NAXÇIVAN :

17 May 2025, Şənbə

Naxçıvanda son 2 ildə 3492 yeni iş yeri açılıb

...

“1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər Naxçıvan Muxtar Respublikasında 3492 yeni iş yeri açılıb. Bu göstərici 2020-2022-ci illərlə müqayisədə (1217 iş yeri), təxminən, 2,9 dəfə artım deməkdir. Mütəxəssislərin fikrincə, bu artım regionun iqtisadi yüksəlişinin və struktur islahatlarının nəticəsidir”. Bu sözləri, Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov jurnalistlərə verdiyi açıqlamada  deyib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, son iki ildə açılan yeni iş yerlərinin 1535-i dövlət, 1957-si isə özəl sektorun payına düşür. “Bu göstəricilər özəl sektorun daha sürətli şəkildə inkişaf etdiyini göstərir ki, bu da regionda həm sosial dayanıqlığın, həm də iqtisadi rəqabətin qorunmasına xidmət edir”, – deyən şöbə müdiri onu da qeyd etdi ki: “Xüsusilə 2024-cü il bu sahədə dönüş ili kimi qiymətləndirilə bilər. Həmin il ərzində 2191 yeni iş yeri yaradılıb ki, bunun 1205-i dövlət, 986-sı isə özəl sektor tərəfindən açılıb. Muxtar respublikada yeni açılan iş yerlərinin böyük hissəsi dövlət sektorunda aparılan struktur islahatları, dövlət orqanlarına verilmiş əlavə funksiyalar, həmçinin rəqəmsallaşma və xidmət sektorunun inkişafı nəticəsində yaranıb. Özəl sektorda isə artım daha çox biznes mühitinin şəffaflaşdırılması, sərbəst rəqabət imkanlarının genişləndirilməsi, eləcə də investisiya mühitinin yaxşılaşdırılması ilə izah olunur. Naxçıvanda özəl sektorun inkişafı üçün son illərdə vergi güzəştləri, sahibkarlara dəstək proqramları və investisiya təşviqləri istiqamətində əhəmiyyətli iş aparılır. Bu tədbirlər nəticəsində kiçik və orta sahibkarlığın rolu artmağa başlayıb. Önümüzdəki illərdə daha da yüksək nəticələr gözləyirik”.

Şöbə müdirinin sözlərinə görə, coğrafi bölgü baxımından Naxçıvan şəhəri 2892 yeni iş yeri ilə liderlik edir. Bu da regionun inzibati və iqtisadi mərkəzi kimi Naxçıvanın rolunu bir daha sübut edir. Ərazi bölgüsü üzrə digər rayonların göstəriciləri isə Şərur rayonu üzrə 219, Babək – 177, Ordubad – 57, Kəngərli – 46, Culfa – 37, Sədərək – 34, Şahbuz rayonu üzrə isə 30 yeni iş yeridir. Rəhim Əsgərov onu da bildirdi ki: “Bu fərqlər, əsasən, əhalinin sıxlığı, sənaye və kənd təsərrüfatı potensialı, həmçinin rayonların logistika imkanlarının da təmərküzləşməsi  ilə bağlıdır. 2025-ci ilin ilk rübündə 207 yeni iş yerinin açılması isə məşğulluq imkanlarının genişləndiyinin göstəricisidir”.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 16.05.2025 15:12