NAXÇIVAN :

16 May 2025, Cümə

Muxtar respublikada uzunömürlü nümunəvi ailələrlə görüşlər davam edir

...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü nümunəvi ailə ilə növbəti görüş baş tutub.
Növbəti görüş Ordubad rayonunun Vənənd kəndində, 50 illik ailə həyatı olan Bağırovlar ailəsində keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də komitədə təcrübə keçən tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən komitənin şöbə müdiri Könül Babayeva və İcra Hakimiyyətinin nümayəndəsi Qiymət Hacıyeva uzunömürlü ailələrin gənc nəslə nümunə olduğunu vurğulayıb, Bağırovlar ailəsinin timsalında ailə dəyərlərinin qorunub saxlanılmasının vacibliyini qeyd ediblər.
Ailə başçısı İbrahim Bağırov və həyat yoldaşı Səfiyyə Məmmədova 3 övlad, 7 nəvə və 1 nəticə sahibidir. Onlar xoşbəxt və uzunömürlü ailə həyatının əsasını qarşılıqlı hörmət, səbir və milli dəyərlərə sadiqlikdə gördüklərini bildirərək gənclərə ailə həyatı ilə bağlı dəyərli tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, İbrahim Bağırov 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bu ali ad onun uzunmüddətli peşəkar fəaliyyətinə və mühəndislik sahəsindəki xidmətinə verilən yüksək qiymətdir.
Görüşün sonunda komitə tərəfindən evliliklərinin 50 illiyi, “Qızıl toyu” münasibətilə Bağırovlar ailəsinə üzərində “2025-ci ilin uzunömürlü nümunəvi ailəsi” yazılan hədiyyə və gül buketi təqdim olunub.

Nəşr edilib : 15.05.2025 20:37