NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Şəhərimizin görünməyən qəhrəmanları: yaşıl dünyanın keşikçiləri

...

Hər səhər gözümüzü açanda pəncərədən boylanan yamyaşıl ağaclar, parkları, xiyabanları bəzəyən rəngbərəng güllər və ciyərlərimizə çəkdiyimiz o təmiz hava... Çox vaxt şəhər həyatının bu əvəzolunmaz gözəlliyini təbii, öz-özünə baş verən bir axın, sadə bir reallıq kimi qəbul edirik. Sanki o ağaclar həmişə orada olub, o güllər öz-özünə belə nizamla düzülüb. Lakin unuduruq ki, şəhərin səs-küylü, beton binalarla əhatələnmiş simasına can verən hər bir yarpağın arxasında, hər bir budağın kölgəsində tükənməz bir enerji, böyük bir əmək və qorunmalı olan sonsuz bir sevgi gizlənir. Onlar sübh tezdən – hələ şəhər yuxudan oyanmamış küçələrə çıxır, torpağa toxunur, təbiəti addım-addım sığallayırlar.

5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə biz şəhərimizin simasını gözəlləşdirən, nəfəs kəsən istilərdə belə bizə kölgə bəxş edən, lakin əməkləri çox vaxt pərdə arxasında qalan o görünməyən qəhrəmanlardan birini sizə tanıtmaq istəyirik. Naxçıvan şəhərinin küçələrini, parklarını, sadəcə, daş və betondan ibarət mühitdən çıxarıb, nəfəs alan canlı bir məkana çevirən o sehrli əllərin sahiblərindən biri – Naxçıvan Yaşıllaşdırma Xidmətinin bağbanı Asəf Qələndərovdur. Artıq 12 ildir ki, bu fədakar peşəyə ömrünü verən Asəf dayı ilə şəhərin yaşıllıqları içində, elə onun öz ərsəyə gətirdiyi, böyütdüyü ağacların sərin kölgəsində həmsöhbət olduq. O, bizə bağbanlığın pərdəarxası dünyasını öz səmimi cümlələri ilə belə nəql etdi:

 – “Bilirsiniz, bağbanlıq, mənim üçün, sadəcə, bir iş, dolanışıq yeri deyil. Bu, zamanla məndə böyük bir sevgiyə, bağlılığa çevrilib. Bağların, bağçaların yaşıllaşdırılması, onlara vaxtlı-vaxtında qulluq olunması, sulanması, ağacların dərmanlanması – bunların hamısına tək-tək, diqqətlə nəzarət edirəm. Hər bir bitki eynən uşaq kimidir, qayğı istəyir.

Həmçinin Asəf dayı qeyd edir ki, elə ağaclar var ki, onları 7-8 il öncə öz əllərimlə əkmişəm. İndi onların böyüdüyünü, boy atdığını görəndə insan daxilən böyük bir fəxr hissi keçirir. Hər işin öz çətinliyi var, kənardan asan görünməyinə baxmayın. Xüsusilə yay aylarında bu yaşıllığı qoruyub saxlamaq özü elə ən çətin məsələdir. İsti havalarda bitkilərin susuz qalmaması, solmaması üçün gecə-gündüz demədən, böyük fədakarlıqla çalışırıq. Təbiətlə mübarizə aparmırıq, əksinə, onu qorunmaq üçün hər çətinliyə qatlaşırıq. Düşünürəm ki, gələcək nəsillər bizim övladlarımız bu ağacların altında kölgələnəcəklər, dincələcəklər. Bundan gözəl nə ola bilər ki? Şəhərə bir miras qoyub gedirik.

 Onun gənclərə və parklarda, xiyabanlarda dincəlməyə gələn hər bir kəsə nəsihəti odur ki, bu bağı, bu ağacları qorusunlar. Onları qırmasınlar, dağıtmasınlar, təmizliyə mütləq riayət etsinlər. Biz bu gözəlliyi insanlar üçün yaradırıq. Bəzən parklarda gənclərin ətrafa qarşı diqqətli olduğunu, hətta ətrafa atılan zibilləri təmizlədiklərini görəndə ürəyim dağa dönür, çox sevinirəm. Amma istərdim ki, bu həssaslıq hər kəsdə olsun.

Asəf dayının timsalında şəhərimizin hər bir yaşıl yarpağında yüzlərlə zəhmətkeş insanın əl izi, alın təri var. Ətraf mühiti qorumaq təkcə bağbanların deyil, bu şəhərdə yaşayan, onun havasını udan, gözəlliyindən zövq alan hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Gəlin görünməyən qəhrəmanlarımızın əməyinə hörmətlə yanaşaq və bizə əmanət olunan təbiəti gələcək nəsillərə eynilə Asəf dayı kimi böyük bir sevgiylə ötürək.

Səmayə RƏSULOVA

Nəşr edilib : 05.06.2026 08:59