NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Qəlbi yurd yeri, doğma torpaq sevgisi ilə yaşayanlar Ləkətağda hər daş, hər ağac, hər bulaq doğmalıq hissi oyadır

...

Kəndləri ağuşuna alan dağların arasından keçən dolanbac yollar, yolboyu insanı valeh edən mənzərələr, yamyaşıl çəmənliklər, zirvəsi dumana bürünmüş Haçadağ, Əlincə qalası və sıldırımlı qayalar. Bu yol bizi yalçın qayaların arasından boylanan Günəş şüalarının çəmənləri yaşılın ən parlaq çalarlarına çevirdiyi bir məkana – sərhəd kəndimiz Ləkətağa aparır. Kəndə gedən hər yol başqa bir mənzərəyə açılır, təbiət sanki yaz aylarında öz rənglərini daha səxavətlə paylayıb ucqar kənd­imizə. Ləkətağda bahar təkcə təqvimin dəyişməsi  deyil, bura üçün yaz təbiətin yenidən doğulması, həyatın ritminin yenidən sürətlənməsidir həm də. Kəndin sərhəd bölgəsində yerləşməsi isə bura ayrı bir ruh verir. Sərhəd kəndi sakit görünsə də, bu sakitliyin içində həyatın özünəməxsus ahəngi, hər  daşın, hər cığırın bir xatirəsi var. Dağların ətəyində yerləşən bu kənd həm təbiətin  gözəlliyini, həm də sərtliyini özündə birləşdirir. Eyni zamanda qədimliyi ilə seçilir. 

Günəşin işığı dağların zirvəsinə toxunanda, duman dərələrin sinəsinə çəkilməyə başlayanda Ləkətağa çatırıq. Dağların qoynunda gizlənən, yamacları yaşıl xalçaya bürünən kənd sanki yazın ən gözəl səhərlərindən birini açır. Adi mənzərədir, bəlkə, yerli sakinləri üçün. Guruldayan çayın səsi yanında olan insanı eşitməyə belə macal vermir. Çay kənarında yaşlı qadının çöl pencərləri yığdığını görürük. Məlum olur ki, ilin bu ayında sakinlər daha çox su kənarında olan uşqun yığırlar, təklif edir bizə də. Dadına baxdıqdan sonra anlayırsan ki, burada insanlar təbiətlə birgə yaşayır.
Ümumiyyətlə, dağların ətəyində yerləşən sərhəd kəndləri həmişə insana başqa bir hiss yaşadır. Burada təbiətin əzəməti ilə insanın dözümlülüyü bir-birinə qarışır. Uca dağlar kəndi sanki qoruyur, sərhəd isə bu yerlərdə xüsusi bir məna kəsb edir. Ləkətağın da özünəməxsus bir sakitliyi var. Burada zaman daha asta axır, amma daha mənalı hiss olunur. Dağların havası sakinlərin qəlbi kimi təmiz və safdır. Bəzən düşünürsən, bəlkə, yazın gəlişi bu insanlara da yeni nəfəs gətirib. “Bizim adətimizdir”, – deyir Nabat Məhərrəmova. Bu səmimilik həm də Ləkətağda həyatın təbii ahəngini yaradır: “İlin bu fəslində kənd camaatı təbiətin bəxş etdiyi dağ pencərlərini yığmaq üçün dağlara, çay kənarlarına gedir. Hətta bizim belə bir adətimiz də var ki, gələn qonağı da dəvət edirik. Sizlərlə də gedib yığa bilərik (gülür). Burada hər bir insan torpağına bağlıdır, torpaqla nəfəs alır. Ləkətağın ən gözəl özəlliyi də məhz budur”.
Ləkətağın dar, bəzən daşlı küçələri ilə addımlayanda hər həyətin öz həyat hekayəsi olduğunu anlayırsan. Kimisi həyətyanı sahəsini süpürür, kimisi məktəbdən gələn uşağını qarşılayır, kimisi isə bağında təsərrüfatı ilə məşğul olur. İnsanların doğmalığı gözlərindən oxunur, salamlar səmimi, baxışlar doğmadır bu kənddə. Bu insanlar zəhmətkeş və qürurludurlar. Onlar üçün torpaq yalnız yaşadıqları yer deyil, həm də müqəddəs əmanətdir, burada insanlar torpağın qədrini yaxşı bilirlər. Yaz fəsli onlar üçün həm də böyük bir tədarükün, zəhmətin başlanğıcıdır, zəhmət mövsümüdür. İnsanlar səhər tezdən əkin sahələrinə yollanır, torpağı becərir, bağ işləri ilə məşğul olurlar. Əsas məşğuliyyətləri maldarlıqdır. Kəndin hər tərəfində həyatın hərəkəti hiss olunur. Bütün bu zəhmətin içində bir də qəribə, fərqli rahatlıq var. Kənd sakini Sərdar Məhərrəmov deyir ki, bu torpaqlarda həyat çətin olsa da, bərəkət heç vaxt əskik olmayıb, rahatdırlar. Şəhərin səs-küyü yoxdur, sakitliyə öyrəşiblər burada. Həm də dağların ətəyində məskunlaşmaları onların ürəyini rahatladır: “Bu il qış bir az sərt keçdi, amma yaz gələn kimi dağların da canına istilik düşür, torpaq canlanır”.
Kəndin mərkəzində olan əzəmətli cəviz ağacları və onun ətrafında qaynayıb-qarışan uşaqlar sərhəd kəndinin qədimliyini və gələcəyə parlaq baxışını özündə tərənnüm edir. Burada uşaqlar baharın gəlişini telefon və ya hər hansı elektron vasitələrdən yox, torpağın istisindən, yeni çiçək açan ağaclardan müşahidə edirlər. Məktəbi kiçikdir bu kəndin, 60-a yaxın şagirdi var. Məktəbin həyətində oynayan uşaqların gülüşü, şagirdlərin dərs zamanı gələn səsi elə kəndlə yanaşı, müəllimlərin də gələcək səsidir. Sərdar müəllim deyir ki, şagirdlərin göstəriciləri yüksəkdir: “Xüsusilə sərhəd bölgələrində müəllimlərin şagirdlərə aşıladığı ilk məqam Vətəndir. Ucqar kənd olmasına baxmayaraq, Ləkətağda təhsil alan şagirdlərimizin göstəriciləri hər zaman yüksək olub. Buradan çıxacaq hər bir şagirdin uğuru elə məktəbin, bu torpağın uğurudur”. Müəllimin sözlərindən sonra düşünürsən: Dağların arasından boylanan bu kənd, bəlkə, xalqın mənəvi yaddaşıdır. Bunu yaşatmaq isə yalnız o kənddə təhsil verən müəllimin yox, hamımızın borcudur.
Qışın sərt sınağından yeni çıxmış kəndin dağ yolları ilə yaşayış məskənindən uzaqlaşırıq. Ləkətağın o məşhur, yerli sakinlər tərəfindən “fontan” adlanan bulağını görmək üçün...
Kəndin mənzərəsinə fərqli bir ruh, fərqli bir can bəxş edən əsas element isə onun tən ortasından axıb keçən çayıdır. Dağların zirvəsində hələ də ağ örpək görünsə də, ətəklərindəki buzlar əriyərək kəndin ortasından keçən Dəmirli çayını indi daha coşqun, daha səsli axmağa “vadar” edir. Sıldırım qayaların arasından süzülüb gələn, büllur kimi təmiz olan bu sərin su kəndi iki hissəyə ayırsa da, insanları və təbiəti bir araya gətirən əsas bağ hesab edilir Ləkətağda. Çay kənarı boyunca düzülən qocaman ağaclar suya doğru əyilərək sanki rəqs edirlər. Yazın gəlişi onları da rahatladıb. Əsən sərin meh və ağacların xışıltısı çayın gurultusuna qarışır, ortaya insan ruhunu dincəldən təbii bir melodiya, simfoniya çıxır sanki. Uca dağların qoynundan gələn çay təkcə təbiətin bir parçası deyil, həm də kənd insanlarının həyat mənbəyidir. Çayın axarı kimi bu kəndin həyatı da sakit, saf və təbiətlə ahəng içində davam edir. Çayın mənzərəsini seyr etmək üçün ən gözəl yer isə kəndin mərkəzində olan köhnə körpüdür. Körpünün üzərinə çıxıb ətrafa boylandıqda bənzərsiz bir mənzərə açılır: yaşıl yamaclar, dumana bürünmüş başıqarlı dağlar, çay daşlarına çırpılaraq köpüklənən suyun yaratdığı ecazkar mənzərə.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səməd Əliyevlə söhbətləşəndə öyrənirik ki, bu çay, sadəcə, vizual bir gözəllik deyil, həm də kəndin nəbzidir. Çay olmasaydı, nə bu yamyaşıl bağlar olardı, nə də kəndin bu qədər bərəkəti. Yaz aylarında coşub-daşan, yayda isə sakitcə şırıldayan bu su əsrlərdir, bu torpaqlara həyat paylayır. Odur ki, bu suyun səsi ilə böyüyən insan harada yaşasa da, bir gün yenə doğma yurda qayıdır.
...Kiçik Qafqaz dağlarının ətəyində, Dəmirli çayının başlanğıcında kiçik, amma müalicəvi xüsusiyyətə malik olan mineral bulağa çatırıq. Dağların qoynundan çıxan saf və şəffaf su illərdir, kənd sakinlərinin şəfa mənbəyi hesab olunur. Yerli sakinlər inanırlar ki, bu bulağın suyu həm yorğunluğu alır, həm də bir çox xəstəliklərə fayda verir. Yay aylarında Naxçıvanın digər bölgələrindən belə insanlar buraya gələr, bulağın sərin və şəfalı suyundan içər, təbiətin bəxş etdiyi bu nemətdən faydalanarlar. Bulağın “fontan” adlandırılmasına gəlincə, yerli sakinlər deyir ki, bir vaxtlar bu mineral su 2-5 metr yüksəkliyə kimi qalxırmış.
Kənddə keçirdiyin zaman ərzində anlayırsan ki, əsl gözəllik təbiətlə insanın vəhdətindədir. Həyat çətin olsa da, burada yaşayanların qəlbi yurd yeri, doğma torpaq sevgisi ilə doludur. Ləkətağda hər daş, hər ağac, hər bulaq doğmalıq hissi oyadır. Sanki burada zaman daha yavaş axır, insan isə həyatın həqiqi dəyərini daha yaxşı anlayır. Öz bəsitliyini və saflığını qoruyub saxlayan kəndin dağ yolları ilə aşağıya doğru enərkən, geriyə dönüb son dəfə baxırıq. Dağların arasından bizə əl edən o kiçik kənd insanların yaddaşında və qəlbində böyük bir dünya kimi yaşayır. Bir şey anlayırıq: həyat sadədir burada, amma daha səmimidir. Kəndin ruhunda həm təbiətin gözəlliyi, həm də Vətən sevgisi yaşayır. Bəlkə də, elə buna görə bu dağ kəndinin yolu unudulmur. Unudulmamaq arzusu ilə...    

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 29.05.2026 09:18