NAXÇIVAN :

11 May 2025, Bazar

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Kəngərli rayonunda tədbir keçirilib

...

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş, xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbir iştirakçılar Ümummilli Liderin xatirəsinə yaradılmış guşə ilə yaxından tanış olmuşlar. Guşədə Ulu Öndərin zəngin ictimai-siyasi fəaliyyətini, dövlətçilik ideyalarını, xalqımız qarşısındakı misilsiz xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər nümayiş olunub.
Daha sonra Kəngərli Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev fenomenal şəxsiyyəti, siyasi iradəsi və uzaqgörənliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmişdir. O, bütün həyatını Azərbaycanın müstəqilliyinə, inkişafına və xalqımızın rifahına həsr etmiş, tariximizdə silinməz iz qoymuşdur. İcra başçısı onu da bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndərin ideyaları dayanır və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva çıxışında vurğulayıb ki, ömrünü xalqına və dövlətinə həsr etmiş Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir inkişaf strategiyasının əsasını qoymuşdur. O, xalqın taleyində dərin iz buraxaraq hər bir azərbaycanlının qəlbində əbədiyaşar liderə çevrilib.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub, partiyanın gənc üzvlərinə üzvlük vəsiqələri verilib.
Tədbir Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Nəşr edilib : 10.05.2025 14:39