NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Yaz aylarında yağıntıların artması nəticəsində çayların su sərfində ciddi artım qeydə alınıb

...

Biz çox vaxt səhər evdən çıxanda, sadəcə, başımızı qaldırıb göy üzünə baxırıq. Yağış yağacaqmı, külək əsəcəkmi deyə düşünür, çox halda isə telefonumuzun ekranındakı bir neçə rəqəmə güvənib günümüzü planlaşdırırıq. Bəs o rəqəmlərin arxasında hansı böyük əməyin, saniyələrlə ölçülən dəqiqliyin dayandığını bilirikmi?

Yolumuzu Naxçıvanın iqlim xəritəsini saniyə-saniyə nəzarətdə saxlayan, təbiətin dilini insanlara tərcümə edən bir məkandan – Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Hidrometeorologiya Mərkəzindən saldıq. Məqsədimiz bölgəmizdə atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələr və prosesləri öyrənən, təhlil edən və Naxçıvanın gah qızmar isti, gah da qılınc kimi kəsən soyuq kontinental iqliminin nəbzini tutan insanlarla həmsöhbət olmaq idi. Mərkəzin direktoru Toğrul Həsənzadə ilə peşənin sirləri və iş şəraiti barədə danışdıq.

Direktor bildirir ki, Hidrometeorologiya mərkəzində iş rejimi fasiləsizdir və əsasən, 24 saatlıq müşahidə və nəzarət sistemi ilə təşkil olunur. Burada həyat bir saniyə də olsun dayanmır; iş növbəli qrafik əsasında aparılır və əməkdaşlar gecə-gündüz bir-birini əvəz edərək çalışırlar.

Bəs gündəlik hava proqnozları necə ərsəyə gəlir? Öyrənirik ki, hər gün pəncərədən baxıb gördüyümüz havanın arxasında böyük bir elmi zəncir dayanır. Proqnozlar meteoroloji stansiyalar, radarlar və müasir müşahidə cihazlarından toplanan məlumatlar əsasında hazırlanır. Toplanan bu materiallar xüsusi kompüter proqramları və sinoptik analiz üsulları ilə emal olunur. Atmosfer xəritələrindəki ən kiçik dəyişikliklər belə incəliklə təhlil edilərək muxtar respublika sakinləri üçün qısa və dəqiq hava proqnozu tərtib olunur.

Söhbətimiz zamanı son illərin ən qlobal mövzularından olan iqlim dəyişikliyinin regional təsirlərinə də toxunuruq. Toğrul Həsənzadə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasında son illərdə müşahidə olunan iqlim dəyişiklikləri hidroloji proseslərə və yağıntı rejiminə müəyyən təsir göstərmişdir:

 – “Atmosfer yağıntılarında qeydə alınan artım, xüsusilə dağlıq ərazilərə yağan qar çayların qidalanmasını nəzərəçarpan dərəcədə gücləndirmişdir. Bu proses, eyni zamanda Araz çayı hövzəsində su səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Xüsusən yaz aylarında yağıntıların artması, eləcə də dağlardakı qar örtüyünün əriməsi nəticəsində çayların su sərfində ciddi artım qeydə alındığı müşahidə olunur”.

Naxçıvanda sinoptik olmaq həm də kəskin təbiət sürprizlərinə hazır olmaq deməkdir. Çünki bölgəmizdəki kəskin kontinental iqlim və mürəkkəb dağlıq relyef hava şəraitinin çox tez və lokal (məhdud ərazidə) dəyişməsinə səbəb olur. Bu amil isə proqnozlaşdırma prosesini xeyli çətinləşdirir. Ani temperatur fərqləri, küləklərin gözlənilmədən istiqamətini dəyişməsi yerli iqlimə birbaşa təsir edir. Məhz bu çətinliyə görə idarənin hazırladığı proqnozlar daim yenilənən canlı müşahidələrə və ən son elmi modellərə əsaslanır.

Mərkəzdən ayrılarkən göy üzünə və ətrafıma bir az fərqli baxıram. Artıq mənim üçün bu mərkəz, sadəcə, havanın temperaturunu ölçən bir yer deyil, Naxçıvanın ekoloji təhlükəsizliyinin, torpağının və suyunun gələcəyini sənədləşdirən mühüm bir qaladır. Çünki sağlam ətraf mühit təbiəti vaxtında eşitməkdən və anlamaqdan başlayır.

Səmayə RƏSULOVA

Nəşr edilib : 31.05.2026 18:30