FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Son illərdə valideynlərin uşaqlarını xarici dil öyrənməyə yönləndirməsi cəmiyyətdə diqqətçəkən tendensiyalardan birinə çevrilib. Artıq xarici dil biliyi yalnız əlavə üstünlük deyil, gələcəyin təhsil və əmək bazarında uğur qazanmağın vacib şərtlərindən biri kimi qiymətləndirilir. Lakin ana dilinin qorunması və düzgün mənimsənilməsi məsələsini heç vaxt unutmaq olmaz. Çünki hər bir insanın milli kimliyinin, mənəvi dəyərlərinin və düşüncə tərzinin formalaşmasının əsasında məhz ana dili dayanır. Xarici dillərin öyrənilməsi nə qədər vacib olsa da, bu, ana dilinə münasibətdə laqeydlik yaratmamalı, əksinə, dil balansı qorunaraq uşaqlarda həm milli-mənəvi bağlılıq, həm də qlobal dünyaya açıq düşüncə formalaşdırılmalıdır. Bəs valideynləri bu istiqamətə təşviq edən əsas səbəblər hansılardır? Bu seçim qloballaşan dünyanın tələblərindən irəli gəlir, yoxsa övladlarının gələcək karyerası ilə bağlı narahatlıqlardan qaynaqlanır? Mövzu ilə bağlı Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiyi kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova ilə həmsöhbət olduq.
– Son illərdə valideynlərin uşaqlarını xarici dil öyrənməyə yönləndirməsinin əsas səbəbləri nələrdir? Bu, qloballaşmanın təsiridir, yoxsa gələcək karyera narahatlığı?
– Mənim fikrimcə, bu, bir neçə səbəbdən irəli gələ bilər. Bunlardan biri insanlara işə qəbul zamanı “Xarici dil bilirsinizmi?” sualı verilir və bu da valideynlərdə başqa təsəvvür yaradır. Təbii olaraq valideynlər uşaqlarının gələcəyini parlaq görmək istəyirlər. Bunun üçün də xarici dillərə üstünlük verirlər. Digər tərəfdən, ingilis dili dəbə düşüb onun lüğət tərkibindəki sözlər dilimizə daxil olur. Buna görə də valideynlər uşaqlarının ingilis dili bilmələrinin tərəfdarıdır. Və təəssüf ki, günümüzdə valideynlər uşaq məktəbdən qayıdarkən soruşur ki, ingilis dilindən neçə aldın? Əgər yüksək qiymətdirsə, uşağı mükafatlandırırlar. Amma heç soruşmur ki, ana dilindən neçə aldın? Halbuki bütün dillərin təməlində ana dili dayanır. Ana dili milli-mənəvi kimliyimizdir. Ana dili olmasa, biz bir millət kimi tanınmarıq. Ona görə də, birinci növbədə, valideynlər də, bütün ictimaiyyət də öz ana dilimizi təbliğ etməli və qorumalıdırlar.
– Uşağın erkən yaşdan xarici dil öyrənməsi ana dilinə təsir göstərə bilərmi? Ana dilinin zəifləməməsi üçün hansı balans qorunmalıdır?
– Bəli, uşaqların lap kiçik yaşlarından xarici dil öyrənməsi ana dilinə vurulan zərbələrdən biridir. Ona görə ki, uşaq yaşlarından ana dilinin leksikasına daxil olan sözlər kifayət qədər öyrədilməmiş, digər dillər öyrədilmişdir. Həmin dildə olan hansı sözü ki uşaq ana dilində öyrənməyib yaddaşında o cür qalır və qarışıqlıq yaradır. Ona görə də uşaqlara ilk olaraq ana dili mükəmməl öyrədilməli, ondan sonra xarici dil öyrədilməlidir. Bu zaman mərhum şairimiz Tofiq Bayramın ana dili şeirindən bir misra yadıma düşür:
Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram,
Öz ana dilini bilməyənlərə.
– Bəzi valideynlər övladlarının xarici dili ana dilindən daha yaxşı bilməsini uğur hesab edir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur?
– Hər hansı bir xarici dili ana dilindən üstün tutmaq düzgün deyil, yəni bu uğur hesab olunmur. Bu gerilik hesab olunur. İnsan başqa dillərdə çıxış edə, kitab yaza bilər, lakin düşünəndə ana dilində düşünür. Ana dili bizim düşüncələrimizin dilidir. Biz ona anamızın dili deyirik, yəni doğma dil. Ana sözünü biz hər məhfumun qarşısında işlətmirik. Biz onu yalnız yüksək və müqəddəs məfhumlarla birləşdiririk: ana torpaq, ana Vətən, ana dili deyirik. Ona görə də ana dilini hər zaman qorumalı və yüksəkdə tutmalıyıq.
– Azərbaycanda xarici dilə marağın artması milli dil və kimlik baxımından hansı müsbət və ya mənfi təsirlər yarada bilər?
– Fikrimcə, xarici dillərə marağın artması ana dilinə marağın zəifləməsi deməkdir. Xarici dil deyəndə çağdaş dövrdə ancaq nəzərimizdə ingilis dili canlanır. Biz dövlət olaraq xarici dili bilməyin əleyhinə deyilik, insan bir və ya bir neçə dil bilə bilər. Azərbaycan tarixində elə şəxsiyyətlər olmuşdur ki, qədim zamanlarda belə bir neçə dil bilmişdilər. Lakin bu o demək deyil ki, həmin dilləri bilən insan ana dilini zəif bilmişdi. Əvvəlcə ana dilini mükəmməl bilməli, sonra başqa dillər öyrənməliyik. Bizim söz sənətkarlarımız ana dili və xarici dilin müqayisəsi məsələsində ana dilinə yüksək qiymət veriblər. Şair Tofiq Bayram ana dilini bilməyənləri əslinə xəyanət edən kimi dəyərləndirirdi və mən də bu fikirlə tam razıyam. Ana dilimiz bizim şərəfimizdir. Şah İsmayıl Xətai deyirdi ki, babalardan bizə üç şey miras qalıb: torpağımız, qeyrətimiz, dilimiz və bunun üçü də insan üçün eyni dərəcədə vacib məqamdır. Ona görə də hər bir insan, ilk növbədə, öz ana dilini dərindən və düzgün şəkildə mənimsəməli, onun zənginliyini, incəliklərini öyrənməli, daha sonra digər dillərə yönəlməlidir.
Suallarımızı ətraflı cavablandırdığınız üçün sağ olun!
Günay HACIYEVA
Digər xəbərlər