FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Sərin bir yaz axşamıdır. Naxçıvan şəhərində Ulu Öndərin adını daşıyan sarayda "İşığa doğru"adlı konsert proqramı başlayır. Səhnənin pərdələri açılır, zalda əyləşən hər kəsin diqqəti ondadır. O, mahnı ifa edir, amma bizim ona baxdığımızı görmür, hiss edir, sadəcə. Vətənə həsr olunan mahnını ifa etdikcə onun qaranlıq dünyasındakı Azərbaycanı görürəm sanki. Könül gözü ilə sevdiyi Azərbaycanı. Görmədən, sadəcə, hiss edərək sevdiyi Vətəni. Səhnədən alqışlarla ayrılan ifaçının yerini digər ifaçı tutur. Bu dəfə Ulu Öndər gəlir gözlər önünə. ”Gözəl ömür yaşamaq Allahın bəxşişidir” deyilir mahnının sətirlərində.
O, dünyaya gələndən bu günə kimi qaranlıq olub gözlərinin qarşısı, amma o, saçına toxunan qayğıkeş əlləri hiss edərək, onu görmədən sevib Heydər babasını. Çünki yaşadıqca bu Vətənin azadlığını kimin qoruduğunu öyrənib. Gözləri günəşi görmür, amma onun istiliyini hiss edir. Dövlətin qayğısını hiss etdiyi kimi. Səhnə yenə dolub-boşalır bu dəfə “Ömrümün mənasısan, Azərbaycan” sədaları alqışlanır. Səhnədə gənc bir oğlan dayanıb. “Anamın anasısan, Azərbaycan" , – deyir. Anaların gözü dolur. Sevinc göz yaşı axır övladı səhnədə olan ananın gözlərindən. Dövlətin onun sağlamlıq imkanları məhdud olan övladına göstərdiyi qayğı onun qəlbini dağa döndərir.
İfasının alqışlarla qarşılandığını görən ifaçı sevinclə ayrılır səhnədən… “Naxçıvan” mahnısı səslənir, 12 yaşlı bir oğlan görünür səhnədə. "Ellərin sevgili yarı Naxçıvan" cümləsini deyəndə tək əli ilə, var gücü ilə qucaqlayır sanki bu qədim yurdu.
Davam edir bu gözəl ifalar, hər birinin dilindən səslənən cümlələrdə Vətən, dövlət sevgisi duyulur. Hər birinin qəlbindəki Azərbaycan məhəbbəti dil açır, işıq saçır sanki dünyaya. Onların fərqliliyi təkcə ifaları ilə yekunlaşmır, rəsmlər, əl işləri sərgisi də bu sevgini tamamlayır. Kimi xarıbülbülün rəsmini çəkib, kimisi Şuşanı, Naxçıvanı vəsf edib. Əl işləri də var bu sərgidə. Ürəklərindəki sevgidən yaranan əl işləri…
Bu sarayın səhnəsi də, foyesi də dəfələrlə çox böyük və möhtəşəm tədbirlərə ev sahibliyi edib. Çox böyük sənətkarlar çıxıb bu səhnəyə. Amma bu dəfə tamam fərqli bir dünya var idi burada. İşıq saçan Günəş, Ay, al şəfəqli bütöv Azərbaycan, hər bir vətəndaşına öz övladı kimi qayğı göstərən bir ölkə var idi bu səhnədə. Vətəni öz qanı ilə bütövləşdirən oğulların ağ göyərçinə dönüb başımız üstündə qanad çalan ruhu var idi, müstəqil, azad Azərbaycan var idi. Hər bir vətəndaşına göz olan, əl olan “Azərbaycan” adlı bir dövlət... Övladının gözünə işıq, əlinə güc, ayağına təpər, ürəyinə sevgi bəxş edən, ona yaşamaq həvəsi qazandıran, cəsarət verən bir Vətən. Və hər bir vətəndaşını öz övladı kimi görən bir dövlət başçısı.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər