NAXÇIVAN :

11 May 2025, Bazar

Yazıçı Aqşin Yenisey: "Kitab sərgiləri xalqın aydınlanmasına verilən töhfədir"

...

"Təkcə Naxçıvanda yox, Azərbaycanın digər  bölgələrində də  kitab sərgilərinin keçirilməsinin buradakı və bölgələrdə yaşayan oxucu kütləsi üçün böyük əhəmiyyəti var. Çünki yeni nəşr olunan kitablardan xəbərdar olurlar". 
Bu sözləri "Şərq qapısı"na müsahibəsində yazıçı Aqşin Yenisey söyləyib.
O deyib ki, bölgələrdə yaşayan oxucuların çoxunun paytaxtda olan kitab mağazalarına müəyyən səbəblərdən əli çatmır. Amma bu cür sərgilərdə kitabların onlara əlçatan olması, dünyada baş verən hadisələri istər bədii, istər elmi-kütləvi baxımdan öyrənmələrinə șərait yaradır. Məsələn: XX əsrin əvvəlində İngilislərin bir sözü var idi. Onlar deyirdi "Bilgi gücdür". Biz bu gün yenidən bilginin güc olduğu dəyərlə yaşayırıq. İnsanlar nə qədər bilgili olsalar, başlarına gələn və dünyada baş verən hadisələri yaxşı şərh edə, oradan daha yaxşı nəticələr çıxara biləcəklər. Bunun üçün də çoxlu mütaliə etmək, fikir mübadiləsi etmək lazımdır. 
"Bu sərgilərin əhəmiyyəti yerli əhalini, yaxud da digər bölgələrdəki yaşayan əhalinin dünyanın fikir mühitindəki iştirakına imkan yaradır. Bu baxımdan, mən düşünürəm ki, kitab sərgiləri tez-tez təşkil olunmalıdır. Hətta bu cür kitab sərgiləri təkcə Naxçıvan şəhərində yox, rayonlarında da ən azından mobil şəkildə səyyari sərgilər kimi təşkil olunsa, ümumi xalqın aydınlanmasına böyük töhvə vermiş olar" , – deyə  Aqşin Yenisey əlavə edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.05.2025 15:49