NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

İrsi musiqi, hədəfi şəfa olan yeniyetmə

...

Bəzi insanlar sənətin, xüsusilə də musiqinin birbaşa mərkəzində dünyaya göz açırlar, notlar isə onların ilk əlifbası olur. Naxçıvan Şəhər Ə.Cavid adına 6 nömrəli İncəsənət Məktəbinin 5-ci sinif şagirdi Murad Rəhimov məhz belə bir mühitdə, əsl musiqiçi ailəsində böyüyür.

Muradın musiqiyə gəlişi, sadəcə, bir təsadüf deyil, ailədən gələn böyük bir irsin və ilhamın nəticəsidir. Valideynlərinin hər ikisi pianoçudur. Atası, Respublika müsabiqəsinin laureatı və Prezident mükafatçısı Səxavət Rəhimov hazırda Naxçıvan Dövlət Universitetində gənc pianoçular yetişdirir. Anası Ülviyyə Rəhimova isə Naxçıvan Musiqi Kollecində bu zərif sənətin sirlərini tələbələrinə sevgiylə öyrədir. Muradın sənət əhatəsi bununla da bitmir, xalası da məhz onun təhsil aldığı Ərtoğrol Cavid adına məktəbdə konsertmeyster kimi fəaliyyət göstərir.

Atasını tez-tez səhnədə görmək, oradakı o sehrli ab-havanı hiss etmək Muradda musiqiyə qarşı böyük bir həvəs oyadıb. Lakin evdə daim piano sədalarının yüksəlməsinə rəğmən Murad özünə fərqli və olduqca zərif bir sirdaş da seçib. O, skripka ifaçısıdır. Ağır və möhtəşəm piano irsinin kölgəsində skripkanın həzin, duyğulu tellərinə can vermək gənc musiqiçinin daxili dünyasının zənginliyindən, sənətə olan fərqli baxışından xəbər verir.

Bu həvəsin, musiqi duyumunun və çəkilən zəhmətin bəhrəsidir ki, gənc Murad musiqi məktəbinin keçirdiyi bir çox tədbir və festivallarda fəal iştirak edir. Onun bu yoldakı nailliyyətlərindən biri isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən Muxtar Respublika Müsabiqəsində öz həmyaşıdları arasında 3-cü yerə layiq görülməsidir.

Lakin Muradın məşğuliyyəti təkcə musiqi ilə məhdudlaşmır. O, çoxşaxəli maraq dünyası olan bir yeniyetmədir. Dərslərini böyük məsuliyyətlə oxumaqla yanaşı, idmana da vaxt ayırır. Şahmatın gətirdiyi zehni gərginlik, futbolun həyəcanı və tennisin dinamikası onun gündəlik həyatının ayrılmaz bir hissəsidir.

Ən maraqlısı isə odur ki, belə güclü musiqi geninə və skripka ifaçılığındakı uğurlarına rəğmən Murad musiqini özü üçün ecazkar bir hobbi, ruhun dincəldiyi bir liman kimi görür. Onun gələcək hədəfi, əsl xəyalı və ürəkdən bağlandığı peşə isə tamam başqadır. Murad həkim olmaq istəyir. İnsanlara şəfa vermək, onların həyatına toxunmaq arzusu onun qəlbində musiqi qədər dərin bir yer tutur.

Ailəsindən aldığı intizam, səhnədə qazandığı özünəinam və idmandan öyrəndiyi mübarizə ruhu, yəqin ki, gələcəyin ağxalatlı həkimi Muradın ən böyük köməkçiləri olacaq. Kim bilir, bəlkə də, illər sonra o həm insanların canını sağaldan uğurlu bir həkim, həm də skripkanın tellərində və pianonun dillərində möcüzələr yaradan bir sənətsevər kimi tanınacaq.

         Səmayə RƏSULOVA

Nəşr edilib : 30.05.2026 10:19