NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Startap festivalında innovativ layihələr təqdim olunub

...

Naxçıvanda keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalı gənclərin innovativ düşüncə tərzini, yaradıcılıq potensialını və texnologiyaya olan marağını nümayiş etdirən maraqlı layihələrlə yadda qalıb. Festivalda müxtəlif yaş qruplarını təmsil edən iştirakçılar öz ideyalarını təqdim edərək gələcəyin texnologiyalarına dair baxışlarını bölüşüblər.
Festivalda təqdim olunan layihələr arasında həm uşaqların zehni inkişafına yönəlmiş oyun modelləri, həm də alternativ enerji və ağıllı infrastruktur sistemləri xüsusi diqqət çəkib. İştirakçılar layihələrini təqdim edərkən onların hazırlanma məqsədi, istifadə olunan texnologiyalar və cəmiyyət üçün faydaları barədə ətraflı məlumat veriblər.
Naxçıvan Dövlət Universitetinin komandasında təmsil olunan Ebru Kərimli “Şərq qapısı” qəzetinə açıqlamasında ağıllı şəhər infrastrukturuna yönəlmiş layihələrindən bəhs edib. O bildirib ki, layihə yollarda yaranan su problemlərinin qarşısının alınmasına xidmət edir. Su sensorları vasitəsilə artıq sular xüsusi depolama sahələrinə yönləndirilir. Toplanan resurslardan isə alternativ enerji istehsalında istifadə olunur. Layihədə külək, günəş və su resurslarından yararlanaraq enerji əldə edilir. İstehsal olunan enerji eskalatorların, işıqlandırma sistemlərinin və digər texnoloji avadanlıqların işləməsinə yönləndirilir.
Ebru Kərimlinin sözlərinə görə, layihə həm ekoloji baxımdan təmizdir, həm də davamlı enerji həlli təqdim edir. Bununla yanaşı, ağıllı şəhər modelinin inkişafına dəstək verərək resurslardan səmərəli istifadə imkanları yaradır. 
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi, STEAM Təlim-Tədris Mərkəzinin iştirakçısı Fatma Əsgərova təqdim etdikləri layihənin yaddaş və məntiq oyunları üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, layihədə rənglər, rəqəmlər və müxtəlif düşüncə tapşırıqları vasitəsilə uşaqların diqqətinin, yaddaşının və məntiqi təfəkkürünün inkişaf etdirilməsi nəzərdə tutulub. Layihədə “X-O” oyunu kimi klassik düşüncə oyunlarından da istifadə olunub. Məqsəd uşaqların həm əylənərək öyrənməsi, həm də zehni bacarıqlarını inkişaf etdirməsidir.
Festival iştirakçılarından Emil Yunisov isə “Ağıllı bina” layihəsi haqqında məlumat verib. O bildirib ki, layihədə külək turbini və günəş panelləri vasitəsilə binanın elektrik enerjisi təmin olunur. Layihədə yaşıllıq elementlərinə də yer verilib ki, bu da ətraf mühitə təbii görünüş və ekoloji mühit qazandırır. 
Emil Yunisov qeyd edib ki, layihənin ümumi hazırlanması 12 gün davam edib. Elektron hissənin qurulmasına 2 gün, dizayn işlərinə isə, təxminən, 5 gün vaxt sərf olunub. Onun sözlərinə görə, festivalda dostları da müxtəlif innovativ layihələrlə iştirak ediblər.
Festival boyunca nümayiş etdirilən layihələr gənclərin elmə, texnologiyaya və innovativ həllərə olan marağının getdikcə artdığını bir daha göstərib. Müxtəlif yaş qruplarından olan iştirakçıların təqdim etdikləri ideyalar həm yaradıcı yanaşmaları, həm də gündəlik problemlərə praktik həll təklif etmələri ilə seçilib. Tədbir gələcəyin mühəndislərinin, proqramçılarının və innovatorlarının yetişməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 22.05.2026 16:40