Naxçıvanda baş verən qəzada 1 nəfər xəsarət alıb...
15:13 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.
Dünyaşöhrətli alimin çoxşaxəli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapmışdır. Onun tibb elminə verdiyi töfhələr nəinki respublika, hətta ittifaq səviyyəsində daim yüksək qiymətləndirilmişdir. 1980-ci ildə professor Zərifə xanım Əliyevaya elmi xidmətlərinə və pedaqoji kadrların hazırlanmasındakı fəaliyyətinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə dünyaşöhrətli alim oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. O, SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın olmuşdur.
Tanınmış oftalmoloq alimlər xatirələrində qeyd edirlər ki, professor Zərifə xanım Əliyeva yeniliyi və orijinallığı ilə fərqlənən maraqlı mühazirələri ilə hamının dərin rəğbətini qazanmışdır. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf etmişdir. Akademikin birbaşa rəhbərliyi altında gənc alimlərin və oftalmoloqların böyük bir nəsli yetişmişdir.
İctimai işlərdə də fəal şəkildə iştirak edən Zərifə xanım Əliyeva uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, vaxtının azlığına rəğmən dəvət edildiyi bütün tədbirlərdə iştirakı özünə, sadəcə, mənəvi borc bilirdi. İnsani keyfiyyətləri, hər bir məsələni incəliyi ilə qiymətləndirmək bacarığı, sadə adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə ona böyük kömək göstərirdi.
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün də xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Qəlbi nurla dolu olan Zərifə xanım Əliyeva bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmiş, daim zülmət və qaranlıqla mübarizə aparmışdır. İşığını itirmiş gözlərə nur bəxş etmək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir. Sərəncamda da deyildiyi kimi: “Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır”.
Sevinc HƏSƏNOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər