NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Heydər Əliyev kuboku” uğrunda futzal turnirinə start verilib

...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futzal turnirinə start verilib. 
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdiyi yarışda 20 komanda iştirak edir.
Turnirin açılış mərasimi mayın 16-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilib. Tədbirdə çıxış edən rəsmilər yarışın sağlam həyat tərzinin təşviqi, idmanda kütləviliyin artırılması və dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
İlk oyunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komandası ilə "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC qarşılaşıb. Görüş teleradio təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar 4 qrupa bölünüb. Qrup mərhələsindən sonra ən yaxşı nəticə göstərən komandalar “play-off” mərhələsində mübarizəni davam etdirəcək. Yarışın qaliblərinə diplom, medal və hədiyyələr, çempion komandaya isə “Heydər Əliyev kuboku” təqdim olunacaq.

Nəşr edilib : 16.05.2026 12:29