Ceyhun Bayramov İstanbula səfər edib
09:10 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Dil bizim kimliyimiz, tariximiz və mədəniyyətimizin aynasıdır. O bizi bir millət kimi birləşdirən, köklərimizi gələcəyə bağlayan ən güclü mənəvi dəyərlərdən biridir. Ana dilimizdə danışdıqca biz yalnız sözlərdən istifadə etmirik, həm də əsrlərin yaddaşını, babalarımızın nəfəsini və xalqımızın ruhunu da yaşadırıq. Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, həm də bir xalqın varlıq səbəbidir.
Ana dilimizi qorumaq və yaşatmaq keçmişimizə hörmət, gələcəyimizə isə məsuliyyətdir. Çünki bir xalqın dili zəiflədikcə onun kimliyi də zamanla solğunlaşır. Bu səbəbdən hər birimiz dilimizi sevərək, düzgün istifadə edərək və onu nəsildən-nəslə ötürərək böyük bir vəzifəni yerinə yetirmiş oluruq.
Dünya dilləri bizə müxtəlif qapılar açır, yeni biliklərə, mədəniyyətlərə yol göstərir. Bu, böyük bir üstünlükdür. Lakin bu zənginlik içində ən vacibi öz ana dilimizin dəyərini itirməməkdir. Çünki başqa dilləri öyrənmək bizi zənginləşdirsə də, ana dilimiz bizi biz edən əsas dayağımızdır.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar fikirlərini bizimlə bölüşdü. O bildirdi ki, dil hər bir millətin yalnız ünsiyyət vasitəsi deyil, həm də onun milli vəsiqəsidir. Onun sözlərinə görə, dilin ölməsi bir millətin də sıradan çıxması deməkdir.
Azərbaycan dili əsrlərin ağır sınaqlarından şərəflə çıxmış, formalaşaraq bu günümüzə qədər inkişaf edib gəlmiş və sabaha doğru inamla irəliləyən ən dəyərli dillərdən biridir. Bu dil dünya dilləri arasında öz axıcılığı, zəngin ifadə imkanları və dərin mənəvi tutumu ilə seçilir və sevilir. Lakin tarixboyu Azərbaycan dili müxtəlif təzyiqlərə və mədəni təsirlərə məruz qalmışdır. Müxtəlif dövrlərdə baş verən işğallar və siyasi dəyişikliklər dilimizin inkişafına da təsirini göstərmişdir. Xüsusilə ərəb istilasından sonra Azərbaycan dilinin lüğət tərkibinə çoxlu sayda ərəb mənşəli sözlər daxil olmuşdur. Eyni zamanda uzun müddət saray mühitində fars dilinin üstünlük təşkil etməsi nəticəsində bu dil dövlət idarəçiliyində və ədəbi mühitdə daha geniş istifadə olunmuş, hətta bir çox şair və yazıçılar əsərlərini bu dildə qələmə almağa məcbur olmuşlar.
Şair qeyd etdi ki, dahi Nizami Gəncəvi “Leyli və Məcnun” əsərini ana dilində yazmaq istəsə də, dövrün ədəbi və siyasi tələblərinə uyğun olaraq əsərini fars dilində yazmalı olmuşdur. Buna baxmayaraq, Azərbaycan dili zamanla öz mövqeyini qoruyaraq inkişaf etmiş, zənginləşmiş və bu günümüzə qədər gəlib çatmışdır.
Orta əsrlərdən etibarən şairlərimizin ana dilində bədii əsərlər yaratması ədəbi dilin formalaşmasında mühüm mərhələ olmuşdur. İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və digər böyük söz ustaları ana dilində yazdıqları əsərlərlə Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir göstərmiş, onun ifadə imkanlarını genişləndirmişlər. Bununla yanaşı, Bəxtiyar Vahabzadə də ana dilinin saflığının qorunmasını hər bir insanın mənəvi borcu hesab etmiş, dilin yad təsirlərdən qorunmasının vacibliyini xüsusi olaraq vurğulamışdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə hər zaman yüksək qiymət vermiş, onun qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. Daha sonra Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə latın qrafikalı Azərbaycan əlifbası ilə kitabların və klassik ədəbiyyat nümunələrinin nəşri ilə bağlı imzalanan Sərəncam bu sahədə yeni mərhələ açmışdır. Bu qərar nəticəsində Azərbaycan dilinin müasir yazı sistemi daha da möhkəmlənmiş, klassik irsin yeni nəsillərə çatdırılması geniş vüsət almışdır.
Asim müəllimin sözlərinə görə, latın əlifbasına keçid həm də Azərbaycanın türkdilli xalqlarla yaxınlığını daha da gücləndirmişdir. Bunun nəticəsində ortaq türk əlifbası ideyası da ortaya çıxmışdır. Güman olunur ki, gələcəkdə bu ideya daha geniş şəkildə həyata keçiriləcək və türk xalqları arasında mədəni və dil birliyi daha da möhkəmlənəcəkdir.
Müasir dövrə nəzər saldıqda müsahibimiz qeyd edir ki, bu gün ölkəmizin müxtəlif küçələrində, mağaza və restoranların qarşısında xarici dillərdə yazılmış reklam və elanlar diqqət çəkir. Əslində isə xarici qonaqlar üçün məlumatın anlaşılması məqsədilə ana dilində yazılan sözlərin yanında sadə işarələr və ya qısa tərcümələrdən istifadə etmək kifayət edər. Məsələn, “mağaza”, “yeməkxana”, “restoran” kimi sözlər Azərbaycan dilində yazılaraq həm də simvollarla dəstəklənə bilər. Ana dilinin qorunması yalnız gündəlik danışıqda deyil, şəhər mühitində, lövhələrdə və reklamlarda da özünü göstərməlidir. Çünki dil xalqın tarixi yaddaşı, mənəvi dəyəri və milli kimliyidir. Bu səbəbdən reklamlarda və elanlarda xarici dillərə həddindən artıq üstünlük verilməsi ana dilinin saflığı baxımından narahatlıq doğurur. Bəzən insanlar mənasını tam anlamadıqları ingilis və ya digər dillərdə olan ifadələrə daha çox üstünlük verirlər.
Asim Yadigar qeyd edir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qəbul olunan Dövlət proqramlarında Azərbaycan dilinin inkişafı və mühafizəsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Çünki milli dəyərlərini qoruya bilməyən xalq zamanla öz kimliyini itirə bilər. Bu dəyərlərin ən mühümü isə ana dilimizdir. Ana dilimizi yaşatsaq, digər milli və mənəvi sərvətlərimizi də qoruyub gələcək nəsillərə ötürə bilərik.
Zəhra VƏLİYEVA
Digər xəbərlər