NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Azərbaycan qlobal kibertəhlükəsizlik cəbhəsində söz sahibi olan rəqəmsal güc mərkəzinə çevrilir

...

Azərbaycan Respublikası son illərdə bu istiqamətdə həyata keçirdiyi köklü islahatlarla beynəlxalq arenada öz rəqəmsal qüdrətini nümayiş etdirdi və qlobal kibertəhlükəsizlik reytinqlərində 21 pillə birdən yüksələrək mühüm strateji qələbəyə imza atdı. Bu nailiyyət, həmçinin ölkəmizin milli təhlükəsizlik arxitekturasının yeni və müasir bir mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir. Azərbaycanın bu uğurlu yüksəlişinin əsasında Prezident İlham Əliyevin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə 2023-2027-ci illər Strategiyası” dayanır. Sözügedən sənəd ölkənin informasiya təhlükəsizliyi sahəsindəki fəaliyyətini pərakəndəlikdən çıxararaq vahid, mərkəzləşdirilmiş və konseptual bir müstəviyə daşıdı.
Məsələyə münasibət bildirən AKTA eksperti Hüseyn Əsgərli də bu irəliləyişi ölkədə son illər rəqəmsal təhlükəsizlik istiqamətində həyata keçirilən sistemli tədbirlərin real nəticəsi kimi dəyərləndirir: “Məhz “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə 2023-2027-ci illər Strategiyası”nın təsdiqlənməsi bu sahədə institusional yanaşmanın formalaşmasına mühüm təkan verib. Bu strategiya yalnız texniki müdafiə tədbirləri ilə məhdudlaşmır, eyni zamanda insan resurslarının hazırlanması, kritik informasiya infrastrukturlarının qorunması, dövlət qurumlarında kibertəhlükəsizlik idarəetməsinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi mühüm istiqamətləri də əhatə edir”.
Ekspertin fikrincə, xüsusilə dövlət qurumlarında kibertəhlükəsizlik üzrə institusional yanaşmanın gücləndirilməsi, monitorinq və insidentlərə operativ reaksiya imkanlarının artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və kritik infrastruktur obyektlərinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın mövqeyinə müsbət təsir göstərən əsas amillərdəndir. Bununla yanaşı, o qeyd edir ki, kibertəhlükəsizlik sahəsi dinamik və davamlı inkişaf tələb edən istiqamətdir. Qarşıdakı dövrdə süni zəka, kritik infrastruktur təhlükəsizliyi, dövlət informasiya sistemlərinin dayanıqlılığı və yerli kadr potensialının inkişafı əsas prioritet istiqamətlərdən biri olaraq qalmalıdır.
Azərbaycanın rəqəmsal gələcəyinin manifesti olan 2023-2027-ci illər strategiyası ölkəmizi addım-addım yeni bir zirvəyə daşıyır. Beynəlxalq reytinqlərdə 21 pilləlik bu inkişaf sarsılmaz icra mexanizminin reallığa çevrilən bəhrəsidir. Bu yol xəritəsi Azərbaycanı qlobal kibertəhlükəsizlik cəbhəsində söz sahibi olan bir nəhəngə çevirməkdədir. Biz artıq rəqəmsal təhdidləri hələ yoldaykən zərərsizləşdirən, öz vətəndaşının kiberməkandakı hər bir izini ən uca səviyyədə mühafizə edən rəqəmsal bir güc mərkəziyik və bu yolda addımlarımız tamamilə qətiyyətlidir.

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 03.06.2026 20:04