NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Müasir, qalib Azərbaycana uzanan dövlətçilik yolu

...

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyib: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaratmış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Azərbaycan tarixinin səhifələri azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə müstəqillik qazanmaq xoşbəxtliyi yaşayan Azərbaycan bu yolda minlərlə şəhid verib, parçalanıb yarımcan edilsə də, illərlə əsarətdə yaşamaq məcburiyyətində qalsa da, yenə sınmayıb, əyilməyib, məqam çatan kimi öz istəyini reallaşdırıb. Müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadan xalq onun reallığa çevrilməsi üçün əlverişli məqama ilk dəfə 1918-ci ildə çatdı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, dövlət təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb. 
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, çox təəssüf ki, cəmi 23 ay yaşaya, üçrəngli bayrağını ucalda bildi. Bu kiçik zaman kəsiyində Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 1918-ci il 7 dekabrda fəaliyyətə başlayan Azərbaycan Parlamenti bütün müsəlman Şərqində ilk belə dövlət strukturu idi. Şərqdə qadınlara ilk dəfə seçki hüququ verməsi və digər islahatlarla Azərbaycan Xalq Cümhuriyyəti insan hüquq və azadlıqları sahəsində bu gün belə bir çox ölkəni qabaqlamışdır.
Buna görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandıraraq demişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.      

Əbədi müstəqillik

Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşatdı. Sovetlərin işğal maşını bu yurdun hər qarışının altını üstünə çevirsə də, azərbaycanlılar öz adət və ənənələrini, milliliyini qoruyub saxlaya bilib. Sovetlərin əcəl zənginin çalınması ilə 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin, şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Müstəqilliyin bərpasından sonra ilk illərdə xalqımız bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı. Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olundu. Azərbaycan xalqı tarixi bir sınaqla üz-üzə qaldı.
Xalqımızın şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı idi. Həmin illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Müstəqilliyimizin ilkin mərhələsində – 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə hakimiyyət davası ilə məşğul olan dövlət rəsmilərinin məsuliyyətsizliyi ucbatından xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar, separatçı meyillər daha da gücləndi. Elə bir təhlükəli vəziyyət yaranmışdı ki, Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. 
Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. Həmin illərdə Naxçıvanda baş verənləri yaxından izləyən xalqın düşünən beyinləri bu çətin vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyev dühasının göstərə biləcəyindən əmin idi. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda dövlətçilik, suverenlik, vətənpərvərlik sevgisi daha da gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 

Möhtəşəm səfərbəredici amil – Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü il mayın 12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərək insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Xalqın qarşılaşdığı bütün çətinliklər aradan qaldırılmağa başlanıldı. İctimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 
Dövlətimizin qarşılaşdığı problemlərin aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. 
Gündən-günə güclənən Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin səsi dünyanın ən yüksək tribunalarından gəlməyə başladı. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu olmaq şərəfini qazandı. Xalqımız müstəqillik əldə etdikdən sonra Ulu Öndərin qayğısı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa edildi, tarixi öyrənildi. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri bu gün də müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Heydər Əliyev təkcə tarixin axarını dəyişmədi, O, dövlətçiliyi yenidən qurdu. Vətən uçurumun kənarında suallar qarşısında dayananda O gəldi və cavab oldu; aydın, əmin və əbədi bir cavab. 
Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqı narahat edən bütün problemlər aradan qaldırılır. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.

Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan qələbə 

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. 
Ulu Öndərin özü qədər inandığı, dahi siyasətçinin uğurlu yolunun davamçısı İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu, suverenliyimiz bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il oktyabrın 15-də imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mayın 28-i Müstəqillik Günü elan edilib. Artıq beş ildir ki, xalqımız bu günü xüsusi fərəh hissi ilə qeyd edir. Çünki Azərbaycan Respublikası Vətən müharibəsindəki qələbədən sonra bu əlamətdar günü qalib kimi, bütöv Azərbaycan olaraq qeyd edir. Bu tarixi qələbələr Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız Zəfər yolu açıb Vətənimizi bötövləşdirdi. Bu ədalət dövlətimizi təkcə Qafqazda yox, dünyada söz sahibinə çevirdi. Dövlət başçısının da dediyi kimi: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.
Xalqımızın müsəlman aləmində ilk demokratik respublika yaratdığı həmin tarixdən 108 il ötür və biz qürurla deyirik ki, biz ulu babalarımızdan bizə əmanət qalan Azərbaycanı bütövləşdirməyə nail olduq. Onların xatirəsi qarşısında başıdik, alnıaçıq dayanır, şanlı tariximizlə fəxr edirik. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur... Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır”.    

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 28.05.2026 00:00