Ceyhun Bayramov İstanbula səfər edib
09:10 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Bu gün biz sülh şəraitində yaşayırıq
“Bu gün dünyada bizə olan hörmətin bir çox səbəbləri var: həm qalib xalq kimi, həm müharibəni müharibə qanunlarına uyğun aparan xalq kimi, həm humanitar qaydalara riayət edən xalq kimi və qurub-yaradan xalq kimi” – bunlar Müzəffər Sərkərdənin sözləridir. Zəngilan şəhər sakinləri ilə görüşündə bunu xüsusilə qeyd etdi. Bəli, bu gün qürurla deyirik ki, artıq dünya bilir və anlayır ki, regionda Azərbaycanın diktəsi keçərlidir və onun tələbləri yerinə yetirilir. Biz bunu dahi rəhbərimizin yolunda addımlayaraq, Onun davamçısının ətrafında sıx birləşərək bacardıq. Bir vaxtlar burada – Naxçıvanda Ulu Öndərin xalqı ilə bir olub düyünlədiyi yumruq dəmirə dönüb düşmənin başında şimşək kimi çaxanda qoca dünya bu xalqın cəsarətinə bir daha heyran qaldı. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü demək gücünü nümayiş etdirməsi ölkəmizin beynəlxalq uğurunun əsas göstəricisidir. Bu şanlı tarix əbədi olaraq bizim qəlbimizdə yaşayacaq, gələcək nəsillərə isə miras olacaq.
Həmin müharibədə dövlətimizin başçısının nümayiş etdirdiyi müharibə şəraitində davranış mədəniyyəti, bəlkə də, indiyə qədər heç bir qalib sərkərdə tərəfindən edilməmişdi. 30 il öncə xalqımıza qarşı amansızlığa və işğalda qalan torpaqlarımızda edilən vəhşiliklərə baxmayaraq, onlar Qarabağdan Ermənistana gedəndə bizim xalqın nümayəndələri erməni sakinlərə çörək, su verirdi. Müharibə əsirlərinə insan kimi davranılırdı. Baxmayaraq ki, hələ də onlarla Xocalı itkinimizdən xəbərsizik. Bütün bunlar bizim xalq olaraq fərqimizi göstərdi. Bizim məqsədimiz qan tökmək yox, torpağımızı azad etmək, insanlarımızı öz yurd yuvasına qaytarmaq idi. Bizim heç kimin dövlətində, ərazisində gözümüz olmayıb olmayacaq da.
Uzun illər ATƏT-in Minsk qrupu və böyük güclər Qarabağın Azərbaycana qaytarılmasını süni şəkildə uzatmağa çalışsalar da, müharibə dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Azərbaycanın iradəsini zəiflətmək istəsə də, bu heç bir nəticə vermədi. Azərbaycan dövlət başçısının siyasi zəkası, sarsılmaz iradəsi və xalqımızın daşmış səbri qarşısında bu təşkilatlar aciz qaldı. Nəticədə, Azərbaycan öz iradəsi ilə süni maneələri aşaraq Qarabağı azad etdi. Vətən savaşının qələbə ilə başa çatması Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı bir zəmin yaratdı. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən yeni şərait Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım oldu.
Daim humanist və sülhsevər bir dövlət olan Azərbaycanın sülhpərvər mövqeyi, dünya dövlətləri ilə qurduğu yüksək səviyyəli diplomatik, etibarlı əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyini sübut edən amillərdən biridir. Dünya dövlətləri ilə yaratdığı münasibətlər xarici diplomatiyadakı uğurun göstəricisi olduğu kimi, Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələrinin bir bayraq altında birləşməsi daxili sabitliyin və birliyin nümunəsi oldu.
Əlbəttə, 30 ildə – işğal illərində başımıza gətirilən müsibətlərin səbəbkarları ilə inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. Azərbaycan tərəfi sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan ardıcıl addımlar atmaqda davam edir. Amma onu da unutmamalıyıq ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması üçün qarşılıqlı addımlar atılmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi: “Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”.
Əminik ki, nəyi nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidentinin bu istəyinin də reallaşdırılmasının şahidinə çevrilib, Qafqaza sülh gətirən xalq olmağın şərəfini bir daha qazanacağıq. Qalib və sülhsevər xalq kimi əbədiyyən yaşayacağıq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər