NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

“Konstitusiya və Suverenlik İli”: hüquqi, tarixi və müasir perspektivlər

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Belə ki, məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir, suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir. Əminliklə deyə bilərik ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, bu iki mühüm dəyərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan Respublikasının gələcək inkişafına və milli kimliyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək, ölkəmizin müstəqillik tarixində əldə etdiyi uğurların və gələcək perspektivlərin təhlili üçün unikal imkan yaradacaq.

Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarixboyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik iradəsini nümayiş etdirərək öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Lakin bolşevik işğalı nəticəsində bu müstəqillik və suverenlik cəmi 23 ay davam etdi və 70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində qaldı.

1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə və təhdidlər yaratmışdı.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı – müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Əsas Qanun həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və yol verilən həddini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri etibarilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. Azərbaycanın tarixində bir neçə dəfə Konstitusiya qəbul edilsə də, həmin sənədlər totalitar sistemin tərkibinə daxil olan müttəfiq respublikada qəbul edildiyi üçün xalqın iradəsini, milli maraqlarını əks etdirmir və müasir beynəlxalq insan hüquqlarının tələblərinə cavab vermirdi.

Respublikamızın müstəqilliyinin elan edildiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin özbaşınalığı, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə, vahid siyasi iradənin olmaması, anarxiya yeni Konstitusiyanın qəbulunu mümkünsüz edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzbəüz qoyulmuşdu. Yürüdülən məqsədyönlü siyasət nəticəsində qanunlara hörmət həyat normasına çevrilərək öz bəhrəsini verdi. Bütün bunlar Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.

Konstitusiyanın yaradılması ideyasının irəli sürülməsində, onun layihəsinin hazırlanmasında və qəbulunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbul edilməsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil oldu. Komissiyanın sədri isə Ulu Öndər Heydər Əliyev seçildi.

Ümummilli Lider yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Yaradılmış komissiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müzakirəyə təqdim olundu.

Beləliklə, 30 il öncə – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək preambulasında təsbit olunmuş – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu, 94,5 faiz səs çoxluğu ilə ilk milli Konstitusiyasını qəbul etmişdir. Bu sənəd dövlətin hüquqi əsaslarını müəyyən edərək dövlət idarəçiliyinin prinsiplərini, vətəndaş hüquq və azadlıqlarını və qanunun aliliyini təsbit etdi.

Konstitusiya, həmçinin, suverenlik anlayışını əsas prinsip kimi təsbit edərək məhz ön sırada – Əsas Qanunun 2-ci maddəsində əks etdirərək Azərbaycanın daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etməsini təmin edən hüquqi çərçivə yaratmışdır.

Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlərin hüquqi tənzimi məqsədilə, bir qayda olaraq, qanunlar qəbul edilir. Bəzən bu, Konstitusiyaya əlavələrin və dəyişikliklərin edilməsinə də səbəb olur. Bu zərurət daim inkişafda olan ictimai həyatın obyektiv tələblərindən doğur. Qəbulundan sonra qanunvericilik sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 2002-ci il, 2009-cu il və 2016-cı ildə keçirilmiş referendumlar vasitəsilə Konstitusiya daha da təkmilləşdirilərək ona əlavə və dəyişikliklər edilmiş, bu yeni müddəalar da, öz növbəsində, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, hüquqi islahatların daha effektiv həyata keçirilməsinə xidmət etmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və ədalətin bərpa edilməsi niyyətiylə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi qələbə, eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsini qərara almışdır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğunda və milli suverenliyinin möhkəmləndirilməsində mühüm mərhələ olacaqdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu il ərzində orta və ali məktəblərdə Konstitusiya dərslərinin keçilməsi, hüquqşünaslar və tələbələr üçün elmi konfransların təşkil olunması, yeni hüquqi islahatlar və qanunvericilik təşəbbüslərinin müzakirəyə çıxarılması, eyni zamanda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər təşkil edilməsi, dövlətçilik və suverenlik mövzusunda sənədli filmlərin çəkilməsi, Milli Qəhrəmanlarımızın tanıdılması üçün yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər hüquqi maarifləndirməni artıracaq, dövlət idarəetməsini təkmilləşdirəcək, gənc nəsillərin vətənpərvərlik ruhunu gücləndirəcək, onlarda vətəndaş şüurunu artıracaq, Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcəkdir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir. Qəhrəman Azərbaycan Ordusunun qanı, canı bahasına əldə edilmiş müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədi olsun!

 

Səməd ŞAHTAXTİNSKİ

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi, kiçik ədliyyə müşaviri

Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 08.05.2025 15:05