NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

"Səməd Vurğun Azərbaycan şeirinin parlaq ulduzu" mövzusunda tədbir keçirilib

...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbiri Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı zəngin bədii irsindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Asim Yadigar "Səməd Vurğun yaradıcılığı", Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasının dosenti Gülxarə Əhmədova "Səməd Vurğun dramaturgiyası milli ruhun səhnə təcəssümü" mövzusunda çıxış ediblər.
Sonra Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Tofiq Seyidov Səməd Vurğunun "Şair nə tez qocaldın sən" şeirini bədii qiraət edib.
Tədbirdə Naxçıvan Tibb Kollecinin tələbələrinin hazırladığı "Vaqif" dramından səhnə nümayiş olunduqdan sonra Səməd Vurğunun şeirləri səsləndirilib.

Nəşr edilib : 02.06.2026 19:57