NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Kəndin dirçəlişi – humanitar və mədəni təhlükəsizliyin əsas sütunu

...

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər aqrar sektorun inkişaf prioritetləri ilə yanaşı, Azərbaycanın gələcək humanitar-mədəni inkişaf modelini müəyyənləşdirən mühüm strateji yanaşmanı da əks etdirir. Dövlət başçısının çıxışında iqtisadi göstəricilərlə bərabər, kənd insanının rifahı, sosial dayanıqlıq, milli ənənələrin qorunması, regionların humanitar inkişafı və kənd mədəni irsinin davamlılığı xüsusi diqqət mərkəzində olub.

Azərbaycan kəndi tarixboyu istehsal məkanı kimi fəaliyyət göstərib və xalqımızın milli kimliyinin, folklorunun, adət-ənənələrinin, ailə institutunun və mənəvi dəyərlərinin qorunduğu əsas sosial-mədəni mühit olub. Bu baxımdan, kənd təsərrüfatının inkişafı milli mədəniyyətin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Prezident İlham Əliyevin kəndlərin inkişafı ilə bağlı ortaya qoyduğu strateji yanaşma kənd həyatının iqtisadi və mədəni inkişafını əhatə edir.

Son iyirmi ildə Azərbaycanda həyata keçirilən regional inkişaf proqramları kəndlərin sosial həyatını əsaslı şəkildə dəyişib. Qazlaşdırma, elektrik enerjisi təminatı, yol infrastrukturu, su təchizatı, məktəb və xəstəxana tikintisi kənd yerlərində həyat keyfiyyətini yüksəldib və insan kapitalının inkişafına mühüm töhfə verib. Bu dəyişikliklər kənd təsərrüfatını iqtisadi fəaliyyət sahəsi olmaqla bərabər, sosial sabitliyin, milli təhlükəsizliyin və mədəni davamlılığın vacib elementi kimi formalaşdırıb.

Kəndin inkişafı xalq yaradıcılığının qorunmasına xidmət edir. Azərbaycan xalçaçılığı, ipəkçilik, üzümçülük, baramaçılıq, çayçılıq və digər ənənəvi təsərrüfat sahələri əsrlərboyu xalqın məişəti ilə mədəniyyətini birləşdirən əsas istiqamətlər olub. Müşavirədə baramaçılığın və ipəkçiliyin yenidən dirçəldilməsi ilə bağlı səsləndirilən fikirlər iqtisadi fəallığın artmasına və qədim sənət ənənələrinin bərpasına şərait yaradır. Şəki ipəkçilik məktəbi, Qarabağ xalçaçılığı, Lənkəran çayçılıq ənənələri və digər regional təsərrüfat istiqamətləri Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir.

Prezident İlham Əliyevin “Kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın” fikri yeni humanitar və mədəni konsepsiyanın əsasını təşkil edir. Urbanizasiyanın sürətlənməsi bir çox ölkələrdə sosial problemlərlə yanaşı, milli-mədəni kimliyin zəifləməsinə də səbəb olur. Kəndlərin boşalması folklorun, dialektlərin, qədim sənətkarlıq nümunələrinin və ailə ənənələrinin tədricən itməsi riskini yaradır. Azərbaycanda məqsəd kənd həyatını müasir standartlara uyğunlaşdırmaq, insanları doğma torpaqlarında saxlamaq, kənd mühitini yaşatmaq və milli irsi qorumaqdır.

Bu yanaşma gənclər siyasəti baxımından böyük əhəmiyyət daşıyır. Kənd yerlərində yeni iş yerlərinin açılması, aqroparkların yaradılması, intensiv bağçılıq və istixana komplekslərinin genişləndirilməsi regionlarda məşğulluğun artmasına səbəb olur. Bu, miqrasiyanın azalmasına, ailələrin sosial rifahının yaxşılaşmasına və sosial bərabərliyin təmin olunmasına gətirib çıxarır. Eyni zamanda gənclərin öz doğma bölgələrinə bağlılığı möhkəmlənir, kənd həyatına maraq artır və milli-mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsi üçün sağlam sosial mühit formalaşır.

Müşavirədə ərzaq təhlükəsizliyi məsələsinin ön plana çəkilməsi humanitar təhlükəsizlik baxımından mühüm mesaj idi. Müasir dünyada müharibələr, nəqliyyat zəncirlərinin qırılması və iqlim dəyişiklikləri ərzaq təminatını təkcə iqtisadi məsələ olmaqdan çıxararaq dövlətlərin strateji təhlükəsizlik sahəsinə çevirib. Azərbaycan bu çağırışları nəzərə alaraq daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yeni mərhələyə keçib.

Ərzaq təhlükəsizliyi ilə yanaşı, milli qida mədəniyyətinin qorunması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mətbəxi müxtəlif regionların kənd təsərrüfatı ənənələri əsasında formalaşıb. Quba meyvəçilik məktəbi, Aran pambıqçılığı, Lənkəran sitrusçuluğu, Qarabağ üzümçülüyü və digər sahələr xalqın gündəlik həyatını, qonaqpərvərlik ənənələrini və kulinariya mədəniyyətini formalaşdırıb. Bu baxımdan, kənd təsərrüfatının inkişafı milli mətbəxin və qastronomiya irsinin qorunmasına xidmət edir.

Xüsusilə buğda, bitki yağları, ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısının açıqladığı rəqəmlər göstərir ki, kənd təsərrüfatında əldə olunan nailiyyətlər böyükdür, lakin yeni dövr daha yüksək məhsuldarlıq və texnoloji modernləşmə tələb edir.

Burada diqqətçəkən əsas məqamlardan biri insan amilinə verilən önəmdir. Fermerlər üçün subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, metodik tövsiyələr, təlimlər, güzəştli kreditlər və kənd təsərrüfatı sığortasının genişləndirilməsi kənd insanının sosial müdafiəsini gücləndirən addımlardır. Bu siyasət kənd əhalisinin dövlətə inamını artırmaqla yanaşı, sosial sabitliyi və mədəni bağlılığı möhkəmləndirir.

Prezident İlham Əliyevin çıxışında torpaqdan səmərəli istifadə, süni intellekt və peyk texnologiyalarının tətbiqi kimi məsələlər xüsusi yer tutub. Bu yanaşma göstərir ki, Azərbaycan kənd təsərrüfatını ənənəvi modeldən innovativ və rəqəmsal inkişaf mərhələsinə keçirməyi hədəfləyir. Müasir texnologiyaların tətbiqi həm məhsuldarlığın artmasına, həm də kənd əməyinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, kənd həyatının ənənəvi dəyərləri qorunur və müasir inkişaf modeli formalaşır.

Azad edilmiş ərazilərdə yaradılan su anbarları, intensiv bağçılıq layihələri və aqrar infrastrukturun qurulması isə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi ilə yanaşı, həmin torpaqlara həyatın, mədəniyyətin və tarixi yaddaşın qayıdışını təmin edən mühüm humanitar missiyadır. Ağalı kəndi ətrafında yaradılmış intensiv bağçılıq nümunəsi göstərir ki, “ağıllı kənd” modeli gələcəkdə regionların sosial və mədəni inkişafının əsas istiqamətlərindən birinə çevriləcək.

2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı kənd təsərrüfatının inkişafına yalnız iqtisadi investisiya deyil, həm də insan kapitalına və milli-mədəni irsə yönələn strateji sərmayə kimi qiymətləndirilir. Dövlət və özəl sektor tərəfindən nəzərdə tutulan milyardlarla manatlıq investisiya regionların sosial həyatını canlandırmağa, kəndlərdə yeni həyat modeli formalaşdırmağa, milli ərzaq təhlükəsizliyini təmin etməyə və Azərbaycan kənd mədəniyyətini qorumağa xidmət edir.

Bu gün Azərbaycan kəndinin inkişafı artıq yalnız məhsul istehsalı ilə ölçülmür. Kəndin inkişafı milli-mənəvi dəyərlərin qorunması, folklorun yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, sosial rifahın yüksəlməsi, insan kapitalının güclənməsi və ölkənin humanitar-mədəni təhlükəsizliyinin təmin olunması deməkdir. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tezislər göstərir ki, qarşıdakı illərdə Azərbaycanın inkişaf strategiyasında kənd və kənd insanı ilə yanaşı, kənd mədəniyyəti də prioritetlərdən biri olacaq.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 26.05.2026 15:22