NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Dünyanın nüfuzlu universitetlərində Kibertəhlükəsizlik ixtisası üzrə təhsil almaq istəyən naxçıvanlı şagird

...

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən şagirdlərdən biri də Naxçıvan şəhərində yerləşən M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbin şagirdi Əli Cəfərli olub. Əldə etdiyi nəticə ilə həm məktəbinin, həm də Naxçıvanın qürur mənbəyinə çevrilən gənc, uğurunun sirlərini və gələcək planlarını “Şərq qapısı” ilə bölüşüb.

Əli Cəfərli bildirdi ki, təhsil aldığı müddətdə yerli və beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edib. O, Lütfi Zadə adına Məntiq Olimpiadasında qızıl medal, SASMO və AMO olimpiadalarında qızıl və gümüş medallar, Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında isə bürünc medal qazanıb. Dərslərdən əlavə mütaliə ilə məşğul olduğunu, xüsusilə detektiv janrında əsərlər oxumağı sevdiyini bildirdi. Əli proqramlaşdırma sahəsinə maraq göstərdiyini və Python proqramlaşdırma dilini öyrəndiyini qeyd edib. O, asudə vaxtlarında basketbol məşqlərində də iştirak edir.

Maksimum nəticə əldə etmək üçün ilboyu məqsədyönlü şəkildə hazırlaşdığını vurğulayan şagird bildirib ki, müəllimlərin verdiyi tapşırıqları vaxtında yerinə yetirib və mövzuları dərindən mənimsəməyə çalışıb. Onun buraxılış imtahanında əsas hədəfi maksimum nəticə göstərmək olub. İmtahandan sonra qapalı tipli sualların cavablarını yoxladığını və onların hamısının düzgün olduğuna əmin olduğunu bildirən şagird açıq tipli suallarla bağlı müəyyən tərəddüdlərinin qaldığını söyləyib. Nəticələr açıqlananda bütün fənlər üzrə maksimum nəticə əldə etdiyini görməsinin ona böyük sevinc yaşatdığını vurğulayan Əli ilboyu çəkdiyi zəhmətin bəhrəsini görməkdən qürur duyduğunu bildirib.

Gələcək planlarından danışan Əli Cəfərli dünya üzrə nüfuzlu universitetlərdə Kibertəhlükəsizlik ixtisası üzrə təhsil almaq istədiyini bildirib. O, ali təhsilini başa vurduqdan sonra həmin sahədə peşəkar fəaliyyət göstərməyi və əldə etdiyi biliklərlə ölkəsinə fayda verməyi qarşısına məqsəd qoyduğunu deyib.

Əlinin anası Səadət Nuriyeva da oğlunun uğuru ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Əlinin əvvəlki illərdə yerli və beynəlxalq olimpiadalarda qazandığı nailiyyətlər onun yüksək nəticə əldə edəcəyinə ümid yaratsa da, maksimum nəticəyə nail olmağın heç də asan olmadığını bilirdilər.

 “Əli bu uğur üçün çox zəhmət çəkib. Qarşısına məqsəd qoyanda ona çatmaq üçün bütün gücünü ortaya qoyur. Bu nəticə onun ilboyu göstərdiyi səylərin və əzmkarlığının bəhrəsidir. Nəticəni gözləyirdik, amma maksimum bal topladığını eşidəndə yenə də çox həyəcanlandıq və sevindik”, – deyə o bildirib.

Valideyn qeyd edib ki, Əlinin qazandığı uğur yalnız ailəsi üçün deyil, onu tanıyan hər kəs üçün qürurvericidir. Bu nəticə gənc nəslə məqsədyönlü çalışmağın və zəhmətin insanı uğura apardığını bir daha göstərir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 02.06.2026 15:35