NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Fermerlərə dəymiş ziyan dövlət tərəfindən 7 iş günü müddətində ödəniləcək

...

Ölkəmizdə qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatı bəzən təbii hadisələrdən qaynaqlanan müxtəlif risklərlə müşayiət olunur. Belə ki, əkinçilikdə məhsuldarlıq və fermerlərin gəlirləri üçün hava şəraiti əsas faktordur. Elə bu səbəbdən son günlərdə muxtar respublika ərazisində müşahidə olunan dəyişkən hava şəraiti və yağan dolu kənd təsərrüfatından yan keçməyib. Dolu nəticəsində zərərçəkmiş təsərrüfat sahibləri və əkinlər barədə məlumat almaq üçün Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədovla həmsöhbət olduq.

Müsahibimizin sözlərinə görə, dolu hadisəsi ilə bağlı fondun qaynar xəttinə artıq bir neçə müraciət daxil olub. Əsasən, muxtar respublikanın Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb. Elə ilk müraciətin Şahbuz rayon Türkeş kəndindən olan fermer tərəfindən qeydə alındığını bildirən Sərxan Məmmədov, eyni zamanda onu da qeyd etdi ki, taxıl və arpa sahələrinə daha çox zərər dəydiyi müşahidə olunub. Fondun rəhbəri zərər dəymiş sahələrdə olaraq müşahidələr apardığını da nəzərimizə çatdırdı. Bununla yanaşı, taxıl və arpa sahələrindən başqa meyvə bağlarının da dolu nəticəsində ziyan gördüyünü qeyd edən müsahibimiz yağan dolu nəticəsində məhsulun bir qisminin tələf olmaqla yanaşı, əmtəə görünüşü pozularaq keyfiyyətinə ciddi ziyan dəydiyini bildirdi. Sərxan Məmmədov hələ ki, gözləmə müddətində olduqlarını, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləğinin dəqiqləşdiriləcəyini qeyd etdi. Müsahibimiz onu da bildirdi ki, bu proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan dövlət tərəfindən yeddi iş günü müddətində ödəniləcək.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 05.05.2025 18:35