FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Uşaqların ilk sosial mühiti, ilk dostları, ilk müəllimləri onun gələcək həyatının formalaşmasında mühüm rol oynayır. Naxçıvan şəhərində fəaliyyət göstərən 7 nömrəli körpələr evi-uşaq bağçası da illərdir, bu məsuliyyətli missiyanı uğurla yerinə yetirən məktəbəqədər təhsil müəssisələrindən biridir. 1965-ci ildən fəaliyyət göstərən və Naxçıvanda ilk yaradılan bağçalardan hesab edilən bu müəssisə uşaqların hərtərəfli inkişafı üçün yaradılan şərait, müasir təhsil yanaşmaları və peşəkar pedaqoji heyəti ilə seçilir.
7 nömrəli körpələr evi-uşaq bağçasını fərqləndirən əsas xüsusiyyətin uzun illər ərzində uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişməsinə verdiyi töhfə olduğunu bildirən bağçanın müdiri Nazilə Ləzgiyeva vurğuladı ki, 2006-cı ildə yenidən tikilərək istifadəyə verilən bağçada həm ənənələr qorunub saxlanılır, həm də müasir təhsil üsulları tətbiq edilir.Təcrübəli pedaqoji kollektiv, valideynlərlə sıx əməkdaşlıq və uşaqlara göstərilən xüsusi diqqət müəssisənin əsas üstünlükləri sırasında yer alır.Müsahibimiz qeyd etdi ki, bu gün bağçanın əsas üstünlüyü uşaqların hərtərəfli inkişafı üçün yaradılmış mühitdir. Burada uşaqlar yalnız təhsil almır, eyni zamanda oyun vasitəsilə düşünmə, nitq, yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirirlər. Məktəbə hazırlıq prosesi də uşaqların müstəqil və intizamlı böyüməsinə mühüm töhfə verir.
Məktəbəqədər təhsildə ən vacib prinsipin uşağa fərdi yanaşma olduğunu deyən Nazilə xanımonu da vurğuladı ki, hər bir uşağın marağı, qabiliyyəti və ehtiyacı fərqlidir: “Uşaqların sevgi və qayğı əhatəsində, təhlükəsiz mühitdə inkişaf etməsiprioritet hesab olunur. Bu baxımdan, bağçada təhlükəsizlik məsələləri də xüsusi diqqətdə saxlanılır. Uşaqlar daim nəzarət altında olur, oyun meydançaları və avadanlıqlar mütəmadi yoxlanılır, sanitar-gigiyena qaydalarına ciddi əməl edilir. Valideynlərlə əlaqənin daimi saxlanılması və uşaqların yalnız müəyyən edilmiş şəxslərə təhvil verilməsi də təhlükəsizlik tədbirlərinin əsas hissəsidir”.Valideyn etimadının qazanılmasında səmimi münasibət və açıq ünsiyyətin vacibliyini qeyd edən həmsöhbətimiz bildirdi ki, uşaqların gündəlik fəaliyyəti və inkişafı barədə valideynlər mütəmadi məlumatlandırılır, onların fikir və narahatlıqlarına həssas yanaşılır.
İllər ərzində uşaqlarda müşahidə olunan dəyişikliklərə də toxunan müsahibimiz bildirdi ki, müasir uşaqlar daha məlumatlı, texnologiyaya maraqlı və fikirlərini sərbəst ifadə edən olsalar da, diqqət dağınıqlığı və canlı ünsiyyət bacarıqlarında müəyyən zəifləmələr hiss olunur. Buna görə də bağçada oyun və sosial bacarıqların inkişafına xüsusi önəm verilir.Gələcək hədəflərdən də danışan Nazilə Ləzgiyeva əsas məqsədin uşaqların hərtərəfli inkişafına daha müasir və yaradıcı üsullarla dəstək vermək olduğunu vurğuladı. Pedaqoji heyətin davamlı təlimlərə cəlb olunması, uşaqlar üçün maraqlı fəaliyyətlərin təşkili və valideynlərlə əməkdaşlığın gücləndirilməsi qarşıda duran əsas məqsədlər sırasındadır.
Tərbiyəçi müəllim Sürəyya Qasımova isə uşaqlarla işləməyin həm çətin, həm də olduqca dəyərli tərəflərindən danışdı. Onun sözlərinə görə, bu peşənin ən gözəl tərəfi uşaqların saf sevgisi, səmimiyyəti və hər gün inkişaflarının şahidi olmaqdır. Səhər bağçaya daxil olan uşaqların müəllimlərinə sevgi ilə sarılması bütün yorğunluğu unutdurur. Bununla yanaşı, fərqli xarakterə və emosional vəziyyətə malik uşaqlara eyni anda fərdi yanaşmaq böyük səbir və məsuliyyət tələb edir.
Müsahibimiz qeyd etdi ki, tərbiyəçi, sadəcə, uşağa nəzarət edən şəxs deyil, onun sosial dünyaya açılan ilk pəncərəsidir: “Uşaq ailədən sonra ilk dəfə bağçada kollektivə qoşulur, paylaşmağı, dostluq etməyi və birlikdə davranmağı burada öyrənir. Tərbiyəçinin qayğıkeş münasibəti uşağın gələcəkdə özünəinamlı və sağlam düşüncəli bir insan kimi formalaşmasına töhfə verir”.Bağçaya uyğunlaşma prosesində ən böyük çətinliyin ayrılıq təşvişi olduğunu bildirən müəllim vurğuladı ki, uşaqlar yeni mühitə alışarkən valideynlərindən ayrılmaq qorxusu yaşayırlar. Bu mərhələdə bağçanın təhlükəsiz və sevgi dolu mühit olduğunu onlara hiss etdirmək xüsusi əhəmiyyət daşıyır.
Sonda valideynlərə çağırış edən müəllim bağça ilə ailə arasında əməkdaşlığın vacibliyini vurğuladı. Bildirdi ki, uşağın inkişafında vahid yanaşma mühüm rol oynayır və valideynlər övladlarının yalnız gündəlik ehtiyaclarına deyil, emosional dünyasına da diqqət göstərməlidirlər.
Günay HACIYEVA
Digər xəbərlər