NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Şəhid Həmid Qasımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

...

Kəngərli Rayon Mədəniyyət Sarayında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Həmid Qasımovun əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.  
Tədbirdə çıxış edən  Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov  şəhidin döyüş yoluna nəzər salaraq onun Vətən naminə göstərdiyi qəhrəmanlıqdan,  vətən sevgisindən geniş söz açıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidlərimizin  danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.  Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan  müzəffər Ordumuz  Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin  komandanlığı ilə dövlət-xalq-ordu birliyi nəticəsində  44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu.  Bu gün artıq Vətən üçün canlarından keçən  qəhrəmanların ruhu şaddır.  
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov  bildirib ki, hər bir valideyn üçün əsl fəxarət mənbəyidir ki, böyütdükləri vətənpərvər övladlar  bu gün  xalqın qəhrəmanlarına çevriliblər. Onların qəhrəmanlığı tariximizin qızıl səhifələrinə yazılıb. Belə vətənpərvər oğulların xatirəsi heç zaman unudulmayacaq və bizdən  sonrakı nəsillərə örnək göstəriləcəkdir.
Şəhid Həmid  Qasımovun anası Tovuz  Qasımova və  ailə üzvləri  şəhid haqqında xatirələrini bölüşüblər.  
Sonra şəhid Həmid  Qasımovun nişanlısı Nuranə xanım çıxış edib. Bildirib ki, Vətən uğrunda canından keçmiş şəhidin nişanlısı olaraq burada çıxış etmək mənim üçün həm böyük bir qürurdur, həm də dərin bir həsrətdir.  Onların yeri bizim qəlbimizdədir, dualarımızdadır.  Mən bu çıxışımla həm şəhidimin ruhunu ehtiramla anıram, həm də bütün şəhid nişanlılarına səbir, güc arzulayıram. Bizim sevgilərimiz yarımçıq qalsa da, onların igidliyi tarix yazdı.
Tədbirdə itkin şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva  və Kəngərli rayonunun  axundu  Şəmsəddin Seyidov çıxış edərək  öz ürək sözlərini bildiriblər.  Vurğulanıb ki,  Kəngərli rayonunun Qabıllı kəndində anadan olan şəhid  Həmid Qasımov  “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda”, “Vətənə xidmətə görə” medalları ilə təltif olunub. Sonra şəhidimizin həyat yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin bədii hissəsində şəhidə həsr olunmuş vətənpərvərlik ruhunda   şeir və kompozisiya nümunələri  təqdim olunub.

Bülbül  QULİYEVA

Nəşr edilib : 08.05.2025 19:11