Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiy...
13:28 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin birincisi Kəngərli rayonunda keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
“Şərq qapısı” xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbiri giriş nitqi ilə açaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından, sağlam, savadlı və vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində olub. Dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı, uşaqlarla bağlı məsələlərin, xüsusilə təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova çıxış edərək uşaqlar üçün yaradılan imkanlardan danışıb.
Tədbirdə Kəngərli rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan şagird Narıngül Mehdiyeva qazandığı uğurlardan bəhs edib, yaradılan şəraitə, göstərilən diqqətə, müasir təhsil imkanlarına və dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2025-2026-cı tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr, Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən isə qazi və şəhid övladlarına, eləcə də fərqlənən uşaqlara hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində Kəngərli rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçalarının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.
Digər xəbərlər