NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

SALAM, NAXÇIVAN!

...

“Şəhərsalma və Memarlıq İli” və memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə

    Salam, gözəl yurdumun vəfalı insanları,
    Salam, daş heykəllərim, qədim abidələrim.
    Əsrlərdir, sənətin keşiyində durmusuz,
    Salam, sizi tarixə verən qızıl əllərim.

    Salam, memar Əcəmi, ustadım, sənətkarım,
    Sənin naxışlarının sorağında gəzirəm.
    Tarixə ad yazdırıb, tarix yazır Naxçıvan,
    Səmərqənddə, Daşkənddə əl izini görürəm.

    Salam, Möminə xatun, sən qadın ucalığım,
    Şəmsəddin Eldəgizin etibarlı qadını!
    Əcəmi Əbubəkr təkrar yaşatdı səni,
    Dünyaya car eylədi o möhtəşəm adını.

    Salam, Yusif Küseyir, mömin, səxavət kanı,
    Adına “Ata-baba günbəzi” ucaltdılar.
    Yurdumun sinəsində əli qızıl olanlar
    Adınla fəxr etdilər, adına ad qatdılar.

    “Nəbi yurdu”, “Nuhdaban” sirr dolu addım səsim,
    Salam, Nuhun gəmisi, salam, Nuhun türbəsi.
    Köhnəqala tərəfə yolum düşdü bu səhər,
    Yol göstərir hər kəsə peyğəmbər əfsanəsi.

    Salam, qoç heykəllərim, Açıq Səma Muzeyim,
    Xan sarayı – keçmişin, xanlığın nişanəsi,
    “Buzxana” buz tarixin əbədi saxlanc yeri.
    İmamzadə inamın, imanın adil səsi.

    Nəimi Xanəgahda Nəsimidən danışır,
    Səlcuqilərdən qalıb Əlincənin qalası.
    On dörd il sinə gərib Əmir Teymur zülmünə,
    Sonunda zəfər çalıb boz qurdun qurd balası.

    Bura yolu düşmüşdü Şah Xətai babamın,
    “Nə gözəl yerdi”, – deyib, qurdu uca taxtını.
    Arazda sərin külək vurduqca İsmayılı,
    Bağlanıb Nuh yurduna, sevdi o Şahtaxtını.

    Daşlaşmış tariximdə – qayaların üstündə
    Babəkin, Koroğlunun ayaq izləri vardır.
    Burada Bəhruz fırçası naxışlayıb sənəti,
    Cəlilimin, Arazın ölməz sözləri vardır.

    Salam, Cavid əfəndi, sözümün şah misrası,
    Daşa yazılan sözün ömrü də uzun olur.
    Məqbərədə dörd ürək sarılıb bir-birinə,
    Sahib çıxsam tarixə, tarix də bizim olur.

   Salam, memar qardaşım, daşa can verən ustad,
   Naxçıvanın ürəyi əsərinlə öyünür.
   Əsrlərdən yadigar ulu yurdun qapısı,
    İslamın söz mülkünün nəğməsilə döyünür.

   Naxçıvanın tarixi yazılıb sətir-sətir,
   Təbrizimin adına ucalıb bir göydələn.
   Öndərin abidəsi salamlayır hər kəsi,
   Çiçəklərlə yad edir yurduma qonaq gələn.

   Salam olsun Duzdağa, süfrəmin dad yerinə,
   O da bir ziyarətgah, o bir duz yaddaşımdır.
   Bir tikə duz-çörəyin min il haqq-salamı var,
   Salamı itirməyən dostumdur, qardaşımdır.

   Salam, Qarabağlarım – Quti xatun türbəsi,
   Bura hökmdarların ətək salan yeridir.
   Ordubad mədrəsəsi, Qeysəriyyə bazarı,
   Qədim Cümə məscidi Şərqin inciləridir.

   Məscidlərin, pirlərin sayı yox, hesabı yox,
   Körpülər, mağaralar qədim yurd nişanəsi.
   İki qütbü yan-yana görənlər heyrət edir,
   Qədim-yeni tarixin daşlardan gəlir səsi.

   Salam, memar Əcəmi, salam, doğma şəhərim,
   Sözdən bir qala qurdum sənin ehtişamına.
   Bir sənət əsərisən Şərqin qapısında sən,
   “Salam, Naxçıvan!” – dedim, bunlar düşdü yadıma.

Təranə ARİFQIZI
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Nəşr edilib : 30.05.2026 13:05