FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 ...
10:05 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Mayın 18-dən Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu gün öz işinə yekun vurur. Bu forum Azərbaycanın beynəlxalq miqyasda şəhərsalma sahəsində artan rolunu aydın nümayiş etdirdi. Açılış mərasimində Prezident cənab İlham Əliyevin çıxışı isə ölkənin inkişaf prioritetlərini və urbanizasiya strategiyasını əhatəli şəkildə ortaya qoydu.
18-22 may tarixlərdə keçirilən forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı ilə rekord göstərici qeydə alınıb. Bu, COP29-dan sonra ölkədə təşkil olunmuş ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirilir və forumun nəticələrinin əvvəlki uğurlu təcrübə qədər yüksək səviyyədə olacağına ümid yaratdı.
Belə geniş iştirak Azərbaycana ilk dəfə gələn qonaqlara ölkənin şəhərsalma təcrübəsini və memarlıq simasını yaxından görmək imkanı yaratdı. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın tarixi və coğrafi mövqeyi onun şəhər mühitində də aydın hiss olunur. Bakıda İçərişəhərin qədim divarları ilə müasir göydələnlər bir küçə aralığında qarşılaşır. Vaxtilə cəmi 3 kilometr olan Bakı bulvarı bu gün 15 kilometrdən artıq sahəni əhatə edən müasir dənizkənarı məkana çevrilib. XIX əsr Avropa memarlığının izlərini daşıyan binalar isə qədimliklə yeniliyin harmoniyasını tamamlayır.
Bu yanaşma yalnız paytaxtla məhdudlaşmır. 2025-ci ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlətin bu sahəyə verdiyi strateji önəmi göstərir. 2022-ci ildən başlayaraq BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi də həmin siyasətin praktik nümunələrindəndir.
Ölkənin qədim memarlıq irsi də xüsusi diqqətə layiqdir. Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri, Naxçıvanda XII əsrə aid Möminə xatun türbəsi, Nizami Gəncəvinin vətəni Gəncə, Qafqaz Albaniyasının paytaxtı Qəbələ, Şəkinin Kiş kəndindəki qədim alban məbədi bu irsin zənginliyini təsdiqləyir. Lahıc kəndində 15 əsr əvvəl yaradılmış və bu gün də fəaliyyət göstərən kanalizasiya və su sistemləri isə əcdadların yüksək mühəndislik bacarığını nümayiş etdirir. Qarabağın tacı Şuşa isə hazırda bərpa olunur, zədələnmiş qalası yenidən qurulub. Tarixi irsin qorunması ilə müasir inkişafın balansı şəhərsalmanın əsas prinsipi kimi qəbul edilir.
Ən böyük çağırışlardan biri də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 30 illik işğal nəticəsində tamamilə dağıdılmış bu ərazilər, xüsusilə Ağdam “Qafqazın Xirosiması” adlandırılırdı. “Böyük Qayıdış” Proqramı çərçivəsində cəmi 5 il ərzində 70 kilometr tunel çəkilib, 500 körpüdən 435-i inşa olunub. Üç beynəlxalq hava limanı, dəmir yolları, elektrik stansiyaları, su kəmərləri, su anbarları, evlər, məktəblər və xəstəxanalar tikilib. Artıq 85 mindən artıq keçmiş məcburi köçkün bu ərazilərdə yaşayır, işləyir və təhsil alır. Minalardan təmizlənmə ilə paralel olaraq sənaye zonalarının yaradılması yüz minlərlə insanın sürətli və davamlı qayıdışını təmin edir.
Ətraf mühitin bərpası və yaşıl şəhər konsepsiyası da Azərbaycanın şəhərsalma siyasətində mühüm yer tutur. Dünyada ilk sənaye neftinin hasil olunduğu Bakı uzun illər ekoloji problemlərlə üzləşmişdi. Bu gün həmin ərazilərdə Ağ şəhər və Sea Breeze kimi müasir layihələr həyata keçirilir. Son 20 ildə Bakıda 100-dən artıq park və ictimai məkan yaradılıb, ictimai nəqliyyat və elektrik avtobusları şəbəkəsi genişləndirilib, mikromobillik imkanları artırılıb.
Bütün bu faktlar Azərbaycanın şəhərsalma siyasətinin əsas xüsusiyyətini aydın şəkildə özündə əks etdirir. Sadalanan faktlar tarixi irsi qoruyub saxlamaqla yanaşı, müasir, ekoloji dayanıqlı, insan mərkəzli şəhərlər yaratmaq üçün beynəlxalq təcrübə mübadiləsində güclü zəmin yaradır və gələcək nəsillərə sağlam, komfortlu və mədəni dəyərlərlə zəngin yaşayış mühiti buraxmağa imkan verir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın şəhərsalma siyasətinin dərin fəlsəfəsini bir daha dünyaya aydın şəkildə əks etdirir. Bu fəlsəfə qədim tarixi irsi müasir inkişafla harmoniyalaşdırmaq, ətraf mühitə hörmət göstərməklə insan mərkəzli şəhərlər yaratmaq və postmünaqişə dövründə dağıdılmış əraziləri sürətli və keyfiyyətli şəkildə bərpa etmək üzərində qurulub.
Azərbaycan üçün şəhərsalma sadəcə infrastruktur məsələsi deyil, milli kimliyin qorunması, davamlı inkişaf və gələcək nəsillərə layiqli yaşayış mühitinin miras qoyulmasıdır. WUF13 də məhz bu yanaşmanı beynəlxalq auditoriyaya təqdim etdi. Forum Bakını yalnız böyük tədbirlərə ev sahibliyi edən şəhər kimi deyil, qədim irslə müasir urbanizmin qovuşduğu mühüm qlobal platforma kimi ön plana çıxardı. Azərbaycan isə bir daha göstərdi ki, sürətli inkişafla milli-mədəni irsin qorunması bir-birini tamamlayan anlayışlardır.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər