“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq...
18:50 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
İyunun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri, Naxçıvan Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər, tələbələr, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Mərasimdən əvvəl nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb, kollegiyada son illər görülən işlərdən danışıb. Sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini dilə gətirib.
Ölkədə mediasiya institutunun formalaşması və bu sahədə həyata keçirilən islahatlar barədə söz açan sədr bildirib ki, Vəkillər Kollegiyası ilə Mediasiya Şurası arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında qarşılıqlı hörmətə və peşəkar həmrəyliyə əsaslanan münasibətlər formalaşıb. Bu əməkdaşlıq modeli mediasiya praktikasının daha da zənginləşməsinə, institutun cəmiyyətdə möhkəmlənməsinə və islahatların davamlı xarakter almasına güclü təkan verməkdədir.
Eyni zamanda sədr Naxçıvanda gələcəkdə də bu cür regional konfransların keçiriləcəyini ifadə edib.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək son illər şurada görülən işlərə toxunaraq bildirib ki, mediasiya xidmətlərindən istifadə zamanı Vəkillər Kollegiyasının üzvlərinin təmsil etdikləri tərəflərin barışıq sazişlərinin müddəaları və məzmunu üzrə keyfiyyətli hüquqi yardım göstərmələri əsas insan hüquq və azadlıqlarının müdafiəsində çox mütərəqqi addımdır. Sədr Vəkillər Kollegiyasının üzvlərinin mediasiya sahəsində əldə edilən barışıq sazişlərinin hüquqi və keyfiyyətli məzmunların formalaşmasını insan hüquqları və hüquq mədəniyyətinin inkişafı sahəsində çox mütərəqqi addım olduğunu deyib.
Hazırda isə ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir. 2026-cı ildə barışıq sazişinin sayı 1794-dür. Probasiyada isə 6 barışıq sazişi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış edərək Naxçıvanda vəkilliyin tarixi və inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, vəkillik institutu nə qədər inkişaf etsə, kollegiya nə qədər savadlı və peşəkar vəkillərlə komplektləşdirilsə, bu, əhalinin hüquqlarının yüksək səviyyədə qorunmasına, hüquqi problemlərin həllində məlumatlandırılmasına xidmət edir.
Hüseyn Səfərov deyib ki, insan hüquqlarının müdafiəsində dövlət qurumları ilə vəkillik institutunun əməkdaşlığı da mühüm rol oynayır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi də kollegiyanın İxtisas Komissiyasının üzvü qismində iştirak edir. Bu iştirak qəbul prosesinin şəffaflığının, obyektivliyinin və qanunauyğunluğunun təmin edilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də penitensiar müəssisədə həyata keçirilən birgə tədbirlərdir.
Sonra konfransda Mediasiya Şurası tərəfindən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, nazirliyin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi Səttar Zamanov və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov şuranın fəaliyyətində göstərdikləri dəstəyə görə sertifikatla təltif ediliblər.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının son 3 il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videohesabat nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinin müavini Müşfiq Həsənov “Ədalət mühakiməsində vəkilliyin və mediasiyanın rolu” mövzusunda çıxış edərək vəkilliyin əsas missiyasının insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirmək olduğunu, ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin mühüm rol oynadığını söyləyib.
Sədr müavininin sözlərinə görə, təcrübə göstərir ki, vəkilin iştirak etdiyi işlərdə məhkəmə araşdırması daha səmərəli və operativ aparılır. Vətəndaş peşəkar hüquqi yardım aldıqda həm öz hüquqlarını daha yaxşı müdafiə edir, həm də məhkəmənin işi asanlaşır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov “Mediasiya proseslərində baxılan mübahisələrdə insan hüquqlarının qorunmasında vəkilin iştirakı ilə bağlı məsələlər: keyfiyyətli hüquqi yardım, keyfiyyətli mediasiya barışıq sazişinin əsasıdır” mövzusunda çıxış edib.
Bundan başqa, Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov çıxışında vəkillərin icraatında olan işlərin vəkil və mediator əməkdaşlığı nəticəsində keyfiyyətli hüquqi yardım əsasında keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsində görülən işlər və təkliflər barədə danışıb.
Daha sonra Naxçıvan şəhər “Asan” Vəkil Bürosunun vəkili Şəbnəm Hüseynova “Mülki mübahisələrdə insanların hüquqlarının müdafiəsində mediasiya proseslərinin həyata keçirilməsində vəkilin rolu” mövzusunda çıxışı edib.
Sonda müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Tədbir çərçivəsində kollegiyanın nümayəndə heyəti Naxçıvan Mediasiya Təşkilatının inzibati binasında olub. Qonaqlara təşkilatın fəaliyyəti barədə məlumat verilib.
Digər xəbərlər