanlarını artıran əsas amillərdən biri də onun kənd təsərrüfatı potensialıdır. Rayon yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları, xüsusilə meyvəçilik ənənələri ilə tanınır. “Ordubad” brendi son illərdə ölkə daxilində, eləcə də xaricdə daha geniş tanınmağa başlayıb. Tarixi sənədlərdə XIX əsrin ikinci yarısında belə Moskva və Londonda Ordubad məhsullarının satıldığı firma mağazalarının mövcudluğu qeyd edilir. Bu fakt bir tərəfdən rayonun qədim ticarət ənənələrini göstərirsə, digər tərəfdən Ordubad məhsullarının gələcək ixrac potensialı barədə düşünməyə əsas verir.

Hazırda Ordubadda 824 hektar meyvə, 20 hektar giləmeyvə və 6,7 hektar üzüm bağı mövcuddur. Bu göstəricilər rayonun kənd təsərrüfatı potensialının yalnız bir hissəsini əks etdirir. Qarşıdakı dövrdə yerli məhsulların brendləşdirilməsi, müasir emal müəssisələrinin yaradılması, qablaşdırma və çeşidləmə imkanlarının genişləndirilməsi həmin məhsulların daha böyük bazarlara çıxışını təmin edə bilər. Bu baxımdan, Zəngəzur dəhlizi Ordubad üçün, sadəcə, tranzit yol deyil, həm də istehsal olunan məhsulların yeni bazarlara çıxarılması üçün mühüm iqtisadi platforma funksiyası daşıya bilər.

Dəhlizin turizmə açdığı yol

Zəngəzur dəhlizinin Ordubad üçün digər mühüm perspektiv istiqaməti turizmdir. Hazırda Bakıdan Naxçıvana təşkil olunan turlar, əsasən, hava nəqliyyatı ilə həyata keçirilir. Nəqliyyat imkanlarının məhdudluğu, xüsusilə turizm mövsümünün sıx vaxtlarında və hava şəraiti ilə əlaqədar müəyyən çətinliklər yarada bilir. Zəngəzur dəhlizinin açılması isə Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində quru nəqliyyatının genişlənməsi ilə yanaşı, yeni turizm marşrutlarının formalaşmasına da şərait yarada bilər. Bu marşrutların üzərində yerləşən Ordubadın isə turizm baxımından ciddi üstünlükləri var. Ordubad təkcə Naxçıvanın deyil, Azərbaycanın tanınmış turizm məkanlarından biridir. Hətta sovet dövründə Naxçıvana turist səfərlərinin məhdud olduğu vaxtlarda belə Ordubad, Əshabi-kəhf ziyarətgahı və Şahbuzun Batabatı ilə birlikdə regionun diqqətçəkən turizm məkanlarından olub. Müstəqillik illərində isə blokada şəraitinə baxmayaraq, rayon yerli və əcnəbi turistlərin maraq göstərdiyi məkanlardan birinə çevrilib.

Ordubadın üstünlüyü onun təbiət, tarix, arxeologiya, memarlıq, dini irs və kənd həyatını bir arada təqdim edə bilməsidir. Göygöl, Gəmiqaya və Pəzməri şəlaləsi istiqamətləri turistlərin daha çox üz tutduğu məkanlar sırasındadır. Rayonda fəaliyyət göstərən müxtəlif istirahət və iaşə obyektləri də turizm infrastrukturunun formalaşmasına xidmət edir. Eyni zamanda Ordubad şəhərinin tarixi-mədəni mühiti də mühüm turizm resursudur. Şəhərin Üçtürləngə, şərşəhər, Ambaras və Mingis məhəllələri, rayonda fəaliyyət göstərən muzeylər, tarixi abidələr və dini-mədəni irs nümunələri burada mədəni turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu zəngin irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm addımlar atılıb. 2025-ci il iyulun 11-də “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. 2026-cı il fevralın 11-də isə “Ordubad” Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub. Bundan əvvəl 2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Bütün bunlar Ordubadın turizm potensialının yalnız daxili deyil, beynəlxalq səviyyədə də dəyərləndirilməsi üçün mühüm əsaslar yaradır. Lakin qarşıdakı mərhələdə bir məsələ xüsusilə diqqətdə saxlanılmalıdır. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın yeni turizm marşrutlarına qoşulması gözlənilirsə, bu marşrutlar üzərində müasir turizm infrastrukturunun, xüsusilə hotellərin və digər yerləşmə vasitələrinin inkişafı vacib olacaq. Ordubadla yanaşı, Culfa, Şərur, Kəngərli və Şahbuz rayonlarında da bu istiqamətdə yeni imkanların yaradılması gələcək turizm axınlarının səmərəli qarşılanmasına xidmət edə bilər.

Yeni mərhələnin astanasında

Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü və liderliyi ilə regionun nəqliyyat xəritəsini dəyişdirə biləcək strateji layihə kimi qiymətləndirilir. Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm hissəsi kimi bu layihənin reallaşması yalnız nəqliyyat əlaqələrinin bərpası deyil, region ölkələri arasında iqtisadi, ticarət və turizm münasibətlərinin genişlənməsi baxımından da yeni imkanlar yaradacaq. Bu prosesdə Naxçıvanın bütün rayonları kimi Ordubadın da qarşısında yeni inkişaf perspektivləri açılır. Bir vaxtlar coğrafi mövqeyinə görə, Azərbaycanın ucqar rayonlarından biri kimi xarakterizə olunan Ordubadın həmin coğrafi mövqeyi indi onun əsas üstünlüklərindən birinə çevrilə bilər. Tarixi ticarət yollarının, müasir avtomobil və dəmir yolu xətlərinin, kənd təsərrüfatı və turizm potensialının kəsişdiyi bu qədim Azərbaycan şəhəri yeni regional əlaqələr sistemində mühüm funksional mərkəzə çevrilmək imkanına malikdir. Bu baxımdan, Zəngəzur dəhlizi Ordubad üçün, sadəcə, yeni bir yol deyil. Bu, tarixi əlaqələrin bərpası, iqtisadi potensialın genişləndirilməsi, yerli məhsulların yeni bazarlara çıxarılması, turizm imkanlarının artırılması və rayonun regiondakı mövqeyinin yenidən formalaşması üçün yeni mərhələ deməkdir.

Ordubadın qarşısında duran əsas məsələ isə bu imkanları əvvəlcədən düzgün qiymətləndirmək, mövcud potensialı müasir tələblərə uyğun inkişaf etdirmək və onu gələcək regional nəqliyyat-logistika sisteminin fəal iştirakçısına çevirməkdir.

Əli CABBAROV

 

Nəşr edilib : 01.09.2026 10:45