NAXÇIVAN :

29 Iyun 2025, Bazar

Tələskənliyin içində unudulmuş səni xatırla

...

Dünyanın sanki bizdən bir addım öndə qaçdığı, hər şeyin zamana qarşı yarışdığı bir dövrdə yaşayırıq. Sanki həyat bir yarış meydanıdır və biz orada qalib gəlməliyik. Amma bu yarışda qalib olmaq üçün nəyimizi itirdiyimizi düşünmürük. Dəqiqələrə sığışdırılmış günlər, insanlarla ani söhbətlər, diqqətsiz baxışlar… Hər şey səthi, hər şey ötəri… Əslində isə həyat dərinlikdə baş verir – bir dostun baxışında, bir kitabın sətirində, səhər günəşi ilə dolu bir otaqda və ən əsası, öz içində.
Biz bu qədər çox qayğının arasında yaşadığımızı düşünürük, amma əslində, tədricən özümüzdən uzaqlaşırıq. Tələskənliyin içində bir insan var, o sənsən. Həmin səni sən çoxdan unutmusan.
Bəs unudulmuş səni, məni, bizi necə tapmalıyıq? Bəlkə də, sən çoxdan unutmusan ki, həyat yalnız “yetmək” deyil, bəzən dayanmaq, hiss etmək, özünlə tanış olmaqdır. Bəzən xoşbəxtlik, axtardığın bir cavabda deyil, sadəcə, sükutda gizlənib. Bu sükutun adı meditasiyadır.
Meditasiya nə bir din, nə də xüsusi bir fəlsəfədir. Meditasiya bu andır, anı yaşamaqdır. İndi və burada olmaqdır. Nə dünənin peşmanlığı, nə də sabahın narahatlığı. Sadəcə, bu an.
İnsanların çoxu düşünür ki, meditasiya üçün xüsusi məkan, müəyyən poza, ya da saatlarla vaxt lazımdır. Əslində isə bir neçə dəqiqəlik sükut belə bəs edir özünü tapmaq üçün. 
Meditasiya insanın içindəki xaosu sakitləşdirir. Zamanla səssizlikdən qorxmağı deyil, onu sevməyi öyrədir. Çünki o səssizlikdə sən özünü xatırlayırsan. Unudulmuş arzular, sıxışdırılmış hisslər, yaşanmamış duyğular yavaş-yavaş suyun üzünə çıxır. Bu, təmizlənməkdir. Yenidən başlamaqdır. Meditasiya təkcə ruhani deyil, elmi cəhətdən də sübut olunmuş bir praktikadır. Sən, sadəcə, nəfəsini dinləyirsən, amma bu nəfəs sənin həyatındır. Onunla bağlandıqca həyatı daha canlı, daha real hiss etməyə başlayırsan.
Bu gün cəmiyyət özünüdərkə yox, görüntüyə fokuslanır. Kim daha çox işləyir, kim daha çox paylaşır, kim daha çox görünür? Amma insan görünmək üçün deyil, var olmaq üçün yaradılıb. Meditasiya isə insanı bu varlığa – öz varlığına qaytarır.
Meditasiya edən insan daha anlayışlı olur. O, dinləməyi bacarır. Cavab verməyə tələsmir. Hiss edir. Hətta başqalarının səssizliyini belə duyur. Bu, cəmiyyətin də dəyişməsinə səbəb ola bilər. Çünki sakitlik zəncirvari yayılır, biri sakitləşəndə, digərləri də təsirlənir.
Bu dünya bizi sürətlə yaşamağa, ancaq səthi düşünməyə məcbur edir. Amma biz bu axına qarşı durmağı bacarmalıyıq. Bəzən, sadəcə, gözlərimizi yumub, nəfəs almaqla, bir neçə dəqiqəlik səssizliyə çəkilib qəlbimizin döyüntüsünü dinləməklə hər şey dəyişə bilər.
Unutma, sən bu dünyanın tələskənliyində yox, səssizliyində varsan. Və səssizlikdə olan sən elə sən özünsən. Tələskənliyin içində unudulmuş səni meditasiya ilə xatırla. Çünki sənə ən çox lazım olan elə sənsən!

 Gülcamal TAHİROVA
 

Nəşr edilib : 29.06.2025 17:38