NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Mürəkkəbi millətin dərdi ilə yoğrulan sənətkar

...

Mürəkkəbi millətin dərdi ilə yoğrulan, zamanın amansız çarxı fırlandıqca tarixin tozlu səhifələrində itmək əvəzinə daha da ucalan bir sənətkar... Bu gün bənzərsiz yaradıcılığı ilə Azərbaycan satirasının zirvəsinə ucalan böyük xalq şairi Mirzə Ələkbər Sabirin doğum günüdür. O həmin Sabirdir ki, varlığı ilə bir millətin oyanış harayına, qəflət yuxusundan ayılan ruhunun hayqırtısına çevrildi.
İnsan ömrü bəzən çox qısa olur, lakin elə ömürlər var ki, zamanın dar çərçivəsinə sığmır. Sabir cəmi 49 illik bir həyat yaşadı. Amma bu qısa və məşəqqətli ömrün hər bir anına bütöv bir xalqın dərdini, ağrısını, acısını və ən əsası, işıqlı ümidini sığdıra bildi. O, sarayların, təriflərin yox, daxmaların, əzilən insanların şairi oldu. Son nəfəsinə qədər qələmini yalnız və yalnız həqiqətin xidmətində saxladı. Heç bir güc, heç bir qorxu onu haqqın yolundan döndərə bilmədi. Həqiqətin fədaisi olan şair, amansız xəstəliklərlə, maddi sıxıntılarla mübarizə apardığı anlarda belə öz ağrılarını unutdu. Onun ən böyük ağrısı öz cismi yox, millətinin mənəvi xəstəlikləri, cəhaləti və qəfləti idi. Xalqının problemlərini dilə gətirməkdən, cəmiyyətin eybəcərliklərini satiranın kəskin neştəri ilə cərrahiyyə etməkdən bir an belə geri durmadı.
Sabirin xalqına olan sevgisi elə bir zirvədə idi ki, ölümün soyuq nəfəsini hiss edəndə belə o, özünü yox, arxasında buraxdığı millətini düşünürdü. Ölüm yatağında dediyi bu sarsıdıcı sözlər onun bütün varlığını, həyat amalını ən uca şəkildə ifadə edir: "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".  Bu sətirlər bir fədakarın öz xalqına yazdığı mənəvi vəsiyyət, təmənnasız sevginin ən ali təzahürüdür. Özünü millətin fədaisi edən ikinci bir sənətkara tarixdə çox nadir hallarda rast gəlinir.
Sabir yalnız bir şair deyil. O, Azərbaycan insanının vicdanı, haqqın və sarsılmaz xalq sevgisinin əbədi simvoludur. Bu gün onun qələmi fiziki olaraq sussa da, o qələmdən süzülən misralar, fikirlər və müqəddəs ideallar hələ də yaşayır, yolumuza işıq salır. Biz bu gün Sabiri yad edərkən həm də onun bizə miras qoyduğu mənəvi ucalığı, sarsılmaz amalı uca tuturuq. Ruhu qarşısında baş əydiyimiz böyük ustadın xatirəsi qəlblərdə əbədi yaşayacaq.


Elnurə CƏFƏROVA

Nəşr edilib : 31.05.2026 14:00