NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Şərur rayonunun Xanlıqlar kəndində tibbi müayinə aksiyası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, “Şərur Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadasının iştirakı ilə Şərur rayon Xanlıqlar Ailə Sağlamlıq Mərkəzində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində sakinlər terapevt, pediatr, ginekoloq, LOR, psixiatr və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, eyni zamanda USM, rentgen, EKQ və laborator xidmətlər göstərilib.

Keçirilən tibbi aksiya zamanı, ümumilikdə, 86 nəfər müraciət edib, 260 müayinə aparılıb. Müayinələr zamanı 30 rentgen, 40 USM, 23 EKQ və 85 laborator müayinəsi icra olunub. Həmçinin 12 pediatrik, 21 terapevtik, 15 LOR, 16 psixiatrik və 18 ginekoloji müayinə aparılıb. 

Qeyd edək ki, bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və  tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəşr edilib : 14.05.2026 21:44