NAXÇIVAN :

09 May 2025, Cümə

Şair Rüstəm Behrudi: “Mən, həqiqətən, çox sevinirəm ki, bu gün Mirzə Cəlilin, Cavidin yaşadığı torpaqlardayam”

...

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” start götürdü. Yazarların, şairlərin iştirak etdiyi sərgidə  şair Rüstəm Behrudi də var. Sərginin ikinci günündə oxucuları ilə görüşəcək olan şair Naxçıvan torpağı və  kitab sərgisi ilə bağlı hisslərini “Şərq qapısı” qəzeti ilə bölüşdü:

"Uzun illər bundan əvvəl mən Naxçıvan Dövlət Universitetini bitirmişəm. Daha sonra Bakıya getməli oldum. Dostlarım, tanışlarım çoxalmağa başladı, kitablarım çap olundu. Həyat elə gətirdi ki, Azərbaycanın dəyərli alimlərindən biri olan Azad Mirzəcanzadə ilə tanış oldum. Danışdıq, söhbətləşdik. Mənim kitablarımı oxuyub çoxlu fikirlər bildirirdi. Dedi, sən Naxçıvan Dövlət Universitetini bitirmisən, gərək sənin istedadını hamı görsün. Amma bir nöqsanın var ki, çoxlu kitab oxumursan. Həqiqətən də, haqlı idi, mən kitab oxumurdum. Onun sözündən sonra mən hər gün başladım yatmazdan əvvəl bir-iki saat kitab oxumağa. Və beləliklə, kitablar mənim həyatıma daxil olmağa başladı...  Mən yeni kitabların əksəriyyətini oxuyuram. Amma hazırda yaxşı kitab tapa bilmirəm oxumağa. Biz də kitab mədəniyyəti aşağıdır. Nə qədər tərifləsək də, nə qədər tənqid etsək də, xalqımızın belə bir sözü var, “Kor-kor, gör-gör”. Baxıram bəzən kitab sərgilərində camaat kitab almaq istəmir, kitabların yanından keçirlər. Alan da olur, amma az olur. 

Naxçıvan mədəni fikir tarixinin, türkçülüyün, turançılığın mərkəzi olubdur. Hətta türkçülük və turançılıq ideyası belə son yüz ilin sonunda Naxçıvandan Bakıya gedib. Naxçıvan mənim üçün çox dəyərlidir. Bir şeirimin sonunda yazmışdım:

Araz Ordubadda dağ-daşdan deyil,

Axıb adamların içindən keçir.

Mən çox sevinirəm ki, Naxçıvanda ikinci dəfə kitab sərgisində iştirak edirəm. Naxçıvan mənim üçün nə qədər əzizdirsə, Naxçıvanda keçirilən kitab sərgiləri də bir o qədər əzizdir. Mənə bir general danışırdı ki, İkinci Qarabağ müharibəsi zamanı əsgərlər mənim şeirlərimi oxuyub döyüşə motivasiya qazanırdılar. Bu təkcə döyüş parolu, döyüş himni deyil, insanların ruhunu dəyişəcək bir məhfumdur. 

Mən, həqiqətən, çox sevinirəm ki, bu gün Mirzə Cəlilin, Cavidin yaşadığı torpaqlardayam. Bura insan üçün bir məktəbdir.  

Hələ zaman-zaman Azərbarbaycanın digər bölgələri çox şeyi Naxçıvandan öyrənəcək".

 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 09.05.2025 12:59