NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda “Uşaqların rəngli dünyası-2026” festivalı keçirilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası-2026” festivalı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil olunan festivalda dövlət və hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, uşaq bağçaları, musiqi məktəbləri, yaradıcı kollektivlər, idman müəssisələrinin yetirmələri, valideynlər və uşaqlar iştirak ediblər.
Bayram tədbiri çərçivəsində şəhid övladları xüsusi istedadları və nailiyyətləri ilə fərqlənən uşaqlarla birlikdə əvvəlcə daim uşaqlara xüsusi diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri Hüseyn Hacıyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, sağlamlıqlarının möhkəmləndirilməsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili və istedadlarının üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-2026-cı tədris ilində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahəsi üzrə fərqlənən ilin 21 istedadlı uşağı diplom və hədiyyələrlə təltif edilib.
Daha sonra musiqi və incəsənət məktəblərinin mahnı və rəqs ansambıllarının, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Günəş Uşaq Akademiyasının, M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının, Bədii gimnastika dərnəyinin üzvlərinin və digər istedadlı uşaqların rəngarəng çıxışları nümayiş etdirilib. İdmançı uşaqların təqdim etdiyi müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, maraqlı tamaşalar və nağıl personajlarının iştirakı ilə təşkil olunan əyləncələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində yaradıcı şəxslərin və kollektivlərin əl işlərindən ibarət sərgilər, istedadlı qadınlar tərəfindən uşaqlar üçün ustad dərsləri, müxtəlif mövzularda kitab sərgiləri və rəngarəng stendlər nümayiş etdirilib. Eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili və mədəni istirahətinin təmin olunması məqsədilə ərazidə iaşə xidmətləri də təşkil edilib.

Nəşr edilib : 01.06.2026 23:44