NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Şəhid Zülfü Rzayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

...

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Zülfü Rzayevin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.  Sonra şəhidimizin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Şəhid Zülfü Rzayevin ailə üzvləri Mehparə Rzayeva və Zülfəli Rzayev şəhid haqqında xatirələrini bölüşüblər.  
Tədbirdə çıxış edən Heydər Əliyev adına Hərbi Liseyin polkovniki Rəşad Əsgərov bildirib ki, Vətənin bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman  oğullarımızın xatirəsi hər kəs üçün əzizdir. Qeyd olunub ki, ölkə başçımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Belə qəhrəman övladlarımızın şücaəti, vətənpərvərliyi və canını Vətən uğrunda fəda etməsi xalqımızın 30 illik həsrətinə son qoydu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Buna görə Zülfü kimi qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq və gələcək nəsillərə örnək göstəriləcəkdir.
Ali Məclisin deputatı Gülşad Rüstəmova Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “dəmir yumruq” kimi möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlardan biri olmasından söz açıb. Bildirib ki, bu gün artıq tarixi ədalət bərpa olunduğu üçün  şəhidlərimizin də ruhu şaddır. Bu Vətən var olduqca, Zülfü və onun timsalında bütün qəhrəman oğullarımız daim qəlbimizdə  yaşayacaqlar. 
Digər şəhid valideynlərinin də çıxışı dinlənilib.
Daha sonra şəhid baş leytenant Zülfü Rzayevin həyat yoldaşı Gülnar Rzayeva  çıxış edib. Bildirib ki, onun Vətən sevgisini hər hansı cümlə ilə ifadə etmək qeyri-mümkündür. Ancaq deyə bilərəm ki, o Vətənini öz canını, cavanlığını, həyatını, gələcəyini, hər şeyini ona qurban verəcək qədər sevirmiş. Zülfünün Vətən sevgisi isə tək tərəfli deyilmiş, Vətəni də Zülfünü sevirmiş. Qoynuna ala biləcək, bağrına basacaq, tarixə yazacaq qədər sevirmiş. 
Qeyd olunub ki,  Şahbuz rayonunun Külüs kəndində anadan olan şəhid Zülfü Rzayev də 2016-cı ilin Aprel döyüşlərinə adını qızıl hərflərlə yazdırıb, erməni polkovnikini öldürərək öz döyüş yoldaşını xilas edib. Göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki,  tədbirin bədii hissəsində şəhidə həsr olunmuş vətənpərvərlik ruhunda  kompozisiya təqdim olunub.

Bülbül QULİYEVA

Nəşr edilib : 07.05.2025 18:19