FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Dil bir xalqın milli kimliyinin, tarixinin və mədəniyyətinin güzgüsüdür. Hər bir söz, hər bir ifadə o xalqın düşüncə tərzini, dünyagörüşünü və ruhunu özündə daşıyır. Lakin qloballaşan dünyada dillər daim bir-birinə təsir göstərir, söz mübadiləsi qaçılmaz bir gerçəkliyə çevrilir. Bu proses bəzən zərurət kimi, bəzən isə təhlükə kimi qəbul edilir. Sözsüz ki, qədim tarixi sahib olan Azərbaycan dili də bu prosesdən kənarda qalmayıb. Sovet dövründən miras qalan rus sözlərindən tutmuş bu gün gündəlik həyatımıza sızan ingilis ifadələrinə qədər dilimiz müxtəlif təzyiqlərlə üz-üzədir. Bəs bu mübadiləni necə tarazlamaq lazımdır. Hansı sözü qəbul etmək, hansından isə qorunmaq lazımdır?
Bizi maraqlandıran bu kimi suallara cavab axtarmaq üçün AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu ilə söhbətləşdik:
– Elxan müəllim, dilimizə xarici sözlərin daxil olmasına münasibətiniz necədir? Bu zərurətdir, yoxsa dilimizin saflığının pozulması?
– Əvvəla deyim ki, dil elastik bir xüsusiyyətə malikdir. Yəni istənilən dil başqa dillərdən müəyyən sözlər götürə bildiyi kimi, başqa dillərə də özündən sözlər verə bilir. Bu baxımdan, kütləvi şəkildə xarici sözlərin dilə daxil olması, təbii ki, narahatlıq yaradır. Hətta deyərdim ki, qəbuledilməzdir. Amma Azərbaycan dilində qarşılığı olmayan, yaxud hələ ki, qarşılığını ifadə edən söz və söz birləşməsi yoxdursa, biz bu sözü istər-istəməz xarici dillərdən vətəndaşlığa qəbul edə bilərik. Bundan sonra həmin sözün leksik bazamızda özünə qalıcılıq qazanıb-qazanmayacağını zaman müəyyən edəcək. Məsələn, internet, “Whatsapp”, modem, Wİ-Fİ kimi sözlər bu gün bizə alınma söz kimi daxil olub. Gəlin, indi dilimizdə vətəndaşlıq qazanmış telefon, avtobus, televizor, universitet kimi sözlərə baxaq. Bunlar da alınma sözlərdir. Lakin dilimiz onlara vətəndaşlıq verib artıq.
Sualınızın ikinci hissəsinə cavab olaraq deyim ki, bu zərurətdir. Burada dilimizin saflığı pozulmur. Dilimizin saflığı bu şəkildə pozulur. Məsələn: “Oldu” əvəzinə “ok” deyiriksə, “dükan” əvəzinə “market” deyiriksə, “xırdavat” əvəzinə “abur-cubur” deyiriksə, bu nümunələri kifayət qədər artırmaq olar, bu zaman dilimizin saflığı istər-istəməz pozulur.
– Bəs sovetlər dövründə rus, müasir dövrdə isə ingilis sözlərinin dilimizə daxil olması arasında hansı fərqləri görürsünüz? Bunlardan hansı dilimiz üçün daha təhlükəlidir?
– Hər iki amil dilimiz üçün təhlükəlidir. Sovet dövründə olan təhlükənin miqyası daha böyük idi. Çünki birbaşa sovet ölkəsi idik, qərarlar “böyük paytaxtdan” gəlirdi. “Moskvanın sözü” deyə bir qorxulu anlayış var idi. Və o “Moskvanın sözü” rus dilindəydi, ona da məcbur idin ki, rus dilində cavab verəsən. Hələ də dilimizdə bizdən asılı olmadan istifadə etdiyimiz rus dilindən keçən sözlər var: “uje”, “vopşe”, “davay”, “nol”, “prostı” və onlarla belə sözlər. Halbuki bu sözlərin hər birinin Azərbaycan dilində qarşılığı var. Yaxşı haldır ki, gənc nəsil artıq bu sözlərdən istifadə etmir və dövlət səviyyəsində dilimizin saflığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində rus dilindən gələn təhlükə qismən azalıb. İngilis dilindən olan sözlərin dilimizə daxil olması da, rus dili qədər olmasa da, var. Bu rus dilindəki qədər də təhlükəli deyil. Çünki o zaman məcbur idik. İndi isə seçim özümüzündür. Ona görə də əvvəldə dediyim kimi dövlət səviyyəsində görülən tədbirlər bunu tənzimləyə bilir. Həmçinin dilin monitorinqini aparan, dilə nəzarət edən, dili öyrənən, araşdıran qurumlar bu cür sözlərin Azərbaycan dilində qarşılığını axtarır, öyrənir, mümkündürsə, yaradıcılıq yoluyla məfhum qarşılığını ortaya qoyur.
– Xarici sözlərin dilimizə daxil olması və korlamasının qarşısının alınması ilə bağlı hansı tədbirlər görülməlidir? Təhsil ocaqları və aidiyyəti qurumlar hansı addımları atmalıdır ?
– Xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə bu sahədə mühüm və əhəmiyyətli işlər görüb. Hələ sovet dövründə dilimizin dövlət dili kimi konstitusiya səviyyəsində təsbit edilməsindən tutmuş ana dilindəki cəsarətli çıxışlarına qədər. Həmçinin müstəqil Azərbaycanın rəhbəri kimi bu sahədə dövlət qərarları imzalayıb. Ulu Öndərin siyasi xəttinin davamçısı kimi bu gün ölkə başçısı İlham Əliyev də həmin ənənəni dövrün tələblərini də nəzərə alaraq daha uğurla davam etdirir. Hələ bir neçə ay bundan əvvəl mənim də çalışdığım AMEA-nın 80 illik yubileyi zamanı çıxışında ana dili ilə bağlı qeyd etmişdi ki, “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır”.
Bu fikirlərdən hər bir qurum, hər bir vətəndaş, hər bir azərbaycanlı öz payını götürməli və dilimizin saflığının keşiyində durmalıyıq. Ona görə də bu sahəyə cavabdeh qurumlar və ayrı-ayrı qeyri-hökumət təşkilatları lazımi tədbirlər görürlər və bu artıq bir dövlət tapşırığı, vətəndaşlq məsuliyyətidir. Ailədən, bağçalardan, orta və ali məktəblərdən başlamaqla yetişən yeni nəsillərə dilimizin saflığının qorunması yolları təbliğ olunmalı, bu sadəcə, tapşırıq və göstərişlərlə deyil, praktik tətbiq yoluyla da ötürülməli, təlqin edilməlidir. Dövlət başçımızın “Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” sözləri bu barədə nə qədər həssas və diqqətli olmalıyıq fikrini də bizə aşılayır.
– Dilimizin qorunmasında ədəbiyyatın rolu nə dərəcə önəmlidir?
– Ədəbiyyat bu baxımdan həm birbaşa, həm də dolayısıyla önəmli rol oynayır. Bir dilin imkanlarının genişliyini göstərmək ədəbi əsərlər vasitəsilə mümkündür. Ona görə də şair və yazıçılarımız yaradıcılıqlarını yeni fikirlərlə yanaşı, yeni sözlərə də yönəltməlidirlər. Bir dilin zənginliyi nə qədər arxaik dildən yeni sözlər alıb onları dövriyyəyə daxil edərək mümkündürsə, bir o qədər də yeni məfhumları ifadə edə biləcək söz yaradıcılığına diqqət ayırmaqla da mümkündür. Ona görə də ədəbiyyat, ədəbi əsərlər bu sahədə əsas meydandır. Şair və yazıçılar da bu meydanda öz hünərlərini göstərməlidirlər.
Elxan müəllimin fikirləri bir daha sübut edir ki, dilimizin qorunması nə yalnız dilçilərin, nə də təhsil ocaqlarının məsələsidir. Bu, hər bir Azərbaycan vətəndaşının şəxsi məsuliyyətidir. Ailədə danışılan hər söz, məktəbdə öyrədilən hər cümlə, ədəbi əsərlərdə işlədilən hər ifadə dilimizin gələcəyini formalaşdıran kiçik, lakin əhəmiyyətli addımlardır. Əgər onu yaşadanlar varsa, dil itməz. Azərbaycan dili isə onu sevənlərin, qoruyanların və gündəlik həyatında yaşadanların sayəsində nəsillərdən-nəsillərə ötürülməkdə davam edəcək. Unutmayaq ki, dilimizi qorumaq özümüzü qorumaqdır.
Rafiq TƏHMƏZ
Digər xəbərlər