FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın, təxminən, 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdı. Xalqımıza qarşı hərbi cinayətlər törədilmiş, etnik təmizləmə siyasəti aparılmışdı. İllərlə sülh danışıqları aparılmasına, münaqişənin sülh yolu ilə həllinə çalışılsa da, düşmən öz mövqeyindən əl çəkmir, müntəzəm olaraq cəbhəboyu təxribatlar törədirdi. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirmişdir ki, əgər danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Torpaqların işğalı ilə heç zaman barışmayan, sülh naminə illərdir, səbir edən Azərbaycan 2016-cı ildə Aprel zəfəri ilə düşmənə gücünü və nəyə qadir olduğunu göstərdi.
Aprel döyüşləri şanlı zəfərimizin ilk qığılcımları idi. Bu yolda şəhidlər versək də, insanlarımız heç zaman ruhdan düşmədi, əksinə, intiqam və zəfər hissi ilə yaşadılar.
26 illik fasilədən sonra bir bahar günü Şərur-Sədərək istiqamətində gedən yolçular “Günnüt” yazılmış yol nişanı ilə qarşılaşdılar. Aprel zəfərindən 2 il sonra keçirilən Günnüt əməliyyatı ordumuzun növbəti uğuru idi. Düşmən 2018-ci ildə Şərur-Sədərək istiqamətində növbəti təxribata əl atdı. Bununla mövqelərinin daha da irəliləyəcəyini düşünsə də, gözlənilməz mənzərə ilə qarşılaşdı. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz 3-6 kilometr dərinliyə irəliləyərək daha əlverişli mövqelərdə möhkəmləndi. Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində azad edildi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi. Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsi oldu. Sədərək şərab zavodu da düşmənin nəzarətindən çıxdı.
Paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də həmin dövrdə işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük demək idi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometrdən artıq yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa edildi. 1600-dən çox müxtəlif növ minalar aşkar edilərək zərərsizləşdirildi. Strateji əhəmiyyətli Arpaçay su dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Günnüt əməliyyatı bir daha Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, mənəvi-psixoloji hazırlığını ortaya qoydu.
2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan televiziyasına müsahibə verən Prezident İlham Əliyev də Günnüt əməliyyatını ordumuzun peşəkarlığının mühüm göstəricisi kimi xarakterizə etdi, böyük qələbəyə gedən yolda strateji əhəmiyyətli hərbi uğur olduğunu vurğuladı: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
Rayon mərkəzindən 22 km məsafədə yerləşən Günnüt kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş, əhalisi Mahmudkəndə köçməyə məcbur qalmışdır. 26 il sonra azad olunan Günnüt kəndində qarşılaşdığımız mənzərə isə bu idi: dağıdılmış evlər, binalar, bir də qəbiristanlıq. Məzar daşlarını belə uçuran düşmən Günnütdə də öz xislətinin izlərini buraxmışdı. İllər sonra günnütlülər öz doğmalarının məzarını ziyarət etdilər, səliqə-sahman yaratdılar. Günnüt zəfəri həm də düşmənlə bir addımlıqda yerləşən Sədərək rayonunda sakinlərin daha rahat hərəkətinə, təhlükəsiz yaşayışına, eyni zamanda azad olunan ərazilərdə lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaratdı, hektarla sahələr əkin dövriyyəsinə qatıldı.
Düşmən Günnüt zəfərini nə qədər gizlətməyə çalışsa da, öz məğlubiyyətini etiraf etməkdən qaçsa da, növbəti məğlubiyyət özlərinin uydurduqları “keçilməz” sədləri yardı. Və bütün planlarını alt-üst etdi. 2020-ci ildə bir daha öz “güc”ünü sınamağa çalışan düşmən qarşısında müzəffər Azərbaycan Ordusunu görüncə diz çökdü, xalq-dövlət-ordu birliyini görüncə geri çəkildi. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmən tapdağından azad edildi. 27 sentyabrdan başlanan Zəfər yürüşü 8 noyabr tarixində Şuşada Azərbaycan Bayrağının dalğalandırılması ilə taclandırıldı. Tarixi ədalət bərpa olundu. Antiterror əməliyyatı ilə düşmənin tör-töküntüləri Qarabağdan təmizləndi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Yaşayış binaları, məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları tikilir, həyat yenidən çağlayır.
İllər keçəcək, əsrlər ötəcək, tarix isə Azərbaycan xalqının həsrətinə son verən, ədaləti bərpa edən, Böyük Qayıdışa səbəb olanları, canı bahasına torpağı qoruyanları öz səhifələrində qoruyacaq, nəsillərdən-nəsillərə ötürəcək. Azərbaycan Ordusunun gücü həm də Günnüt zəfərinin timsalında göstəriləcək.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər