FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
1995-ci ildə həqiqi hərbi xidmətə yollanan Asəf Xəlilov üçün Vətənin müdafiəsi müqəddəs borc idi. Qarabağda xidmət etdiyi günlərin birində düşmən təxribatı nəticəsində sağlamlığını itirən gənc əsgərin həyatında yeni və çətin bir mərhələ başladı. Lakin sonrakı illərdə göstərilən sosial dəstək, reabilitasiya xidmətləri və dövlət qayğısı onun gündəlik həyatının daha rahat qurulmasına imkan verib.
Culfa rayonunun Teyvaz kənd sakini olan Asəf Xəlilov deyir ki, şəhid ailələrinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən diqqət onların sosial rifahının yüksəldilməsində mühüm rol oynayır: “Həyat şəraitimizin yaxşılaşdırılması, sosial təminatımızın gücləndirilməsi istiqamətində görülən işlər böyük əhəmiyyət daşıyır, bizə dövlətimizin daim yanımızda olduğunu hiss etdirir.
Azərbaycanda şəhid ailələrinin, müharibə veteranlarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial müdafiə siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər qəbul olunan Dövlət proqramları, imzalanan fərman və sərəncamlar müvafiq kateqoriyadan olan insanların sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə xidmət edir”.
Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Döyüşlərdə iştirak etmiş və sağlamlığını itirmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və reabilitasiya xidmətlərinə çıxışının təmin olunması, məşğulluq imkanlarının artırılması və sosial həyata fəal qoşulmaları diqqət mərkəzində saxlanılır.
Bu sahədə mühüm xidmətlərdən biri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin strukturuna daxil olan Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzində aşağı və yuxarı ətraf protezləri, müxtəlif növ ortezlər və korsetlər hazırlanır, həmçinin onların təmiri həyata keçirilir. Eyni zamanda istifadəçilərə təqdim olunan reabilitasiya vasitələrindən düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilir.
Cari ilin yanvar-may ayları ərzində mərkəz tərəfindən 71 nəfər əlilliyi olan şəxsə, ümumilikdə, 99 protez-ortopedik xidmət göstərilib. Həmçinin 97 nəfər 292 ədəd müxtəlif təyinatlı reabilitasiya vasitəsilə təmin olunub.
Əlilliyi olan şəxslərin xidmətlərə əlçatanlığını artırmaq məqsədilə səyyar xidmətlər də təşkil edilir. Bu xidmətlər sayəsində mərkəzə gəlmək imkanı olmayan şəxslər yaşadıqları ünvanda reabilitasiya vasitələri ilə təmin olunurlar. Cari ilin yanvar-may ayları ərzində muxtar respublikanın şəhər və rayonlarında təşkil edilən səyyar xidmətlər çərçivəsində 78 nəfərə 187 ədəd reabilitasiya vasitəsi təqdim olunub.
Səyyar reabilitasiya xidmətinin əsas məqsədi müvafiq kateqoriyadan olan şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, onların sosial reabilitasiyasının təmin edilməsi və cəmiyyətə fəal inteqrasiyasına dəstək göstərilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sosial həssas əhali qruplarının rifahının yüksəldilməsinə, dövlətin sosial siyasətinin icrasında inklüzivliyin gücləndirilməsinə xidmət edir.
Asəf Xəlilov da göstərilən bu xidmətlərdən yararlanan vətəndaşlardandır. O, ötən illərdə mənzil və avtomobillə təmin olunduğunu, mütəmadi tibbi müayinələrdən keçdiyini və ehtiyac duyduğu reabilitasiya vasitələrinin yaşadığı ünvana çatdırıldığını bildirir.
“Bu gün həyatımızın müxtəlif sahələrində dövlət qayğısını hiss edirik. Müalicə və müayinələrdən yararlanır, ehtiyac duyduğumuz reabilitasiya vasitələri ilə təmin olunuruq. Bütün bunlar gündəlik həyatımızı daha rahat qurmağa kömək edir”, – deyə müsahibim vurğulayır.
Görülən işlər bir daha göstərir ki, ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri cəmiyyətin həssas qruplarının rifahının yüksəldilməsinə yönəlib. Müharibə iştirakçıları və əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların reabilitasiya xidmətləri ilə əhatə olunması və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini təsdiqləyir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər