NAXÇIVAN :

01 Iyul 2025, Çərşənbə axşamı

Naxçıvanda Ağız və Diş Sağlamlığı Mərkəzində hazırda yenidənqurma işləri aparılır

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən səhiyyə islahatları çərçivəsində bu sahədə əsaslı dəyişikliklər baş verir. Bu çərçivədə əhalinin stomatoloji xidmətlərə daha əlçatan və keyfiyyətli şəkildə çıxışını təmin etmək məqsədilə yeni Ağız və Diş Sağlamlığı Mərkəzinin yaradılması da bu istiqamətdə atılmış strateji addımlardandır. Layihə həm infrastruktur baxımından, həm də tibbi avadanlıq təminatı baxımından regionun səhiyyə sistemində mühüm yenilik olacaqdır.
Mərkəzin yaradılmasında əsas məqsəd muxtar respublika əhalisinə göstərilən stomatoloji xidmətlərin keyfiyyətini yüksəltmək, bu xidmətlərin müasir tibbi standartlara uyğun şəkildə təşkili və əlçatanlığını təmin etməkdir. Belə ki, əvvəlki dövrdə əhaliyə göstərilən stomatoloji xidmət Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəz və özəl stomatoloji kabinetlər tərəfindən həyata keçirilirdi. Lakin bu xidmətlər müasir tibbi tələblərə uyğun deyildi. Yeni mərkəzin yaradılması ilə ağız və diş sağlamlığı sahəsində infrastruktur yenilənəcək, tibbi diaqnostika və müalicə imkanları genişlənəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamına əsasən yaradılan Ağız və Diş Sağlamlığı Mərkəzində hazırda yenidənqurma işləri aparılır. Mərkəzdə əhaliyə göstəriləcək xidmətlərin çeşidini və keyfiyyətini artırmaq məqsədilə altı ixtisaslaşmış şöbə – stomatoloji, pediatriya, cərrahiyyə, ortodontiya, ortopediya və radiologiya şöbələri fəaliyyət göstərəcək. Radiologiya şöbəsi sefalometrik rentgen cihazı ilə təchiz olunacaq ki, bu da Naxçıvan Muxtar Respublikasında ilk dəfə tətbiq ediləcək və dəqiq diaqnoz qoyulmasına mühüm töhfə verəcək.
Mərkəzdə aparılacaq cərrahi müdaxilələrin effektivliyini artırmaq məqsədilə cərrahiyyə şöbəsi müasir tibbi avadanlıqlarla – elektron lazer cihazı və piezo cərrahiyyə aparatı ilə təchiz olunacaq. Bununla yanaşı, əlilliyi olan şəxslərin tibbi xidmətlərdən daha rahat şəkildə faydalana bilmələri üçün xüsusi stomatoloji kabinet və uyğunlaşdırılmış tibbi kreslo da istifadəyə veriləcəkdir.
Ümumilikdə, 34 funksional otağın yer alacağı binada həkim, cərrahiyyə, rentgen, sterilizasiya və texniki otaqlar fəaliyyət göstərəcək.
Qeyd edək ki, təmir-tikinti işləri davam edən mərkəzin bu ilin sonuna doğru istifadəyə verilməsi nəzərdə tutulub.

Nəşr edilib : 30.06.2025 21:16