FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Hər il 18 may tarixi bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Bəs niyə məhz 18 may?
1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən qəbul olunan bu qərar muzeylərin cəmiyyətin inkişafındakı rolunu insanlara daha yaxşı çatdırmaq məqsədi daşıyırdı. Muzeylər xalqların bir-birini tanıması, mədəniyyətlərin dostluğu üçün bir körpüdür. O vaxtdan bəri hər il 18 mayda bütün dünyada muzeylər qapılarını insanların üzünə daha geniş açır. Hətta bir çox muzeylərdə həmin gün giriş pulsuz olur ki, hamı gəlib o tarixlə yaxından tanış olsun. Necə ki ayrılıqda hər birimiz telefonumuzun yaddaşındakı köhnə şəkillərə baxarkən keçmişimizi vərəqləyir, xatırlayırıq, eləcə də bütöv bir millətin, bəşəriyyətin yaddaşını vərəqləmək istədikdə muzeylərə üz tutmalıyıq. Bu məqamda çoxları deyə bilər ki, internet əsridir, elə muzeyə üz tutmadan internet resurslarından istifadə etməklə də bu işi görə bilərik. Bəli, görə bilərik, amma ulu babalarımızın döyüşdə geyindiyi zirehi, nənələrimizin toxuduğu o incə naxışlı xalçanı canlı görəndə hiss etdiyimiz o həyəcanı yaşaya bilmərik. Muzeyə girəndə başa düşürsən ki, sənin arxanda min illərlə ölçülən bir mədəniyyət, sənət və zəka dayanır.
Hər birimizin həyatında elə anlar olur ki, keçmişə boylanmaq, kökümüzü xatırlamaq ehtiyacı duyuruq. Bax bu məqamda daim dadımıza muzeylər çatır. Çoxları elə bilir ki, muzey, sadəcə, köhnə əşyaların qalaqlandığı soyuq bir binadır. Amma əsla belə deyil! Muzey daşın dil açıb danışdığı, sükutun min bir hekayə pıçıldadığı canlı bir tarix kitabıdır.
Əslində, muzey bizim milli yaddaşımızdır. Orada hər bir eksponat, hər bir sənəd sanki bir zaman maşınıdır. Bir saxsı qabın naxışında ulu nənələrimizin barmaq izini, bir qılıncın qınında babalarımızın qəhrəmanlığını görürük. Muzeylər olmasa, biz kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi unudarıq. “Keçmişini tanımayan gələcəyini qura bilməz”, – deyiblər. Muzeylər bizə o təməli, o kökü xatırladan ən müqəddəs məkanlardır.
Bəzən elə bilirik ki, bu eksponatlar, sadəcə, vitrin arxasında duran cansız əşyalardır. Amma diqqətlə baxanda görürsən ki, o divarların arasında xalqın ruhu dolaşır, dahi şəxsiyyətlərin nəfəsi duyulur, yaşanan ağrılı-şirinli günlərin izi boylanır. Onlar dil açaraq bizə keçmişimizdən, milli kimliyimizdən danışır, digər tərəfdən isə gələcəyimizə işıq salır. Muzey həm də böyük bir məktəbdir, həm öyrədir, həm də insanda öz tarixinə qarşı böyük bir qürur hissi oyadır.
Məmməd Səid Ordubadi kimi nəhəng bir şəxsiyyətin irsini qorumaq və onun xatirəsini yaşadan bu ocaqda çalışmaq, həqiqətən də, mənim üçün böyük bir şərəfdir. Hər gün böyük ustadın şəxsi əşyalarına toxunmaq, onun qələmindən çıxan sətirlərin havasını udmaq və bu tarixi məkanda xidmət etmək mənə sonsuz qürur bəxş edir. Məmməd Səid Ordubadi irsinin keşiyində durmaq, onun ev-muzeyinin bir əməkdaşı kimi bu böyük irsin təbliğatçısına çevrilmək mənəvi dünyamın böyük zirvəsidir
Əlbəttə ki, bu yaddaşı qoruyub saxlamaq, hər bir eksponata doğma övladı kimi baxmaq böyük fədakarlıq tələb edir. Muzeylərin o sehrli aurasını yaradan, toz qonmuş tariximizi hər gün sevgi ilə silib-təmizləyən muzey işçiləridir. Onlar təkcə muzey əməkdaşı olmaqla qalmır, eyni zamanda tarixin keşiyində duran canlı arxivlər hesab olunurlar.
Bu əlamətdar gündə bütün muzey əməkdaşlarını, həmkarlarımı ürəkdən təbrik edirəm! Sizin zəhmətiniz sayəsində bizim mənəvi sərvətimiz gələcək nəsillərə ötürülür. Yorulmayasınız, hər zaman tariximizin çırağını belə parlaq tutasınız!
Əziz həmvətənlər! Gəlin muzeylərimizi ziyarət edək, ruhumuzu o tarixlə qidalandıraq. Unutmayaq ki, tarixi mirasımızın qorunduğu muzeylərə gedən hər bir insan, əslində, öz mənliyinə, öz kökünə doğru bir addım atmış olur. Çünki biz rişələri zamanın çox qədim qatlarına gedən köklü bir ağacın budaqlarıyıq, budağı isə gövdədən ayrı təsəvvür etmək mümkün deyil!
Beynəlxalq muzeylər günümüz mübarək!
Sunay FƏRƏCOVA
Məmməd Səid Ordubadinin ev-muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər