NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Heydər Əliyev su anbarında su ehtiyatı maksimum həddə çatıb

...

Naxçıvan Muxtar Respublikasının içməli və suvarma suyu təminatında mühüm rol oynayan Heydər Əliyev su anbarında su ehtiyatı son illərin ən yüksək səviyyəsinə çatıb. Ümumi həcmi 100 milyon kubmetr olan strateji əhəmiyyətli su anbarında hazırda faydalı su həcmi tam doldurularaq 94 milyon 20 min kubmetrə çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə anbarda cəmi 40 milyon kubmetr su ehtiyatı mövcud idi. Beləliklə, bir il ərzində su anbarındakı ehtiyat iki dəfədən çox artıb.

Heydər Əliyev su anbarında müşahidə olunan bu artımın səbəbləri, mövcud vəziyyətin su təminatına təsiri və cari suvarma mövsümü ilə bağlı məsələlər barədə Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Texniki istehsalat və suyun balansı şöbəsinin müdiri Fərman Fərzəliyevlə həmsöhbət olduq.

O bildirdi ki, bu artımın əsas səbəbi cari ilin qış və yaz aylarında müşahidə olunan bol yağıntılar, dağlıq ərazilərdə formalaşan zəngin qar ehtiyatları və çaylarda su sərfinin yüksəlməsidir. Məlum olduğu kimi, 2025-ci il Naxçıvan Muxtar Respublikasında quraq il kimi yadda qalmışdı. İl ərzində yağıntıların az düşməsi, hava temperaturunun yüksək keçməsi və su mənbələrində səviyyənin aşağı enməsi su təsərrüfatına təsirsiz ötüşməmişdi. Bir sıra ərazilərdə suvarma suyu ilə təminatda müəyyən çətinliklər yaransa da, mövcud su ehtiyatlarının düzgün idarə olunması, arx və kanalların təmizlənməsi, hidrotexniki qurğuların saz vəziyyətdə saxlanılması və digər tədbirlər nəticəsində vəziyyət nəzarətdə saxlanılmışdı. Lakin ötən ilin sonlarından başlayaraq yağıntıların miqdarında müşahidə olunan artım vəziyyətin dəyişməsinə səbəb olub. Xüsusilə qış aylarında yağan qar və yaz mövsümündə qeydə alınan intensiv yağışlar su ehtiyatlarının bərpasına mühüm təsir göstərib. Hazırda muxtar respublikanın bütün su anbarlarında toplanan ümumi su ehtiyatı 293 milyon 740 min kubmetr təşkil edir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 192 milyon 936 min kubmetr olmuşdu. Bu da su ehtiyatlarında 100 milyon kubmetrdən artıq artımın qeydə alındığını göstərir.

Fərman Fərzəliyev qeyd etdi ki, su ehtiyatlarının artması cari suvarma mövsümünün daha etibarlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Mart ayının 1-dən etibarən başlanan suvarma mövsümü hazırda da intensiv şəkildə davam etdirilir. Mövcud ehtiyatlar kənd təsərrüfatı sahələrinin mütəmadi və tam şəkildə suvarılmasına şərait yaradır ki, bu da məhsuldarlığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 Müsahibim vurğuladı ki, muxtar respublikanın əsas su təminatçısı olan  Heydər Əliyev su anbarı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Su anbarı vasitəsilə Naxçıvan və Babək şəhərlərinin, eləcə də bir sıra ətraf kəndlərin içməli suya olan tələbatı ödənilir. Bununla yanaşı, 10 min hektardan artıq əkin sahəsi də məhz bu mənbədən suvarma suyu ilə təmin olunur. Hazırda anbarın maksimuma yaxın doluluq səviyyəsində olması həm əhalinin içməli su təminatının davamlılığı, həm də kənd təsərrüfatı sahələrinin suvarılması baxımından əlverişli şərait yaradır. Bu vəziyyət cari mövsümdə su təminatının daha sabit və etibarlı şəkildə həyata keçirilməsinə imkan verir. Çaylarda su sərfinin artması, su anbarlarına daxil olan suyun həcminin yüksəlməsi və yeraltı su ehtiyatlarının bərpası kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərir, məhsuldarlığın artırılmasına və su çatışmazlığı ilə bağlı risklərin azalmasına mühüm töhfə verir.

Fərman Fərzəliyev sonda bildirdi ki, cari ildə müşahidə olunan su bolluğu gələcək illərdə də eyni mənzərənin davam edəcəyi mənasına gəlmir. İqlim dəyişiklikləri və yağıntıların qeyri-sabit xarakteri nəzərə alınaraq, su ehtiyatlarından hər zaman səmərəli və qənaətlə istifadə olunması vacibdir. Həm içməli, həm də suvarma suyunun düzgün idarə olunması, su itkilərinin qarşısının alınması və mövcud ehtiyatlardan məqsədyönlü istifadə gələcək illərdə su təminatının dayanıqlılığının qorunmasının əsas şərtlərindən biri olaraq qalır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 05.06.2026 10:42