Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılar...
11:45 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Su bolluğuna baxmayaraq, qənaət zəruridir
Son aylarda muxtar respublikada yağıntıların bol olması nəticəsində çaylarda və su anbarlarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu isə həm içməli su təminatına, həm də kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir. Lakin mövcud su ehtiyatlarının artmasına baxmayaraq, onlardan səmərəli və qənaətlə istifadə olunması vacib olaraq qalır.
Su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatında sudan düzgün istifadə məsələləri barədə həm meliorasiya, həm də aqrar sahə üzrə mütəxəssislərlə həmsöhbət olduq. Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ayxan Həsənov mövzu ilə bağlı bildirdi ki, muxtar respublikada 2026-cı ilin suvarma mövsümünə hazırlıq tədbirləri plana uyğun şəkildə davam etdirilir. Əkin sahələrinin vaxtında və fasiləsiz su ilə təmin olunması məqsədilə meliorasiya və irriqasiya sistemlərində kompleks işlər görülür, arxlar, kanallar və kollektor-drenaj şəbəkələri lil və çöküntülərdən təmizlənir, hidrotexniki qurğuların texniki vəziyyəti yoxlanılır, zəruri hissələrdə təmir-bərpa işləri aparılır.
Onun sözlərinə görə, bu tədbirlər su itkilərinin minimuma endirilməsinə, suyun mənbədən istifadəçilərə daha səmərəli və fasiləsiz çatdırılmasına imkan verir. Bildirilib ki, bu il yağıntıların ötən illə müqayisədə daha bol olması su ehtiyatlarına müsbət təsir göstərib. Xüsusilə qış və yaz aylarında müşahidə olunan intensiv yağışlar, eləcə də dağlıq ərazilərdə qar örtüyünün zəngin olması çaylarda su sərfinin artmasına və su anbarlarının doluluq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ayxan Həsənov qeyd etdi ki, hazırda su anbarlarında 239 milyon 870 min kubmetr su ehtiyatı mövcuddur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Bu artım suvarma mövsümünə daha əlverişli başlanğıc şəraiti yaradır, əkin sahələrinin su təminatında fasilələrin azalmasına və suvarmanın daha sabit qrafik üzrə həyata keçirilməsinə imkan verir. Yaz suvarmaları dövründə minlərlə hektar torpaq sahəsinin suvarılması təmin olunub və bu, mövcud su ehtiyatlarından səmərəli istifadənin göstəricisidir. Su ehtiyatlarının artmasına baxmayaraq, sudan qənaətlə istifadə məsələsi daim aktual olaraq qalır. Bu baxımdan, mütərəqqi suvarma sistemlərinin tətbiqi böyük əhəmiyyət daşıyır.
Damcı suvarma üsulu suyun birbaşa bitkinin kök hissəsinə verilməsini təmin edərək itkilərin qarşısını alır, yağış yağdırma üsulu isə suyun sahəyə bərabər paylanmasına imkan yaradır. Bu sistemlər həm su sərfiyyatını azaldır, həm də məhsuldarlığın artmasına şərait yaradır.
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadə, meliorasiya-irriqasiya məsələləri, örüş və otlaqlara nəzarət sektorunun baş məsləhətçisi Əli Hüseynovla da həmsöhbət olduq.
O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatında su ehtiyatlarının mövcud vəziyyəti regionun təbii-coğrafi xüsusiyyətləri ilə sıx bağlıdır və strateji əhəmiyyət daşıyır. Muxtar respublikanın quraq və yarımsəhra iqlim qurşağında yerləşməsi su resurslarının məhdud olmasına səbəb olur və onların formalaşması, əsasən, çaylar, yeraltı sular və su anbarları hesabına baş verir. Bu baxımdan, su ehtiyatlarının səmərəli idarə olunması aqrar sahənin davamlı inkişafında həlledici rol oynayır.
Mütəxəssisin sözlərinə görə, regionda əsas su mənbələri Araz çayı və onun qolları, Arpaçay, Naxçıvançay, Gilançay və Əlincəçay kimi çaylar, həmçinin yeraltı sular və su anbarlarıdır. Son illərdə muxtar respublikada su infrastrukturunun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni su anbarlarının tikilməsi, mövcud suvarma kanallarının yenidən qurulması, nasos stansiyalarının istifadəyə verilməsi və qapalı suvarma şəbəkələrinin genişləndirilməsi su itkilərinin azaldılmasına və suyun daha səmərəli istifadəsinə imkan yaradıb.
Əli Hüseynov qeyd edib ki, 2025-ci ilin payızında və 2026-cı ilin yazında yağan intensiv yağıntılar nəticəsində muxtar respublikada göllərdə və su tutarlarında suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu isə kənd təsərrüfatı üçün əlverişli şərait yaratsa da, sudan qənaətlə istifadə məsələsini ortaya çıxarır. Qeyd edək ki, respublikada son illərdə 6000 hektardan artıq ərazidə qapalı suvarma şəbəkələrinin yaradılması suyun itkisiz çatdırılmasına imkan verir. Torpağın strukturunun yaxşılaşdırılması, üzvi gübrələrdən istifadə, eləcə də quraqlığa davamlı bitki sortlarının seçilməsi də suya qənaətdə mühüm rol oynayır.
O həmçinin bildirib ki, yaxın gələcəkdə su ehtiyatlarının daha səmərəli idarə olunması məqsədilə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr çərçivəsində yeni su anbarlarının tikilməsi, mövcud sistemlərin modernləşdirilməsi, damcı və yağmurlama suvarma texnologiyalarının geniş tətbiqi, eləcə də yeraltı su ehtiyatlarının daha effektiv istifadəsi nəzərdə tutulur.
Maarifləndirmə tədbirlərinə də toxunan mütəxəssis qeyd edib ki, fermerlər üçün mütəmadi təlimlər keçirilir, müasir suvarma üsulları praktik şəkildə izah olunur və dövlət tərəfindən texniki dəstək göstərilir. Eyni zamanda su israfının qarşısını almaq üçün normativ suvarma qaydaları tətbiq edilir, gecə suvarmalarına nəzarət gücləndirilir və texniki itkilərin azaldılması istiqamətində tədbirlər görülür.
Zəhra VƏLİYEVA
Digər xəbərlər