NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Uşaqların təhlükəsizliyi ən güclü şifrəmizdir

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ordubad şəhər tam orta internat məktəbində “Rəqəmsal gələcək uşaqlarla başlayır” adlı sosial layihə həyata keçirilib.
“Şərq qapısı” xəbər verir ki, layihənin əsas məqsədi uşaqların rəqəmsal dünyada təhlükəsiz və məsuliyyətli davranmalarına dəstək olmaqdır.
Tədbir çərçivəsində 13-17 yaş qrupu uşaqlar üçün “Rəqəmsal dünyada uşaqların davranışı” mövzusunda interaktiv təlim keçirilib. Uşaqlara internet təhlükəsizliyi, sosial şəbəkələrdən düzgün istifadə və rəqəmsal mühitdə davranış qaydaları barədə məlumat verilib və sertifikatlar təqdim edilib.
Həmçinin layihə çərçivəsində nazirliyin əməkdaşları və “Rəqəmsal” könüllülər tərəfindən uşaqlar üçün üz boyama guşəsi, müxtəlif əyləncə və fəaliyyət zonaları təşkil olunub. Uşaqlar gün ərzində musiqili əyləncələr, komanda yarışları, estafet oyunları və interaktiv fəaliyyətlərdə iştirak edərək yaradıcı və sosial bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda hər bir uşağa onun adına hazırlanmış, üzərində layihənin şüarı əks olunan fərdi sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

Nəşr edilib : 31.05.2026 22:37