FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə Azərbaycanda kənd təsərrüfatı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə son iyirmi ildə bu sahənin inkişafı məqsədilə həyata keçirilən ardıcıl dövlət proqramları kəndlərin sosial-iqtisadi simasını dəyişib, kənd təsərrüfatının modernləşməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Bununla belə son illərdə müşahidə olunan müasir inkişaf perspektivləri yeni yanaşmaların və daha çevik idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. Bu baxımdan, kənd təsərrüfatının inkişafına dair hazırlanan yeni Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısı aqrar sahənin hazırkı vəziyyətini geniş şəkildə təhlil edərək yeni proqramın əsas hədəflərini, qarşıda duran prioritet vəzifələri və bu sahənin daha dinamik inkişafı üçün atılacaq strateji addımları müəyyənləşdirdi...
Dövlət dəstəyi və regional inkişaf proqramları fonunda aqrar tərəqqi
Azərbaycanda son 20 ildə aqrar sahənin inkişafı ilə bağlı məsələləri təhlil edən zaman 2004-cü ildə qəbul edilən ilk regional inkişaf proqramını xüsusi vurğulamaq lazımdır. Hansı ki, həmin proqram o dövrdə Azərbaycanın kənd təsərrüfatında dönüş nöqtəsi hesab olunmalıdır. Həmin vaxt bölgələrdə qazlaşdırma, demək olar ki, yox səviyyəsində idi, elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanırdı, avtomobil yolları yararsız vəziyyətdə, su təminatı isə tükənmək üzrə idi. Sonrakı illərdə həyata keçirilən ardıcıl regional inkişaf proqramları nəticəsində bu problemlərin böyük hissəsi aradan qaldırıldı. Bu gün işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkədə qazlaşdırma səviyyəsi 96 faizə çatıb, elektrik təminatında heç bir problem yoxdur, əksinə, Azərbaycan enerji ixrac edən ölkəyə çevrilib. Respublikamız bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bundan başqa, son illərdə minlərlə kilometr avtomobil yolu çəkilib, iri su anbarları və kanallar tikilib, kəndlərdə sosial infrastruktur – məktəblər, xəstəxanalar, xidmət obyektləri yenilənib. Beləliklə, bütün bunlar kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırıb.
Kənd təsərrüfatının inkişafında dövlət dəstəyi və subsidiyalar mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan dünyada kənd təsərrüfatına genişmiqyaslı subsidiyalar tətbiq edən nadir ölkələrdən biridir. Prezident İlham Əliyev müşavirədə bu məsələyə xüsusi toxunaraq ölkəmizdə tətbiq edilən subsidiya mexanizmini yüksək qiymətləndirdi: “Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr, təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir”.
Aqrar inkişaf və ərzaq təhlükəsizliyi: çağırışlar və hədəflər
Dövlətimizin aqrar siyasətinin başlıca prioritetlərindən hesab olunan subsidiyalaşma fermerlərin işini xeyli asanlaşdırır, onların istehsala marağını artırır və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edir. Fermerlərə yanacaq və gübrə güzəştləri təqdim edilir, güzəştli kreditlər ayrılır, metodiki dəstək göstərilir. Bu yanaşmanın nəticəsi olaraq vaxtilə zəifləyən bir sıra ənənəvi sahələr yenidən dirçəlib. Dövlət başçısının müşavirədə də qeyd etdiyi kimi, pambıqçılıqda istehsal 20 min tondan 360 min tona qədər yüksəlib, baramaçılıq və ipəkçilik yenidən inkişaf etməyə başlayıb, fındıqçılıq üzrə Azərbaycan dünya miqyasında ön sıralarda – 3-4-cü yerdə qərarlaşıb. Üzümçülük, sitrusçuluq və intensiv bağçılıq kimi sahələrdə də əhəmiyyətli irəliləyiş əldə olunub. Bununla belə, qlobal miqyasda baş verən proseslər kənd təsərrüfatına yeni çağırışlar yaradır. Dünyada gedən müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji böhranı və iqlim dəyişiklikləri bir daha göstərir ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Azərbaycan bəzi məhsullar üzrə özünü tam təmin etsə də, müəyyən sahələrdə asılılıq qalmaqdadır. Misal üçün qeyd etmək olar ki, ölkə buğdaya olan tələbatının yalnız 55 faizini daxili istehsal hesabına ödəyir. Hər il ölkəyə 1 milyon tondan çox buğda idxal olunur ki, bu da ərzaq təhlükəsizliyi baxımından ciddi siqnaldır. Bitki yağları, kərə yağı, dənli-paxlalılar və bəzi heyvandarlıq məhsulları üzrə də idxaldan asılılıq mövcuddur. Digər tərəfdən, tərəvəz, meyvə, bostan məhsulları, yumurta, şəkər və duz kimi sahələrdə Azərbaycan artıq yalnız daxili tələbatı ödəməklə kifayətlənmir, həm də ixrac həyata keçirir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu mənfi və müsbət məqamlara toxunaraq yeni Dövlət Proqramında əsas hədəflərin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi olduğunu vurğulaması gələcək inkişaf üçün mühüm yol xəritəsidir. Qarşıda duran əsas vəzifə dövlət dəstəyi ilə fermer zəhmətinin birləşdirilməsi, torpaqdan daha səmərəli istifadə olunması və aqrar sektorun ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilməsidir.
Kənd təsərrüfatının inkişafı təkcə iqtisadi məsələ deyil, həm də sosial sabitlik və regionların gələcəyi ilə bağlı strateji əhəmiyyət daşıyan bir sahədir. Müasir dövrdə bütün dünyada müşahidə olunan urbanizasiya prosesi, yəni insanların kəndlərdən şəhərlərə axını Azərbaycanda da müəyyən risklər yaradır. Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda da bu məsələ xüsusi diqqət mərkəzində olub. Buna görə də qarşıda duran əsas məqsədlərdən biri kənd həyatını daha cəlbedici etmək, insanları öz doğma torpaqlarında yaşamağa və çalışmağa həvəsləndirməkdir. Bu məqsədə nail olmaq üçün kəndlərdə sosial xidmətlərin keyfiyyəti artırılmalı, infrastruktur daha da gücləndirilməli, məşğulluq imkanları genişləndirilməli və kənd təsərrüfatı daha gəlirli sahəyə çevrilməlidir. Kənd yerlərində yalnız əkinçilik və heyvandarlığın deyil, eyni zamanda xidmət sektorunun, kənd turizminin və kiçik sahibkarlığın inkişafı da təmin olunmalıdır. Dövlətimizin başçısı kənd təsərrüfatı ilə bağlı müşavirədə bu məsələyə toxunaraq vurğulayıb ki, ötən illərdə icra edilən Regional İnkişaf proqramlarının əsas məqsədi bölgələrdə hərtərəfli şərait yaratmaq idi. Beləliklə, insanlar öz doğma yurdlarında qalsın, dədə-baba torpaqlarında çalışsın, ənənəvi fəaliyyət sahələrini davam etdirsin və layiqli həyat sürsünlər. Proqramların hədəfləri sırasında bölgələrdə həm əkin-biçin, həm turizm imkanlarının genişləndirilməsi, həm də xidmət sektorunun yüksək səviyyədə təşkil olunması yer alıb. Beləcə, kənd təsərrüfatının inkişafı yalnız ərzaq təhlükəsizliyinin təmin olunmasına deyil, həm də kəndlərin dirçəldilməsinə, regionların sosial-iqtisadi cəhətdən güclənməsinə və insanların öz torpaqlarına bağlılığının daha da möhkəmlənməsinə xidmət edir. Sitat: “Onu da bildirməliyəm ki, biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də, bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də, 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik”.
Aqrar modernləşmə: texnologiya, su ehtiyatları və investisiya
Aqrar sahədə inkişafa təkan verən yeni yanaşmalardan biri torpaqlardan daha səmərəli istifadə edilməsidir. Hər bir torpaq sahəsinin dəqiq analizi aparılmalı, hansı məhsulun hansı ərazidə daha məhsuldar yetişdirilə biləcəyi müəyyən edilməlidir. Bu məqsədlə elektron xəritələşdirmə, peyk müşahidələri, rəqəmsal analiz sistemləri və süni intellekt texnologiyalarından istifadə nəzərdə tutulur. Belə yanaşma həm məhsuldarlığı artıracaq, həm də fermerlərə daha düzgün qərar verməyə imkan yaradacaq. Digər tərəfdən, su təminatı da kənd təsərrüfatının inkişafında əsas məsələlərdən biri olaraq qalır. Son illərdə Taxtakörpü, Şəmkirçay və digər iri su anbarlarının tikilməsi, kanalların yenidən qurulması bu sahədə mühüm irəliləyiş yaradıb. İşğaldan azad olunmuş ərazilərdə yerləşən su ehtiyatlarının yenidən istifadəyə verilməsi də böyük potensial deməkdir. Qarabağda və Şərqi Zəngəzurda, ümumilikdə, 25 faiz su ehtiyatları formalaşır. Onlardan səmərəli istifadə etməklə, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Qarşıdakı dövrdə yeni su anbarlarının tikintisi, Şirvan və Qarabağ kanallarının modernləşdirilməsi, müasir suvarma sistemlərinin daha geniş tətbiqi məhsuldarlığın artmasına ciddi təsir göstərəcək.
Qeyd edilən bütün bu və digər infrastruktur quruculuğunun timsalında məhsuldarlığın artırılması yeni proqramın əsas hədəflərindəndir. Hazırda taxıl üzrə orta məhsuldarlıq hər hektara 3,2 ton təşkil edir və məqsəd bunu 5 tona çatdırmaqdır. Pambıqçılıqda da məhsuldarlıq son illərdə xeyli artsa da, qarşıya daha yüksək nəticələr qoyulub. Eyni zamanda intensiv bağçılığın genişləndirilməsi, yeni istixana komplekslərinin yaradılması, soyuducu anbarların tutumunun artırılması və emal sənayesinin inkişafı da nəzərdə tutulur. Bu prosesdə özəl sektorun və xarici investorların rolu xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafı üçün milyardlarla manat vəsait ayrılması planlaşdırılır və eyni zamanda bu sahədə daha böyük irəliləyişə nail olmaq üçün sahibkarların fəallığı vacibdir. Xüsusilə idxaldan asılı olan məhsulların yerli istehsalının artırılması, emal müəssisələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsi üçün yeni investisiyalara ehtiyac var. Prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı müşavirədə bu istiqamətlərin hər birinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq, qarşıya qoyulan hədəflərə çatmaq üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısının dərinməzmunlu nitqi belə deməyə əsas verir ki, Azərbaycan kənd təsərrüfatında son illər mühüm uğurlar qazansa da, qarşıda daha böyük məqsədlər dayanır. Bu baxımdan 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatını yeni inkişaf mərhələsinə çıxarmağı hədəfləyir. Məqsəd təkcə istehsal həcmlərinin artırılması deyil, eyni zamanda kənd yerlərinin inkişaf etdirilməsi, əhalinin torpaqla bağlılığının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və Azərbaycanın regionda aqrar sahədə daha güclü mövqeyə malik ölkəyə çevrilməsidir. Bu hədəflərə nail olmaq üçün dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır və kənd təsərrüfatının davamlı inkişafı məhz bu birgə fəaliyyət nəticəsində təmin edilə bilər. Prezident İlham Əliyevin dediyi kimi: “Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir”.
Nail ƏSGƏROV
Digər xəbərlər