Ceyhun Bayramov İstanbula səfər edib
09:10 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Türkiyə Cümhuriyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Elmi Şurasının 19 may 2026-cı il tarixli qərarı ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Türk dünyası elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Qızıl Ulduz” medalı ilə təltif edilib. Bu münasibətlə professor Əbülfəz Quliyevlə həmsöhbət olduq.
Əbülfəz Quliyev bildirdi ki, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin ildən təyinatla Naxçıvana göndərilib. Elə həmin dövrdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialında fəaliyyətə başlayıb. O vaxtdan etibarən taleyini elm və təhsillə bağlayan alim uzun illər ərzində pedaqoji fəaliyyət göstərib, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək elmi fəaliyyətini uğurla davam etdirib.
Müsahibimiz qeyd etdi ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılıb. Həmin Sərəncamın icrası çərçivəsində 2003-cü ilin fevral ayında bölməyə dəvət olunan Əbülfəz Quliyev o vaxtdan bu günədək AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır.
Alim bildirib ki, onun elmi araşdırmalarının əsas istiqamətlərini Türk dünyası, qədim türk yazılı abidələri və türkologiya təşkil edir. Bununla yanaşı, son 25 ildən artıq müddətdə Naxçıvanın mənəvi-mədəni irsinin, ədəbi mühitinin, dialekt və şivələrinin, eləcə də görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığının öyrənilməsi ilə məşğul olur.
Professor vurğulayıb ki, bu gün türk dövlətləri arasında əməkdaşlıq və birliyin möhkəmləndirilməsi geosiyasi baxımdan xüsusi aktuallıq kəsb edir. Dövlət başçılarının zirvə görüşlərində ortaq türk dili, ortaq əlifba, ortaq terminologiyanın formalaşdırılması, türk xalqlarının mənəvi birliyinin və mədəni əlaqələrinin inkişafı kimi məsələlər geniş müzakirə olunur. Onun sözlərinə görə, bütün bunlar Türk dünyasının daha sıx inteqrasiyasına və gələcək inkişafına mühüm zəmin yaradır.
Əbülfəz Quliyev qeyd edib ki, Türkiyə ilə elmi əlaqələrinin formalaşmasında həmin ölkədə beş il universitet müəllimi kimi fəaliyyət göstərməsi mühüm rol oynayıb. Bu müddətdə tələbələrə qədim türk yazılı abidələri fənnini tədris edib, türk alimləri ilə sıx əməkdaşlıq qurub və müxtəlif ortaq layihələrin həyata keçirilməsində iştirak edib.
Müsahibim bildirir ki, Türkiyə Cümhuriyyəti Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı ilə təltif olunması onun Türk dünyasının elm və təhsilinin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsinin göstəricisidir.
“Bu mükafat mənim üçün böyük qürur mənbəyidir. Eyni zamanda gələcək fəaliyyətimdə Türk dünyasının elm, təhsil və mədəni əlaqələrinin daha da inkişafı istiqamətində daha böyük məsuliyyətlə çalışmağa stimul verir”, – deyə professor Əbülfəz Quliyev vurğulayıb.
Qeyd edək ki, professor Əbülfəz Quliyevin rəhbərliyi və iştirakı ilə Naxçıvanın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı elmi məqalə, monoqrafiya və kitablar nəşr olunub. Eyni zamanda ötən dövr ərzində muxtar respublikanın elm və təhsil müəssisələri üçün onlarla gənc elmi-pedaqoji kadr hazırlanaraq cəmiyyətə qazandırılıb.
Zəhra VƏLİYEVA
Digər xəbərlər