Parağaçaydan – Zəngəzurun ətəyindən salam!...
20:21 28.06.2025
0
0
0
NAXÇIVAN :
28 Iyun 2025, Şənbə
Son illər muxtar respublikada şəhərdaxili nəqliyyat xidmətlərinin əsas siması dəyişməyə başlayıb. Əvvəllər küçələrdə daha çox sarı rəngli rəsmi taksilər görünsə də, indi mobil tətbiq üzərindən işləyən sürücülərin sayı da az deyil. Həm qiymət, həm xidmət, həm də sərnişin məmnuniyyəti baxımından bu iki sistem bir-biri ilə ciddi şəkildə rəqabət aparır. Həmçinin sosial mediada da tez-tez bu iki xidmət növü ilə bağlı müqayisəli şərhlərə rast gəlmək mümkündür. Lakin hər iki tərəfin üstünlükləri və çatışmazlıqları var və bu məsələdə cəmiyyətin müxtəlif təbəqələrinin fikirləri də fərqlidir. Sərnişinlər bəzən özəl taksi şirkətlərinin daha mədəni və çevik olduqlarını, bəzən isə sarı taksilərin daha təhlükəsiz və peşəkar xidmət göstərdiyini bildirirlər.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Naxçıvan Avtomobil Agentliyinin Nəqliyyatın İnkişafına Nəzarət şöbəsinin mütəxəssisi Əsgər Əhmədov açıqlamasında bildirdi ki, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülərin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılır:
“Azərbaycan Respublikasında taksi fəaliyyəti ilə məşğul olan sürücülərin peşəkarlıq fəaliyyətlərinin artırıması məqsədilə Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Qərarına əsasən yeni tələblər müəyyən olunub. Bu tələbləri yerinə yetirən sürücülər taksi fəaliyyəti ilə qanuni şəkildə məşğul ola bilərlər”.
Əsgər Əhmədovun sözlərinə görə, taksi sürücülərinin maarifləndirilməsi və peşə yönümlü təlimlərlə təmin olunması məqsədilə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi tərəfindən mütəmadi olaraq kurslar təşkil olunur. Kursu uğurla başa vuran və imtahandan keçən şəxslərə “Peşəkar Taksi Sürücüsü” şəhadətnaməsi təqdim olunur. Hazırda muxtar respublikada 500-dən çox sürücü sözügedən şəhadətnamə ilə təchiz olunub.
“Bu kurslara qatılan sürücülər sağlamlıq yoxlanışından da keçirilir. Onlardan, hətta Naxçıvan Psixi Xəstəliklər Dispanserindən arayış gətirilməsi tələb olunur”, – deyə Əhmədov əlavə edib.
Bundan başqa, taksi fəaliyyəti üçün sürücülərə 7 il müddətinə “buraxılış vərəqəsi” verilir. Bu isə fəaliyyətin qanuni əsaslarla həyata keçirilməsini təmin edir və sərnişinlərin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulmuş mexanizmlərdən biridir.
Əsgər Əhmədov, həmçinin taksilərin rəng standartları haqqında da məlumat verib:
“Əksəriyyətin düşündüyünün əksinə olaraq taksilər sarı deyil, ağ və qırmızı rəngdə olmalıdır. Bu daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinə aiddir. Tam elektrikli taksilər isə ekoloji baxımdan yaşıl rəngdə olurlar. Hazırda muxtar respublikada fəaliyyət göstərən 20 taksi avtomobilindən 2-si elektriklə işləyir. Lakin gələcəkdə rüsumun azaldılması bu rəqəmin artmasına səbəb olacaq”.
Onun sözlərinə görə, Prezidentin Sərəncamına əsasən muxtar respublikaya yeni, müasir avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı işlər aparılır.
Texnologiyanın tətbiqinə gəlincə, mütəxəssis bildirir ki, mobil tətbiqlər vasitəsilə taksi sifarişi artıq dəqiq koordinasiyalar əsasında həyata keçirilir, sürücülər sifarişin haradan-haraya yönəldiyini əvvəlcədən bilirlər.
“Eyni zamanda taksilərə taksonometr cihazları da quraşdırılır. Bu cihaz sərnişinin getdiyi məsafəni dəqiq ölçür və bu da qiymətlərin şəffaf müəyyən olunmasına xidmət edir. Digər platformalarda isə qiymət əvvəlcədən təyin olunur.” , – deyə Əhmədov qeyd edib.
Sarı taksilər, adətən, lisenziyalı nəqliyyat şirkətlərinə məxsusdur. Bu sürücülər müəyyən qaydalar və qrafiklər çərçivəsində fəaliyyət göstərirlər. Onların avtomobilləri standartlara uyğun olaraq yoxlanılır, həmçinin sürücülər peşəkar təlimlərdən keçirlər.
Sarı taksi sürücüsü Nazim Əşrəfovun sözlərinə görə, rəsmi taksi xidməti təkcə nəqliyyat vasitəsi deyil, həm də cəmiyyətə xidmət edən bir sistemdir:
“Artıq 38 ildir ki, ictimai nəqliyyatda sürücü kimi fəaliyyət göstərirəm. Bu nəqliyyat vasitələri həm dövlət, həm də cəmiyyət üçün faydalıdır. Avtomobillərimizdə quraşdırılmış cihazlar vasitəsilə gedilən yola uyğun qiymət hesablanır və bu sərnişinlə sürücü arasında şəffaf münasibət yaradır.
Nazim Əşrəfov əlavə edir ki, ictimai fikirdə sarı taksilərlə bağlı formalaşan yanlış rəy onların nüfuzuna zərbə vurmaq cəhdidir:
“Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, guya sarı taksilər daha bahadır. Əslində isə qiymətlər arasında o qədər də fərq yoxdur. Bu cür düşüncənin formalaşmasında bizə qarşı süni şəkildə mənfi rəy yaratmaq cəhdləri rol oynayır.
Peşəkar sürücü onu da vurğulayır ki, klassik taksi sürücüləri kimi onlar daim məsuliyyətli davranmağa çalışırlar və bu illər ərzində xidmətlərindən narazı qalan sərnişin olmayıb:
“Bu sahədə fəaliyyət göstərən 500-dən çox sürücü adından deyə bilərəm ki, indiyədək xidmətimizlə bağlı heç bir rəsmi şikayət olmayıb. Əksinə, biz xüsusilə muxtar respublika ərazisinə gələn qonaqları qarşılayır, istiqamətləndirir və bölgəmizi tanıtmağa çalışırıq. Bu həm də Muxtar Respublika haqqında qonaqlarda xoş təəssürat formalaşdırır”.
Nazim Əşrəfov onu da qeyd edir ki, dövlət qarşısında öhdəliklərini də unutmurlar:
Biz eyni zamanda fəaliyyətimizlə bağlı müxtəlif dövlət qurumlarına vergi ödəyirik. Bu da göstərir ki, xidmətimiz nəinki sərnişinlərə, eyni zamanda dövlət büdcəsinə də töhfə verir.
Özəl taksi şirkətləri isə son illərdə Azərbaycanda geniş yayılmağa başladı. Sürücülər, adətən, şəxsi avtomobillərlə fəaliyyət göstərir, bu da sərnişinlərə bəzən daha komfortlu səyahət imkanı yaradır.
Bolt sürücülərindən biri Namiq Novruzlu dedi: “Bolt bizə texnoloji imkanlar təqdim edir. Tətbiq vasitəsilə sifarişləri dəqiq görür, sərnişinin harada olduğunu, haraya gedəcəyini əvvəlcədən bilirik. Bu həm vaxt itkisinin qarşısını alır, həm də təhlükəsizlik baxımından əlverişlidir. Qiymət tətbiqdə əvvəlcədən göstərildiyi üçün sərnişinlə mübahisə və anlaşılmazlıq yaranmır. Hər şey şəffafdır”.
Bolt sürücüləri əlavə olaraq platformanın onlara fərdi əməkdaşlıq təklifi etdiyini də bildirirlər. Bu isə müəyyən üstünlük kimi qiymətləndirilir.
Sürücülərin əksəriyyəti qeyd edir ki, gündəlik qazanc müəyyən deyil, günün saatına və sifarişlərin çoxluğuna görə dəyişir. Digər tərəfdən, platforma tərəfindən qoyulan qaydalar sürücüləri narazı salır.
“Bizim üçün sərbəst işləmək imkanı böyük üstünlükdür. Kiminsə tabeliyində işləmirsən, öz vaxtını özün idarə edirsən. Amma platformadan alınan faizlər və gündəlik qazancın qeyri-sabitliyi bizi çox çətinə salır”.
Bununla belə rəsmi taksi sürücüləri ilə müqayisədə özəl şirkət sürücülərinin müəyyən nəzarət və peşə hazırlığı mexanizmlərindən kənarda qalması da diqqət çəkir. Rəsmi qurumların keçirdiyi təlimlər, psixoloji sağlamlıq arayışları və şəhadətnamələr bu sürücülər üçün şərt deyil.
Texnologiyanın gətirdiyi imkanlar nəqliyyatı rahatlaşdırsa da, hüquqi və etik qaydaların tətbiqi labüddür. Əslində, hər iki nəqliyyat xidmətinin cəmiyyət üçün öz yeri var. Mobil tətbiq sürücüləri gənclər və tez-tez gedib-gələnlər üçün sərfəlidir, ancaq tam təhlükəsiz olmadığını da nəzərə almaq vacibdir. Sarı taksilər daha sistemli və dövlət nəzarətində olsa da, onların qiymətinin nisbətən fərqli olması çox insan üçün əlçatan deyil. Hesab edirəm ki, bu iki sistem arasında balans yaratmaq, həm qiymət, həm də keyfiyyət baxımından bir orta yol tapmaq vacibdir. Belə olan halda nə sərnişin narazı qalacaq, nə də sürücü.
Elnurə Cəfərova
NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər