FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Ölkəmizdə məqsədyönlü siyasi ideologiyanın aparıcı xətti Azərbaycan uşaqlarının hərtərəfli, sağlam, intellektli, vətənpərvər və dünyagörüşlü bir şəxsiyyət kimi formalaşması olmuşdur. Məhz bu baxımdan, uşaqların hüquqlarının qorunması, onların rifahının təmin olunması və layiqli gələcəyinin formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən 1950-ci ildən etibarən iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu əlamətdar gün hər il xüsusi qeyd edilir.
“Azərbaycanın gəncləri, uşaqları xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər kəsin borcudur”, – deyən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə uşaq siyasətini dövlətin ali prioritetlərindən birinə çevirmişdir. Ulu Öndərin rəhbərlik fəaliyyətinin ilk illərindən etibarən uşaqların daha keyfiyyətli təhsil alması, bilik və bacarıqlarının artırılması, sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə geniş imkanlar yaradılmışdır.
Uşaqların hüquqlarının müdafiəsi və sosial rifahının təmin olunması istiqamətində mühüm normativ-hüquqi aktlar qəbul edilmiş, bu sahədə möhkəm hüquqi baza formalaşdırılmışdır. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməni qəbul etmişdir. Bu hüquqi sənədlərə əsasən uşaqların hüquq və azadlıqları, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsipləri, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən olunmuşdur.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla həyata keçirilir, uşaq hüquqlarının müdafiəsi, sağlamlığı, təhsili, layiqli vətəndaş kimi formalaşması istiqamətində islahatlar aparılır. Uşaqların təhsilə, idmana, kütləvi olaraq mədəni tədbirlərə cəlb olunması, yaradıcılıq mühitində böyüdülməsi, həssas kateqoriyadan olan uşaqlara dövlət qayğısının göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının stimullaşdırılması məqsədilə dövlət proqramları uğurla icra olunur. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müvafiq sahədə humanitar təşəbbüsləri isə uşaq hüquqlarının müdafiəsi, xüsusən də həssas qrupdan olan uşaqların müdafiəsi, sağlam ruhda böyüməsi və onlar üçün inklüziv mühitin formalaşması istiqamətində mühüm töhfələr verir.
Naxçıvan Muxtar Respublikasında da uşaqların sağlamlıqlarının qorunması, təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır.
Bu gün muxtar respublika əhalisinin 112 min 543 nəfərini uşaqlar təşkil edir. Onlardan 2 min 170-i sağlamlıq imkanları məhdud, 89-u valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlardır. 2025-2026-cı tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 50 min 932 şagird təhsil alır ki, onların 24 min 407-ni qızlar təşkil edir.
Ümumtəhsil məktəblərinin I siniflərində isə 3 min 764 şagird təhsil alır. Onlardan 1799-u qızdır. 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə 1861 məzun qəbul olub ki, qəbul olunanların 1061-ni qızlar təşkil edir. Eyni zamanda 500-700 intervalında bal toplayan şagirdlərin sayı 380 nəfər olmuşdur ki, həmin şagirdlərin 236 nəfərini qızlar təşkil edir. Onların arasında 5 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Muxtar respublikada uşaqlar arasında idmanın təşkili və inkişafı, eləcə də onların sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılmışdır. Hazırda muxtar respublikada 23 min 636 uşaq idmanla məşğul olur ki, onun da 5 min 390 nəfərini qızlar təşkil edir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların təhsilləri, sosial reabilitasiyaları, cəmiyyətə inteqrasiya olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən tədbirlərin nəticəsidir ki, yüzlərlə müvafiq uşaq məktəbəqədər, məktəb və məktəbdənkənar müəssisələrdə təhsil alırlar. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 22 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirmə istiqaməti kimi çətin tərbiyə olunan və risk qrupuna aid uşaqlarla işin təşkili, ailə-məktəb-cəmiyyət əməkdaşlığının gücləndirilməsi, erkən nikahın mənfi təsirləri, uşaq əməyinin istismarının qarşısının alınması, internetdən təhlükəsiz və səmərəli istifadə, uşaqların söz və ünsiyyət hüquqları, milli-mənəvi dəyərlərin qorunması, eləcə də uşaq hüquq və vəzifələri mövzularında müxtəlif tədbirlər həyata keçirilir.
Digər vacib meyar xüsusi kateqoriyadan olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla keçirilən tədbirlərdir. Belə ki, komitə tərəfindən müvafiq kateqoriyadan olan uşaqların yaşadığı ünvanlarda monitorinqlər keçirilir, onların yaşayış şəraitləri ilə maraqlanılır, həmçinin hər tədris ilinin əvvəlində həmin uşaqlar məktəbli geyimi, məktəbli çantası, mövsümlə əlaqədar olaraq qış geyimi ilə təmin olunur, eləcə də hər il tələbə adını qazanan sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilir, hədiyyələr təqdim olunur.
Uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən proqramların effektivliyinin əsas göstəricilərindən biri təhsil sahəsində əldə olunan nailiyyətlərdir. Naxçıvan Muxtar Respublikasında uşaqların təhsil hüququnun qorunması və ümumi icbari təhsilə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İşçi qrupu” yaradılaraq təhsildən yayınan uşaqların yaşadıqları evdə monitorinqlər keçirilir. Profilaktik tədbirlər və ailələrlə işin gücləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilmiş qaydada aparılması və uşaqların dərsə davamiyyətinə nəzarət olunması ilə bağlı görülən işlər nəticəsində komitə tərəfindən 33 uşaq reinteqrasiya olunmuşdur.
Bununla yanaşı, komitə tərəfindən erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması da hər zaman diqqətdə saxlanılır. Görülən tədbirlərin nəticəsi olaraq ötən il muxtar respublikada 6 erkən nikah faktının qarşısı alınmışdır. Həmçinin cari il ərzində komitə tərəfindən 3 erkən evliliyin qarşısı alınmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Regional Ailə Mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Yaradılacaq Regional Ailə Mərkəzlərində xüsusi kateqoriyadan olan uşaqlar üçün təlim və seminarların keçirilməsi, həmçinin autizmli uşaqlar üçün ixtisaslaşmış sensor guşələr və digər yaradıcı proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Məhz bu baxımdandır ki, dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən müstəsna əhəmiyyətli tədbirlər gələcəyimiz olan uşaqların sabahının daha da işıqlı və firavan olmasına hesablanmışdır. Bu gün Azərbaycan uşaqları özlərini xoşbəxt hiss edə bilərlər. Çünki onlar artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycanın övladlarıdır. Onlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan, sağlam, təhlükəsiz və layiqli mühitdə böyüyən gələcəyimizin etibarlı təminatçılarıdır.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və firavan həyat arzulayırıq. Arzu edirik ki, uşaqlarımız daim sevgi, diqqət və qayğı ilə əhatə olunsun və gələcəyimizin layiqli vətəndaşları kimi yetişsinlər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti
Digər xəbərlər