NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Babək rayonunun Sirab kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ailə dəyərlərinin qorunması, qadınların ailə və cəmiyyətdə oynadığı mühüm rol, eləcə də uşaqların sağlam tərbiyəsi hər zaman prioritet istiqamətlərdən olub.
Komitə sədri sağlamlıq imkanları məhdud uşaqlarla bağlı görülən işlərdən də danışaraq bildirib ki, muxtar respublikada bu kateqoriyadan olan uşaqlara xüsusi diqqət göstərilir. Vurğulanıb ki, belə uşaqlardan 432 nəfəri Babək rayonunun sakinləridir. Onlardan 271-i oğlan, 161-i isə qızdır.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Qidalanmanın reproduktiv sağlamlığa təsiri” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, tədbirdə komitədə istehsalat təcrübəsi keçəcək tələbələr də iştirak ediblər.
Sonda iştirakçılara müxtəlif mövzularda maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 18.05.2026 16:25