NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Zülmətdən doğan işıq…

...

Bu gün tarixi roman ustası M.S.Ordubadinin vəfatından 75 il  ötür…

Tale ona böyük bir miras buraxmışdı – çətinliklər, yoxsulluq və erkən yaşda üzərinə düşən məsuliyyət. Atası – gözləri tutulmuş, ömrünün son illərini ağır ehtiyac içində keçirən şair Fəqir Ordubadinin ölümündən sonra hələ 7 yaşlı bir uşaq olan Məmməd və bacısı əmilərinin himayəsinə verilsə də, həyat yenə də onu ayaqda qalmaq üçün mübarizəyə məcbur etdi.

Uşaq yaşda əmək həyatına atılmaq məcburiyyətində qalan Məmməd Səid Ordubadi ipək fabrikində ayda manat yarımla işə başladı. Altı ay işləyib, altı ay oxumaq arzusu onu yormadı. Bu azmin kökündə isə tükənməz bir oxuma həvəsi, biliyə aclıq dayanırdı.

Təhsil həyatına əvvəlcə mollaxanada başlayan Ordubadi, daha sonra Mirzə Baxşı adlı maarifçi bir müəllimin məktəbinə keçdi. Baxşı onun istedadını duydu, bu uşağın adi biri olmadığını anladı. Təhsil haqqı almadı, diqqətini, qayğısını əsirgəmədi. Amma əsl dəyişiklik dövrünün ziyalısı, maarifçi şair Məmməd Tağı Sidqinin təsiri ilə başladı. Üsuli-cədid məktəbi Ordubadinin dünyaya baxışını dəyişdi. Sidqi onu müasir dünyanın elmlərinə, maarifçiliyin alovuna və demokratik fikirlərin işığına yaxınlaşdırdı.

Bununla belə, məktəb günləri ilə yanaşı, mədrəsədə sərf-nəhv və məntiq, ərəb-fars dilləri öyrənmək də onun həyatının ayrılmaz parçası idi. Dördsinifli şəhər məktəbindən sonra oxumağa imkanı olmasa da, o, kitabdan, mütaliədən, öyrənməkdən əl çəkmədi.

Əmək həyatı isə acı idi. İstismarın nə olduğunu anlamadığı vaxtlarda da səssizcə onun altında əzilirdi. Zavodlarda ilk gələn, son gedən idi. “Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim,” – deyə yazırdı sonralar. Amma zamanla bu fədakarlığın, əslində, istismar olduğunu anladı. Əmək haqqının, haqqın tapdandığını gördü. Bu etirazın ilk səsi idi. Zavoddan zavoda qovulsa da, susmadı. Şeirlə, qələmlə etiraz etdi. Zülmə qarşı yazdığı misralarda insanın içini titrədən sətirlər var idi:

“Qorxuruq küləkdən, qorxuruq yeldən,

Ruzumuz asılmış incə bir teldən”.

Onun şeirə gəlişi də təsadüfi olmadı. Uşaqlıqdan atasının poeziya ilə qazandığı yoxsulluğun şahidi idi. Anası belə oğlunun bu yola düşməsinə qarşı çıxırdı. Amma məktəb, müəllimləri, içində gizlənən ilham onu istər-istəməz bu yola sürüklədi. İlk şeirlərini Azərbaycan və fars dillərində yazdı. Və sonra “Şərqi-Rus” qəzetində çap olunan şeiri ilə mətbuat aləminə qədəm qoydu.

1905-ci il inqilabından sonra onun yaradıcılığı yeni nəfəs aldı. O artıq xalqı azadlığa səsləyən bir qələm sahibi idi. “Qəflət” (1906) və “Vətən və hürriyyət” (1907) şeir kitablarında xalqı cəhalətdən ayılmağa çağırdı. “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı isə onun bədii yolunu daha da dərinləşdirdi. O, bu jurnalın felyeton ustalarından birinə çevrildi.

Lakin bu cəsarətli çıxışlar düşmənlər qazandırdı. Mövhumat yuvası olan doğma Ordubadda yaşamaq müşkülə çevrildi. Culfa yeni ünvan oldu – həm təhlükəsizlik, həm də yeni imkanlar baxımından. Burada İran inqilabçıları ilə tanış oldu, “Hümmət” təşkilatına daxil oldu. Qələmi daha da alovlandı: “Nisvani islam”, “Bədbəxt milyonçu” kimi əsərlər inqilabdan aldığı ilhamla ərsəyə gəldi.

Lakin hökumət bu cəsarətli səsə dözə bilmədi. 1914-cü ildə həbs edildi, Saritsinə sürgün olundu. Soyuq, aclıq, xəstəlik onu sarsıtsa da, ruhunu sındıra bilmədi. Yazdı, çap etdirdi, mübarizəsini davam etdirdi.

1918-ci ildə Kommunist Partiyasına daxil oldu. 1920-ci ildən sonra isə artıq Ordubadi təkcə ədib yox, ictimai xadim, maarifçi, redaktor, dramaturq idi. “Koroğlu”, “Nizami”, “Nərgiz” operalarının librettosu, “Dumanlı Təbriz” pyesi, “Beş manatlıq gəlin” komediyası onun çoxşaxəli yaradıcılığının bariz nümunələridir.

Sonda isə onun adı Azərbaycan ədəbiyyatında əbədi yaşadı. Mükafatlar, ev-muzeylər, büstlər... Amma onun üçün ən böyük mükafat – xalqın yaddaşında maarifin, mübarizənin, zəhmətin və vicdanın simvolu kimi qalmaq idi.

Məmməd Səid Ordubadi – bir zəhmətkeş uşaqdan xalqın maarif fədaisinə çevrilən bir ömrün adı.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 01.05.2025 10:27