Milli Məclisin növbədənkənar sessiyasının növbəti ...
18:05 30.06.2025
0
0
0
NAXÇIVAN :
30 Iyun 2025, Bazar ertəsi
"İyunun 27-də Yekaterinburqda baş verən hadisələr bir daha onu göstərdi ki, Rusiyada milli azlıqlara qarşı ayrı-seçkilik artıq təsadüfi hallar yox, idarə olunan tendensiyadır. Azərbaycanlı ailələrin yaşadığı evlərə edilən basqın, zorakılıq və həbslər insan hüquqlarına açıq hücum olmaqla yanaşı, həm də Rusiya daxilində sistemli təqib və qorxu siyasətinin alətinə çevrilib".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova deyib.
Deputat qeyd edib ki, artıq Rusiyada formalaşan rəsmi və qeyri-rəsmi ritorika türk-müsəlman xalqlarını daxili təhlükə kimi təqdim edir. Bu isə təkcə Azərbaycana deyil, həm də regionun sabitliyinə qarşı yönəlmiş təhlükəli çağırışdır. Bu siyasətin kökündə daxili sosial gərginlikləri “xarici etnik düşmən” obrazı ilə yumşaltmaq cəhdi dayanır. Daha narahatedici məqam isə miqrantların, xüsusilə də müsəlman əsilli şəxslərin müxtəlif bəhanələrlə münaqişə bölgələrinə – Ukraynaya döyüşə göndərilməsi üçün psixoloji və hüquqi təzyiqlərlə üzləşməsidir. Bu, beynəlxalq humanitar hüququn pozulması olmaqla yanaşı, miqrantların hərbi-siyasi alətə çevrilməsi deməkdir.
"Ən acınacaqlısı isə odur ki, bu hallar təkcə hüquq-mühafizə orqanlarının qeyri-peşəkarlığı ilə deyil, siyasi dairələrin səssiz razılığı və mediada aparılan şovinist kampaniyalarla üst-üstə düşür", – deyən Sevinc Həsənova qeyd edib ki, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, beynəlxalq platformalarda da diqqət mərkəzində saxlanılmalı, hər bir hüquq pozuntusu beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməlidir.
"Bütün bu məsələlərin fonunda Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı qeyri-dost münasibət, informasiya müharibəsi və kiberhücumlar, eləcə də ermənipərəst dairələrin fəallaşması narahatlıq doğurur. Azərbaycan sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarıdır. Lakin bu dəyərlərə qarşı yönələn təzyiqlərə qarşı səssiz qalmaq mümkün deyil. Biz beynəlxalq ictimaiyyəti bu hallara prinsipial münasibət göstərməyə çağırırıq", – deyə Ali Məclisin deputatı vurğulayıb.
Digər xəbərlər